Tramp Cənubi Koreyanın İran müharibəsinə qoşulmamasından sonra birgə hərbi təlimləri azaldacağını bildirib
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibətlərini əsas gətirərək Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasını əhəmiyyətli dərəcədə azaldacaqlarını açıqlayıb.
Avropa.info xəbər verir ki, “Truth Social” sosial media platformasındakı paylaşımında Tramp Cənubi Koreyanın son vaxtlar İranın nüvəsizləşdirilməsi prosesində ABŞ-a qoşulmaqdan imtina etdiyinə diqqət çəkib.
Təlimlərin kifayət qədər baha başa gəldiyini və bu xərclərin böyük hissəsinin ABŞ tərəfindən qarşılandığını bildirən Tramp, bu vəziyyətin tamamilə yersiz və düşmən siqnalı verdiyini bildirib.
ABŞ və Cənubi Koreyanın illik ortaq hərbi təlimlərinə başlamazdan qısa müddət əvvəl bu açıqlamanı verən Tramp, ləğv etmək üçün çox gec olduğunu və təlimin əhatə dairəsinin azaldılması əmrini verdiyini bildirib.
Tramp açıqlamasında Cənubi Koreya prezidentinə İranın nüvəsizləşdirilməsində ABŞ-a qoşulmaq istəyib-istəmədiklərini soruşduğunu, lakin o, “Xeyr, təşəkkür edirəm” cavabını aldığını bildirib.
Seul administrasiyası ABŞ-la planlaşdırılan təlimlərin müəyyən edilmiş qrafikə uyğun aparılacağını açıqlayıb. Məsələ ilə bağlı Pxenyan administrasiyasından hələlik heç bir açıqlama verilməyib.
Ekspertlər xəbərdarlıq edir
Ekspertlər hesab edir ki, birgə hərbi təlimlərin daralması yüksək xərclərə səbəb ola bilər və gözlənilən diplomatik faydaları verməyə bilər.
Seuldakı Ewha Universitetinin professoru Leif-Eric Easley vurğuladı ki, ABŞ-Cənubi Koreya birləşmiş müdafiə təlimləri hərbi qüvvələrin hazırlığı üçün həyati əhəmiyyət kəsb edir. Easley qeyd edib ki, təlimlərin miqyasının azaldılması alyansın koordinasiyasına zərər verə bilər, Cənubi Koreyanın öz müdafiəsi üçün məsuliyyəti öz üzərinə götürmək qabiliyyətini ləngidə bilər və mümkün münaqişələrə qarşı çəkindirmə qabiliyyətini zəiflədə bilər.





























