Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüş Cənubi Qafqazda, eləcə də region dövlətləri üçün mühüm iqtisadi, siyasi və ticari münasibətlərin təməlini qoyaraq, regional təhlükəsizliyə böyük töhfə verib. Əldə olunan tarixi razılaşmadan sonra regionun siyasi mənzərəsində ilk növbədə davamlı sülh və sabitlik bərqərar oldu ki, bu da şübhəsiz ki, Azərbaycanın müəyyənləşdirdiyi təməl prinsiplər əsasında baş tutdu.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Vaşinqton prosesini, regional kommunikasiyaların açılmasını və Cənubi Qafqazdakı yeni geosiyasi reallıqları şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Tural İrfan deyib.
“Silahlı Qarşıdurma Geridə Qaldı, Yeni İqtisadi Üfqlər Açıldı”
Ekspert razılaşmanın hərbi-siyasi nəticələrini yüksək dəyərləndirib:
“Artıq hər iki ölkə arasında uzun illər davam edən silahlı qarşıdurma və savaş mühiti tamamilə aradan qalxdı. Bunun əvəzində iqtisadi, siyasi, diplomatik, ticari və kommunikasiya sahələrində tamamilə yeni fürsətlər və üfqlər meydana çıxdı. Eyni zamanda, Zəngəzur dəhlizi kimi yalnız regional deyil, beynəlxalq əhəmiyyət daşıyan, ümumi inkişafa xidmət edən layihələrin həlli üçün möhkəm təməl qoyuldu”.
“ABŞ-ın Dəstəyi Kənar Müdaxilələrin Qarşısını Aldı”
MCP rəsmisi Vaşinqton görüşünün regionda kənar təsirlərin neytrallaşmasındakı roluna xüsusi diqqət çəkib:
“Gedən proseslər Cənubi Qafqazda Rusiyanın kənar təsir imkanlarının neytrallaşmasını labüdləşdirdi və Azərbaycanın regional liderlik mövqeyini bir daha möhkəmləndirdi. Vaşinqton prosesi Bakı və İrəvan arasında sülhü möhkəmləndirməklə yanaşı, nəqliyyat və kommunikasiya xətlərinin açılmasına da zəmin yaratdı. Birləşmiş Ştatların bu prosesə verdiyi birbaşa dəstək və fəal iştirakı kənar müdaxilələrin, regiondan kənar təzyiqlərin önünün alınmasında olduqca təsirli mexanizmə çevrildi”.






























