Aprelin 21-də Bakı C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən Mədəniyyət Nazirliyinin qrant layihəsi çərçivəsində “Dilimizin milli kimliyimizdə rolu: Azərbaycan dilinin mədəniyyət missiyası” mövzusunda konfrans keçirilib.
Tədbiri açan birliyin sədri və layihə rəhbəri Xanoğlan Əhmədov layihənin Bakı və Sumqayıtda həyata keçirildiyini, əsas məqsədin isə dilimizin cəmiyyətdə mövqeyini gücləndirmək olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan dili milli yaddaşı və dəyərləri yaşadan başlıca vasitədir, lakin sosial media və reklam sahəsindəki yad təsirlər onun saflığına mənfi təsir göstərir.
Layihə rəhbərinin sözlərinə görə, Azərbaycan dili xalqın mədəniyyətini və düşüncə tərzini yaşadan başlıca ünsiyyət vasitəsidir. Lakin sosial media və reklam mühitindəki yad təsirlər dilin saflığına mənfi təsir göstərir. Ona görə də, doğma dilimizin qorunmasına yönələn hər bir addım yüksək qiymətləndirilməlidir. Çünki dil sadəcə ünsiyyət vasitəsi deyil, xalqın mənəvi dünyasını yaşadan əsas dayaqlardan biridir. Millətin tarixi, mədəniyyəti, düşüncə tərzi və dünyagörüşü məhz dil vasitəsilə nəsildən-nəslə ötürülür.
“Bu gün dilimizdə mövcud olan problemlərin müzakirəsi zəruridir və bundan çəkinmək olmaz. Xüsusilə müasir informasiya mühitində ana dilinin qorunması daha böyük əhəmiyyət kəsb edir. Televiziya, radio, mətbuat və sosial platformalar gündəlik dil istifadəsinə birbaşa təsir göstərir və bu sahələrdə norma pozuntularının artması ciddi narahatlıq doğurur. Mövcud problemləri yalnız fərdi səhlənkarlıqla izah etmək doğru deyil. Dilə diqqətli və məsuliyyətli münasibət həm müvafiq qurumların, həm ziyalıların, həm də hər bir vətəndaşın ortaq vəzifəsidir”-deyə layihə rəhbəri bildirib.
AzTU-nun Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev konfransda mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. O, çıxışında vurğulayıb ki, dil hər bir xalqın varlığını, kimliyini və mənəvi dünyasını müəyyən edən ən mühüm amillərdən biridir. Əgər vətənin fiziki mövcudluğu onun torpağı və ərazisi ilə ölçülürsə, onun mənəvi-intellektual varlığı ana dilində yaşayır və inkişaf edir. İnsan dünyanı məhz dil vasitəsilə dərk edir, ətraf aləmi, ictimai prosesləri, mədəni dəyərləri dil vasitəsilə mənimsəyir. Bu baxımdan dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də düşüncə tərzinin, milli ruhun və tarixi yaddaşın daşıyıcısıdır. Alman alimi Fridrix Humboldtun dediyi kimi, “Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir”.

Dilçi alimin sözlərinə görə, Azərbaycan xalqının tarixində də dil məsələsi həmişə xüsusi əhəmiyyət kəsb etmişdir. Ziyalılarımız, maarifçilərimiz, ədiblərimiz ana dilinin qorunması və inkişafı uğrunda daim mübarizə aparmış, bu istiqamətdə böyük xidmətlər göstərmişlər. Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Nəriman Nərimanov kimi görkəmli şəxsiyyətlərin yaradıcılığına nəzər salsaq, onların dil məsələsinə necə həssas yanaşdıqlarını açıq şəkildə görərik. Onlar dilin millətin formalaşmasında, onun şüurunun oyanışında mühüm rol oynadığını dərindən dərk edir və bunu öz fəaliyyətlərində əks etdirirdilər: “Sovet dövründə isə dil uğrunda mübarizə daha mürəkkəb və dolayı yollarla aparılırdı. Açıq şəkildə milli kimlik məsələlərinin qabardılması mümkün olmasa da, ziyalılarımız bu ideyaları bədii və publisistik vasitələrlə yaşatmağa nail olurdular. Səməd Vurğun, Süleyman Rüstəm, Mirzə İbrahimov kimi görkəmli şəxsiyyətlər xalqın dilinə, mədəniyyətinə bağlılığı qoruyub saxlayaraq gələcək nəsillərə ötürməkdə mühüm rol oynadılar.
1969-cu ildən sonra Azərbaycan dilinin inkişafında yeni mərhələ başlandı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dil məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. O, hələ sovet dövründə milli şüurun formalaşmasına xüsusi diqqət yetirir, dilin qorunması və inkişafı üçün məqsədyönlü addımlar atırdı. Xüsusilə Bakı Dövlət Universitetinin yubileyində Azərbaycan dilində çıxış etməsi həmin dövr üçün böyük cəsarət nümunəsi idi və milli özünüdərk prosesinə ciddi təsir göstərdi.
1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi isə bu siyasətin mühüm nəticəsi oldu. Bu addım dilimizin hüquqi statusunu möhkəmləndirdi və onun cəmiyyət həyatında rolunu daha da artırdı. Ulu Öndər dəfələrlə vurğulayırdı ki, xalqı xalq edən, milləti millət edən onun ana dilidir və bu dilin qorunması hər birimizin borcudur”.
Dosent Həbib Mirzəyev qeyd edib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinə dövlət qayğısı daha da artdı. Dilin öyrənilməsi, tətbiqi, elmi şəkildə araşdırılması istiqamətində geniş tədbirlər həyata keçirildi. “Dövlət dili haqqında” qanunun qəbul edilməsi, Azərbaycan əlifbası və dili gününün təsis olunması bu sahədə atılan mühüm addımlardandır. Bu qərarlar dilimizin yalnız qorunmasına deyil, həm də müasir dövrün tələblərinə uyğun inkişafına xidmət edir.
Qloballaşma şəraitində isə dil məsələsi daha da актуallaşır. Müasir informasiya texnologiyalarının sürətli inkişafı, xarici dillərin təsirinin artması ana dilimizin saflığının qorunmasını daha mürəkkəb bir prosesə çevirir. Bu gün biz televiziya və radio yayımlarında, internet resurslarında, sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması, yad sözlərin həddindən artıq işlədilməsi kimi hallarla tez-tez qarşılaşırıq. Bu isə dilimizin zənginliyinə və saflığına müəyyən təhlükələr yaradır.
Bu baxımdan dövlət tərəfindən həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin təsdiqlədiyi dövlət proqramları dilin qorunması, inkişafı və müasir texnologiyalara inteqrasiyası baxımından mühüm rol oynayır. Elektron resursların yaradılması, terminoloji bazanın zənginləşdirilməsi, dilin internet mühitində daha geniş istifadəsi bu istiqamətdə atılan vacib addımlardandır.
Lakin unutmamalıyıq ki, dilin qorunması təkcə dövlətin deyil, hər bir vətəndaşın məsuliyyətidir. Hər birimiz gündəlik ünsiyyətimizdə, yazılarımızda, çıxışlarımızda ədəbi dil normalarına riayət etməli, ana dilimizin zəngin imkanlarından düzgün istifadə etməliyik. Dilə biganə münasibət milli kimliyə biganə münasibət deməkdir.
Azərbaycan dili bizim milli sərvətimizdir. Bu dil əsrlər boyu formalaşmış, zənginləşmiş və bu günümüzə gəlib çatmışdır. Onun qorunması və gələcək nəsillərə ötürülməsi bizim üzərimizə düşən ən mühüm vəzifələrdən biridir. Ana dilimizi sevmək, onu yaşatmaq və inkişaf etdirmək hər birimizin mənəvi borcudur.
Filoloq, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli çıxışında Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın yaddaşı, ruhu və dünyagörüşünün daşıyıcısı olduğunu deyib. Onun sözlərinə görə, bu dil əsrlər boyu formalaşaraq milli kimliyimizin əsas sütunlarından birinə çevrilib, mədəniyyətimizin müxtəlif sahələrində özünəməxsus ifadə imkanları ilə seçilib. Dilin mədəniyyət missiyası onun yalnız danışıq və yazı vasitəsi olmaqdan kənara çıxaraq, xalqın düşüncə tərzini, mənəvi dəyərlərini və estetik zövqünü yaşatmasında özünü göstərir.

Şifahi xalq yaradıcılığı Azərbaycan dilinin zənginliyini və poetik gücünü ən aydın şəkildə əks etdirən sahələrdəndir. Nağıllar, dastanlar, bayatılar, atalar sözləri və tapmacalar dilimizin incəliklərini, obrazlı ifadə imkanlarını və melodikliyini qoruyub saxlayıb. Xalqın gündəlik həyatından süzülərək gələn bu nümunələrdə dil sadəcə fikir ötürmək vasitəsi deyil, həm də duyğuların, arzuların və hikmətin ifadəsidir. Hər bir bayatıda qısa, lakin dərin məna daşıyan sözlər, hər bir atalar sözündə isə əsrlərin təcrübəsi dilimizin gücünü nümayiş etdirir.
Klassik ədəbiyyatımızda ana dilimizin rolu xüsusilə böyükdür. Şair və mütəfəkkirlərimiz Azərbaycan dilini yalnız istifadə etməklə kifayətlənməyib, onu zənginləşdirib, poetik imkanlarını genişləndiriblər. Ana dilində yazmaq milli özünüdərkin mühüm addımı kimi çıxış edib. Klassik ədiblərimiz dil vasitəsilə həm bəşəri ideyaları ifadə edib, həm də xalqın milli ruhunu qoruyublar. Bu baxımdan, Azərbaycan dili ədəbiyyatın inkişafında aparıcı qüvvə olub, söz sənətinin incəliklərini nəsildən-nəslə ötürüb: ““Kitabi-Dədə Qorqud” dastanı isə dilimizin qədim qatlarını, poetik və fəlsəfi zənginliyini özündə cəmləyən nadir abidələrdəndir. Bu dastanda Tanrıya müraciət forması kimi “Ulu Tanrım ucalardan ucasan, Kimsə bilməz necəsən” ifadəsinin yer alması diqqətəlayiqdir. Bu ifadə Qurani-Kərimin “İxlas” surəsinin ilk ayəsinin Azərbaycan dilində bədii və mənəvi uyğunluqla təqdim edilməsi kimi dəyərləndirilə bilər. Bu nümunə göstərir ki, dilimiz yalnız gündəlik həyatın deyil, həm də dini və fəlsəfi düşüncənin ifadəsində yüksək səviyyədə istifadə olunub.
Azərbaycan mədəniyyətində xalçaçılıq sənəti də dilin mədəni missiyası ilə bağlı maraqlı paralellər yaradır. Xalça naxışlarında mövcud olan 114 çeşninin Qurani-Kərimin 114 surəsindən ilhamlanması haqqında fikirlər xalqın estetik təfəkkürü ilə mənəvi dünyası arasındakı əlaqəni göstərir. Bu əlaqə bir daha sübut edir ki, Azərbaycan mədəniyyəti müxtəlif sahələrdə vahid mənəvi sistem kimi formalaşıb və dil bu sistemin əsas daşıyıcılarından biridir”.
Onun fikrincə, əski Azərbaycan əlifbası əsasında inkişaf etmiş xətt sənəti də dilimizin estetik ifadə imkanlarını genişləndirib. Ərəb qrafikalı əlifbaya gətirilən müxtəlif xətt növlərinin Azərbaycan dilində adlandırılması milli düşüncənin yazı mədəniyyətinə təsirini göstərir. Bu, yalnız texniki dəyişiklik deyil, həm də dilin özünü ifadə etmə formasının zənginləşməsi idi. Xəttatlıq sənətində hər bir xətt növü yalnız yazı forması deyil, həm də estetik dəyər və mənəvi məna daşıyıcısı olub.
“Bütün bu nümunələr göstərir ki, Azərbaycan dili xalqımızın mədəni həyatında mərkəzi yer tutur. O, şifahi və yazılı ədəbiyyatda, incəsənətdə, dini düşüncədə və gündəlik həyatda özünü müxtəlif formalarda ifadə edərək milli kimliyimizin qorunmasına xidmət edir. Dilimizin mədəniyyət missiyası onun keçmişi yaşatmaqla yanaşı, gələcəyə də işıq tutmasında özünü göstərir”-R.Mirhəşimli qeyd edib.
Dövlət İmtahan Mərkəzinin əməkdaşı, filoloq Pərvanə xanım Qədirsoy:
Bugünkü mövzu öz aktuallığını heç vaxt itirməyəcək bir mövzudur. Dilimizin saflığının qorunması məsələsi, düşünürəm ki, lap körpəlikdən, evimizdən başlanır. Hələ məktəbə getməzdən əvvəl anamın dilindəki şirinlik, doğmalıq və sadəlik imkan verdi ki, məktəbə gedəndən sonra Azərbaycan dili müəllimim böyük mütəfəkkirlərin – F.Köçərlinin, H.Zərdabinin, K.D.Uşinskinin və digərlərinin dil haqqında söylədikləri fikirləri deyərkən onların məğzini, mahiyyətini anlayım, “Kitabi-Dədə Qorqud” bir yana, bütün türk ədəbiyyatı bir yana” deyimindəki böyüklüyü dərk edim.

O fikirlərdən heç yadımdan çıxmayan ikisini qeyd etmək istəyirəm: “Ana südü bədənin mayası olduğu kimi, ana dili də ruhun qidasıdır” deyirdi F.Köçərli.
K.D.Uşinski isə deyirdi ki, bir milləti məhv etmək üçün onun dilini əlindən almaq kifayətdir. Bilirik ki, dil ictimai hadisədir, deməli, eyni zamanda dil həm də kollektiv yaddaşdır, yalnız ünsiyyət vasitəsi deyil, keçmişi bu günə çatdıran arxivdir, bu günü gələcəyə aparan dəyərdir, varlıqdır. Belə olmasaydı, “Kitabi-Dədə Qorqud” əsrlərin yaddaşından süzülərək bu günə çata bilməzdi.
Hər bir xalqın dili onun bir xalq olaraq dünyaya baxışını formalaşdıran, bir millətin var oluşunu göstərən əsas amildir. Dövrümüz kompüter, ağıllı texnologiyalar əsri, qloballaşma dövrüdür. Həftədə bir dilin sıradan çıxdığı, “ölü dillər” sırasına qoşulduğu bir dövrdə dilimizi, onun saflığını qorumağın labüdlüyü milli kimliyimizin qarantıdır. Çünki bir dilin var olması, bir xalqın əbədi yaşaması deməkdir. Çünki bir dili qorumaq sadəcə sözləri, qrammatik strukturu və s.-ni yox, milli kimliyimizi, nəsillərdən nəsillərə ərmağan edilən ikiminillik mədəniyyəti, milli düşüncənin təfəkkür və təşəkkül kodlarını və fərd olaraq özümüzü qorumaq deməkdir.
Hər kəsə məlumdur ki, əlifbamız tarix boyu bir neçə dəfə dəyişikliyə məruz qalmışdır, ardıcıl olaraq: uzun bir dövr – VII əsrdən 1929-cu ilədək ərəb əlifbasından istifadə olunmuşdur. 1929-1939-cu illər latın, 1940-1991-ci illər kiril, 1991-ci ildən isə yenidən latın qrafikası. Bu dəyişikliklər dilimizə istər fonetik, istərsə də qrammatik cəhətdən xələl gətirə bilməmiş, dil öz nüvəsini qoruyub saxlaya bilmişdir.
Lakin bu gün rusun əsarətindən qurtarsaq da, dilinin əsarətindən tam qurtara bilməmişik. Bu azmış kimi, ingilis dili də ana dilimizin önünə keçməyə başlayıb. “İkinci bir dilə sahib olmaq, ikinci bir ruha sahib olmaqdır” fikrini unutmadan dil bilməyin böyük üstünlük olduğunu qeyd edim. Lakin bu üstünlük ana dilindən üstün olmamalıdır.
Şəhərimizin küçələrində obyektlərə verilən adlar bunu deməyə əsas verir. Kiçik bir ərazidə gördüyüm bir neçə məkan adlarını sizin diqqətinizə çatdırıram: “Extra brend”, “Brend hause”, “Ucuz store”, “Coco kids”, “World parfum”, “White palace”. “Zəngəzur” şadlıq evi vardı, 44 günlük Vətən müharibəsindən sonra dəyişib etdilər “Rose palace”, onu da dəyişib ediblər “Leon palace”.
Farsın “xana”sını milliləşdirməyə çalışıb “ev” ediblər, lakin ortaya norma pozuntusu çıxıb. Bəlkə də, “çay evi”, “kitab evi” kimi ifadələr normaldır, lakin “oboy evi”, “dönər evi”, “təndir evi”, “kabab evi” kimi ifadələri doğru hesab etmirəm.
Digər bir problem kütləvi informasiya vasitələri ilə bağlıdır. Kütləvi informasiya vasitələri problemin həllində əsas rol oynayacağı halda, özləri bu problemləri yaradan amillər sırasındadır bu gün. Bu vasitələrdən biri olan televiziya dil normalarının ən çox pozulduğu yerdir, televiziyalarda fonetik, qrammatik, leksik, bir sözlə, hər cür norma pozuntusuna rast gəlmək olur.
Biz siyasi və coğrafi cəhətdən sərhədləri aşa bilmərik, yəni sərhədlər coğrafi olaraq müəyyən edilir, bilirik. Lakin dil elə bir faktordur ki, onunla bütün coğrafi sərhədləri aşmaq, bütün dünyanı dolaşmaq olar. Bu mənada dilimiz dünyadakı təkcə 50 milyonluq Azərbaycan türkünü deyil, 300 milyonluq türk dünyasını bir-birinə bağlaya bilən bir dildir.
Gəlin, hər birimiz həm mədəniyyət, həm də mənəviyyat missiyası daşıyan, milli kimliyimizdə mühüm rol oynayan Azərbaycan dilimizin saflığını qoruyaq.
Layihənin eksperti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qədim Qubadov çıxışında dilin yenilənmə mexanizmlərindən və söz yaradıcılığı prosesindən bəhs edib.

O qeyd edib ki, hər bir dil kimi Azərbaycan dili də dəyişən həyatla ayaqlaşır və yeni sözlərin meydana çıxması qaçılmazdır. Elmi-texnoloji tərəqqi, ictimai dəyişikliklər yeni anlayışlar yaradır və bu anlayışları ifadə etmək üçün dil ya başqa dillərdən sözlər götürür, ya da öz daxili imkanları hesabına yeni ifadələr formalaşdırır.
Q.Qubadovun sözlərinə görə, bu prosesi süni şəkildə tənzimləmək və ya inzibati müdaxilələrlə yönləndirmək düzgün yanaşma deyil. Dil öz daxili qanunları ilə yaşayan canlı sistemdir və kənardan zorakı təsirlər onun təbii inkişafına zərər verə bilər.
Ekspert vurğulayıb ki, yalnız cəmiyyətin həqiqi ehtiyacından doğan sözlər geniş yayılır və dilin aktiv fonduna daxil olur. Əks halda, dilin quruluşuna uyğun gəlməyən və ya zərurət kəsb etməyən sözlər zamanla sıradan çıxır.
Onun fikrincə, yeni sözlərin qəbulunda əsas ölçü məhz zərurət olmalıdır. Dilə uyğun, işlək və ünsiyyət üçün vacib olan sözlər yaşamalı, digərləri isə təbii seçim nəticəsində unudulmalıdır. Bu yanaşma həm dilin zənginliyini artırır, həm də onun təbii inkişaf tarazlığını qoruyur.




































