03 - 12 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Bir əsrin izi ilə: AMEA Mərkəzi Elmi Kitabxana – 100

Dekabr 3, 2025
Cəmiyyət
A A


Oruc Quliyev,
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru 

Azərbaycanda kitabxana mədəniyyətinin tarixi cəmiyyətin mədəni və elmi inkişafı ilə paralel şəkildə formalaşmışdır. Kitabxana mədəniyyətinin təşəkkülündə əsasən yazı mədəniyyətinin yayılması, əlyazmaların toplanması və qorunması, maarifçilik hərəkatı və ictimai kitabxana ənənələrinin meydana gəlməsi mühüm rol oynamışdır. Müasir dövrdə isə kitabxanaların modernləşdirilməsi, elektron resursların yaradılması, informasiya texnologiyalarının tətbiqi və beynəlxalq şəbəkələrə inteqrasiya kitabxana mədəniyyətini yeni mərhələyə yüksəltmişdir. Ümumilikdə demək olar ki, Azərbaycanda kitabxana mədəniyyəti qədim əlyazma irsindən başlayaraq müasir rəqəmsal kitabxana modelinə qədər ardıcıl təkamül yolu keçmişdir.

Azərbaycanda kitabxana işinin inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur. Xüsusilə ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində kitabxanaların rolu xüsusi əhəmiyyət kəsb etmişdir. Onun dövlətçilik konsepsiyasında kitabxanalar yalnız mədəniyyət müəssisəsi deyil, həm də maarifçilik, elmi informasiya və milli irsin qorunması mərkəzi kimi qiymətləndirilmişdir. 1970–1980-ci illərdə respublikanın sosial-iqtisadi və mədəni inkişafına dair qəbul olunmuş dövlət proqramlarında kitabxana şəbəkəsinin genişləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi əsas vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. Həmin dövrdə müxtəlif kitabxana fondlarının zənginləşdirilməsi, region kitabxanalarının yaradılması və onların oxucular üçün daha əlçatan olması istiqamətində mühüm addımlar atılmışdır. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra kitabxana işi yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyasında hər kəsin məlumat əldə etmək hüququ təsbit olunaraq, kitabxana xidmətlərinin inkişafı üçün hüquqi baza yaradılmışdır. 1995-ci il sentyabr ayının 29-da isə ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında 1995-1998-ci illər dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının təsdiq edilməsi haqqında” fərman imzalandı. Bu fərmanın birinci bölməsində özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlərin siyahısı verilirdi. Bu siyahıya kitabxanaların daxil edilməsi onları özəlləşdirilmək və binalarının əllərindən alınması bəlasından xilas etdi. Ölkədə kitabxanaların qorunub saxlanması uğrunda mübarizə başlandı. Qeyd edilənlərdən əlavə, Heydər Əliyevin təşəbbüsü ilə milli-mənəvi irsin qorunmasına xidmət edən layihələr həyata keçirilmiş, dünya və Azərbaycan ədəbiyyatının geniş oxucu kütləsinə çatdırılması istiqamətində dövlət dəstəyi təmin olunmuşdur. Xüsusilə, “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının 1998-ci ildə qəbul edilmiş Qanunu bu sahədə sistemli dövlət siyasətinin əsasını qoymuşdur.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə yanaşı, kitabxana işinin modernləşdirilməsi istiqamətində də ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Onun rəhbərliyi dövründə kitabxana sahəsində həyata keçirilən dövlət siyasəti müasir informasiya texnologiyalarının tətbiqi, rəqəmsallaşdırma, beynəlxalq inteqrasiya və regional inkişaf kimi mühüm istiqamətlərlə xarakterizə olunur. İlham Əliyevin son dövrlərdə kitab və kitabxana işinə dair imzaladığı böyük strateji əhəmiyyət kəsb edən sərəncamları və Dövlət Proqramları: “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair proqramı” və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” dediklərimizə parlaq sübutdur. Xüsusilə, 6 oktyabr 2008-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” kitabxana sistemində köklü islahatların hüquqi bazasını formalaşdırmışdır. Bu proqram çərçivəsində müasir kitabxana infrastrukturu yaradılmış, yeni kitabxanalar tikilmiş, mövcud kitabxanalar əsaslı şəkildə yenidən qurulmuşdur. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və digər aparıcı kitabxana müəssisələri müasir texnologiyalarla təmin edilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə rəqəmsallaşdırma prosesi sürətləndirilmiş, elektron kataloqlar və rəqəmsal kitabxana xidmətləri istifadəyə verilmişdir.

Bu gün Azərbaycanda kitabxanalar geniş və çoxşaxəli şəbəkə şəklində fəaliyyət göstərərək müxtəlif funksional kateqoriyalara bölünür. Onlar yalnız informasiya mənbəyi kimi deyil, həm də maarifçilik, təhsil və mədəni inkişafın aparıcı dayaqları qismində çıxış edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) ölkənin elmi ictimaiyyəti, xüsusilə alimlər və tədqiqatçılar üçün mühüm informasiya təminatı mərkəzidir. Bir əsrlik fəaliyyəti dövründə MEK keçmişlə gələcək arasında körpü rolunu oynayan nüfuzlu elm ocağına çevrilmişdir. 1925-ci ilin avqustun 19-unda “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin Mərkəzi Şurasının qərarı ilə Kitabxana-Biblioqrafiya Bürosu yaradılmışdır. Bu addımın məqsədi elmi materialların sistemli şəkildə toplanması, işlənməsi və biblioqrafik təsnifatının təmin edilməsi olmuşdur. Kitabxana fəaliyyətə başladığı zaman fondunda cəmi 432 nüsxə sənəd mövcud olsa da, bir il sonra bu göstərici əhəmiyyətli dərəcədə artaraq 20 min nüsxəni keçmişdir. Yeni quruma həmin dövrdə elmi və mədəni mühitin tanınmış nümayəndəsi Hənəfi Zeynallı rəhbərlik etmişdir. Mərkəzi Elmi Kitabxana 1929-cu ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin bazasında təşkil edilmiş Azərbaycan Elmi-Tədqiqat İnstitutunun, 1932-ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun əsasında yaradılan SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialı Azərbaycan şöbəsinin, 1935-ci ildən SSRİ Elmlər  Akademiyası Azərbaycan filialının kitabxanası olaraq tarixi bir yol keçmişdir. Daha sonra 1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması kitabxananın inkişaf tarixində yeni və strateji bir mərhələnin başlanğıcı olmuşdur. Bu dövrdən etibarən kitabxanaya keçmiş Sovetlər Birliyində nəşr edilən bütün ədəbiyyatın məcburi pullu nüsxələrini əldə etmək səlahiyyəti verilmiş və bununla da fondun məqsədyönlü şəkildə komplektləşdirilməsi üçün geniş imkanlar yaranmışdır. Həmçinin həmin ildə kitabxananın adı dəyişdirilərək Azərbaycan SSR Elmlər Akademiyasının Əsaslı Kitabxanası adlandırılmışdır. 1972-ci ildə Mərkəzləşmiş Kitabxana Sisteminə çevrilən kitabxana 1978-ci ildən respublika miqyasında təbiət və dəqiq elmlər üzrə əsas depozitar kitabsaxlayıcı kimi fəaliyyət göstərmişdir, 1984-cü ildən isə Mərkəzi Elmi Kitabxana (MEK) adı ilə fəaliyyətini davam etdirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin (Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2003-cü il tarixli fərmanı ilə təsdiq olunmuş) 5-ci maddəsinin 54-cü bəndinə əsasən 2003-cü ildə MEK rəsmi şəkildə elmi müəssisə statusu almışdır. Bu hüquqi status kitabxananın yalnız mədəniyyət müəssisəsi kimi deyil, həm də ölkə miqyasında fundamental elmi fəaliyyət göstərən təşkilat kimi mövqeyini möhkəmləndirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının, o cümlədən Mərkəzi Elmi Kitabxananın fəaliyyətinə göstərdiyi ardıcıl diqqət və dövlət qayğısı bu qurumun inkişafında mühüm əhəmiyyət kəsb etmişdir. Bu siyasətin praktiki təzahürü olaraq, 29 aprel 2011-ci il tarixində Prezident tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanası üçün müasir standartlara uyğun yeni binanın inşası barədə Sərəncam imzalanmış və beləliklə, elmi informasiya mühitinin yenilənməsi və infrastruktural imkanlarının genişləndirilməsi üçün yeni mərhələ açılmışdır. 2014-cü il mayın 5-də istifadəyə verilmiş MEK-in yeni binasının açılışında Azərbaycan Respublikasının Prezidentinin şəxsən iştirakı kitabxananın dövlət səviyyəsində strateji əhəmiyyətini bir daha təsdiqləmişdir.

Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi dövründə Mərkəzi Elmi Kitabxananın inkişafı strateji prioritetlərdən biri kimi diqqət mərkəzindədir. Onun təşəbbüsləri əsasında kitabxanada müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elmi informasiya mübadiləsinin genişləndirilməsi, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

1925-ci ildə Hənəfi Zeynallının rəhbərliyi ilə fəaliyyətə başlayan Mərkəzi Elmi Kitabxana bu gün artıq yüzillik zəngin inkişaf yolu keçmiş elmi-informasiya mərkəzi kimi tanınır. Həmçinin bu sahənin inkişafında görkəmli ədəbiyyatşünas-biblioqraf, professor Aleksandr Baqrinin də mühüm elmi və metodoloji töhfələri olmuşdur. Onun fəaliyyəti kitabxana-biblioqrafiya proseslərinin təkmilləşdirilməsi və elmi informasiya təminatının yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif dövrlərdə kitabxanaya Fərrux Şabanov, Sofiya Kaplan, Aleksandr Skalovski, Aleksey Klimov, Sadıq Yəhyazadə, Mariya Karpinskaya, Yunis Tahirov, Nazim Axundov, Rasim Kazımov, Məhbubə Həsənova, Tamara Sadıqova, Əmin Əfəndiyev, Aybəniz Kəngərli, Leyla İmanova, Sevil Zülfüqarova, Məmməd Əliyev rəhbərlik etmişlər. Onların hər biri fəaliyyət göstərdiyi dövrün tələblərinə uyğun şəkildə MEK-in strukturlaşdırılması, fondların zənginləşdirilməsi, elmi-biblioqrafik xidmətin təkmilləşdirilməsi, yeni texnoloji imkanların tətbiqi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm təşəbbüslər həyata keçirmişdir.

2024-cü il aprelin 2-də AMEA prezidentinin əmri ilə texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinə təyin edilmişdir. Onun rəhbərliyi dövründə kitabxananın fəaliyyəti müasir elmi-informasiya təminatının tələblərinə uyğunlaşdırılmış, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu dövrdə elektron xidmətlərin şaxələndirilməsi, zəngin elmi-informasiya resurs bazasının formalaşdırılması, istifadəçilərə göstərilən xidmətlərin keyfiyyət və çeşid baxımından genişləndirilməsi diqqətəlayiq nailiyyətlər kimi dəyərləndirilə bilər. Eyni zamanda, yeni rəhbərliyin fəaliyyəti nəticəsində kitabxananın maddi-texniki bazası yenilənmiş, təşkilati və iş prinsiplərində müsbət dəyişikliklər həyata keçirilmişdir. Bu dövrdə elektron kitabxananın yaradılması və onun inkişaf etdirilməsi, xidmət və istiqamət sahələrinin genişləndirilməsi Mərkəzi Elmi Kitabxananın ölkənin elmi-informasiya məkanında mövqeyini daha da gücləndirmiş, onun akademik ictimaiyyət üçün strateji əhəmiyyətini artırmışdır.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilati-struktur quruluşu kitabxananın müasir inkişaf strategiyasına uyğun şəkildə formalaşdırılmışdır. Hal-hazırda MEK-in strukturunda “Komplektləşdirmə”, “Kataloqlaşdırma”, “Kitabxana fondlarının təşkili, mühafizəsi və istifadəsi”, “Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş”, “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Biblioqrafiya”  “Oxuculara xidmət”, “Elektron resurslar”, “Elektron xidmətlər”, “Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi”, “Reproqrafiya”, “Beynəlxalq əlaqələr” və digər kitabxana xidmətləri üzrə ixtisaslaşmış şöbələr fəaliyyət göstərir. Bu şöbələrin hər biri kitabxananın funksional imkanlarını genişləndirir.

MEK hazırda respublikanın ən zəngin kitabxana fondlarından (1 milyon yarımdan çox) birini idarə edir. Fondun komplektləşdirilməsi məcburi nüsxə, nəşriyyat-poliqrafiya müəssisələrinin təqdim etdiyi ədəbiyyat, kitab ticarəti, beynəlxalq kitab mübadiləsi və şəxsi hədiyyələr hesabına həyata keçirilir. Kitabxanada “Nadir kitablar fondu”, “Azərbaycan dilində ədəbiyyat fondu”, “Dissertasiya və avtoreferatlar fondu”, “Mübadilə fondu”, “Xarici dillərdə ədəbiyyat fondu”, “Qarabağ müharibəsi qəhrəmanları fondu” mövcuddur ki, bu fondlar oxucuların müxtəlif elmi və mədəni informasiya tələbatlarını ödəmək, həmçinin milli-mənəvi irsin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Fondlar arasında ən mühüm mövqeyi “Nadir kitablar fondu” tutur. “Nadir kitablar fondu” xüsusi elmi və tarixi əhəmiyyət kəsb edən nəşrlərin qorunmasına xidmət edir. Burada qiymətli çap məhsulları mühafizə olunur. “Nadir kitablar fondu”na 22 ən qədim kitab daxildir ki, bu əsərlər latın dilində yazılmış və əsasən qədim Roma İmperiyasının tarixi, kilsə və dini mövzularını əhatə edir. Nəşrlər 1502–1572-ci illər arasında çap olunmuş, “Azərbaycan Respublikasının Kitab Abidələri” siyahısına daxil edilmişdir. Fonddakı kitablar arasında nəşr tarixi baxımından ən qədimi 1502-ci ilə aid olan “Müxtəlif səhifələrdən və müəllifin məcmuələrindən ibarət  heptologiya” (“Heptalogium ex diversis paginis atque auctorum officinis congestum”) əsəridir.

Mərkəzi Elmi Kitabxananın zəngin irsində xüsusi yer tutan fondlardan biri də “Qarabağ müharibəsi qəhrəmanları fondu”dur. Sözügedən fond ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təsis edilmişdir. Fondun fəaliyyətinin başlıca istiqaməti I və II Qarabağ müharibəsində, həmçinin Aprel və Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalmış igidlərin xatirəsini yaşatmaq, onların qəhrəmanlıq yolunu gələcək nəsillərə ötürməkdir. Bu məqsədlə fond əməkdaşları müharibə iştirakçılarının ailələri ilə mütəmadi əlaqə saxlayır, görüşlər keçirir və həmin qəhrəmanların həyatına, döyüş yoluna dair foto, video və yazılı materiallar toplayaraq arxivləşdirirlər. İndiyədək təqribən 2000 material toplanaraq sənədləşdirilib və bu iş ardıcıl şəkildə davam etdirilir.

Kitabxananın elmi-biblioqrafik fəaliyyəti də xüsusi diqqətə layiqdir. 1964-cü ildən etibarən hazırlanan “Azərbaycanın elm və mədəniyyət xadimləri” biblioqrafik seriyası kitabxananın milli elmi-mədəni irsin sistemli şəkildə sənədləşdirilməsində aparıcı rol oynayır. Bundan əlavə, müxtəlif tematik biblioqrafik göstəricilər hazırlanaraq elmi ictimaiyyətin istifadəsinə təqdim edilir ki, bu da kitabxananın milli-mədəni yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi missiyasını gücləndirir. Məsələn, “Nizami Gəncəvi” (2021); “Şuşa-270” (2022); “Görkəmli dövlət xadimi Heydər Əliyev” (2023); “Naxçıvan Muxtar Respublikası-100” (2024) biblioqrafik göstəriciləri və s..

Həmçinin burada elektron resursların idarə olunması və onlayn xidmətlərin təmin edilməsi istiqamətində də əsaslı fəaliyyət həyata keçirilməkdədir. Bununla yanaşı, fondların komplektləşdirilməsi, yeni ədəbiyyatın qəbulu və emalı, biblioqrafik göstəricilərin hazırlanması, oxu zallarında istifadəçilərə xidmətin təşkili və nadir nəşrlərin mühafizəsi ənənəvi fəaliyyət istiqamətləri kimi davam etdirilməkdədir.

AMEA Mərkəzi Elmi Kitabxana son illərdə informasiya xidmətlərini kökündən yeniləyərək rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırmışdır. Kitabxanada texnologiyalardan istifadənin genişləndirilməsi, resursların rəqəmsallaşdırılması və elektron platformaların yaradılması oxucular üçün biliklərə çıxışı asanlaşdırmışdır. 2024-cü ilin sentyabrında AMEA prezidentinin iştirakı ilə kitabxananın həm yenilənmiş saytı, həm də yenilənmiş elektron kitabxanası istifadəyə verildi. Növbəti il, 2025-ci ilin iyul ayında isə elektron kitabxananın daha geniş funksionallıqlarla təkmilləşdirilmiş versiyası təqdim edildi. Artıq istifadəçilər kitabxanaya fiziki olaraq gəlmədən, istənilən yerdən və istənilən vaxt elektron xidmətlərdən faydalana bilirlər ki, bu da müasir informasiya dövrünün tələb etdiyi çevikliyi təmin edir.

Son iki il ərzində MEK-in rəsmi saytı tam şəkildə yenidən qurulmuş və müasir tələblərə uyğunlaşdırılmışdır. Yenilənmə çərçivəsində saytın kompüterlə yanaşı müxtəlif smart qurğularda da stabil və funksional şəkildə işləməsini təmin edən adaptiv dizayn tətbiq edilmişdir. Saytda MEK-in fəaliyyətini əks etdirən yeni rubrikaların yaradılması nəticəsində istifadəçilər kitabxananın şərəfli tarixi, nizamnaməsi, strukturu, rəhbərliyi, elmi-metodiki şurası, fondları və kolleksiyaları, maddi-texniki bazası haqqında geniş və sistemli məlumat əldə edə bilirlər. Eyni zamanda, kitabxananın fəaliyyətinin əsas istiqamətləri, onun tarixən formalaşmış “ilkləri” və digər kitabxanalardan üstünlükləri, eləcə də göstərilən xidmətlərin tam təsviri sayt vasitəsilə açıq şəkildə təqdim olunur. Saytın media bölməsi kitabxananın yenilikləri barədə ictimaiyyətin operativ şəkildə məlumatlandırılmasına xidmət edir və MEK-in effektiv PR strategiyasının həyata keçirilməsində mühüm rol oynayır. Bundan əlavə, xidməti məlumatlar bölməsi kitabxanaçılar üçün praktik əhəmiyyət daşıyır. Bu bölmədə onlar gündəlik işdə tez-tez müraciət etdikləri MARC formatları və UOT təsnifatı ilə bağlı məlumatlardan səmərəli şəkildə istifadə edə bilirlər.

Elektron kitabxananın yeni versiyası tamamilə fərqli imkanlar təqdim edir. Bu funksiyalar Azərbaycan kitabxana sistemində ilk dəfə olaraq yalnız MEK-də reallaşdırılıb. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”na uyğun olaraq, ölkənin kitabxana sistemində ilk dəfə olaraq elektron kitabxananın formalaşdırılmasında süni intellekt texnologiyalarından istifadə həyata keçirilmişdir. Bu çərçivədə süni intellekt əsaslı səs ilə ədəbiyyat axtarışı funksiyası tətbiq edilmiş, istifadəçilərin informasiya resurslarına daha operativ və əlçatan şəkildə çıxışını təmin edən innovativ xidmət modeli yaradılmışdır. Hazırda süni intellekt əsaslı ədəbiyyatın avtomatik təsnifatlaşdırılması sisteminin hazırlanması istiqamətində tədqiqatlar aparılır. Bununla yanaşı, inklüziv kitabxana xidmətlərinin genişləndirilməsi məqsədilə süni intellekt texnologiyalarının tətbiq perspektivləri araşdırılır. Oxucu sorğularının təhlili göstərmişdir ki, istifadəçilərin süni intellekt sahəsinə dair elmi-tədqiqat materiallarına marağı artmışdır. Bu tələbatı qarşılamaq üçün beynəlxalq tam mətn bazalarına və açıq girişli elmi jurnallara çıxış imkanları təmin edilmişdir.

Tətbiq olunan yeni funksiyalara daxildir: səsli axtarış, süni intelektə əsaslanan “Kitabxana bələdçisi”, inklüziv xidmətlər (“Audio resurslar”, “danışan kitablar” və “interaktiv audio materiallar”). Səsli axtarış vasitəsiylə oxucular sorğularını tez cavab əldə etmiş olurlar, süni intellekt əsaslı bələdçi isə kitabxananın resurslarını və xidmət imkanlarını intuitiv şəkildə təqdim edir. Bu yanaşma ənənəvi kitabxana funksiyalarını modern texnologiyalarla birləşdirir. Həmçinin, kitabxana inklüziv xidmətləri ilə də fərqlənir. “Audio resurslar”, “danışan kitablar” və “interaktiv audio materiallar” daha çox gözdən əlil və xüsusi ehtiyacı olan oxucuların rahat istifadə etməsi üçün nəzərdə tutulmuşdur.

Bunlardan əlavə, kitabxananın saytında e-kitabxana, e-kataloq, e-layihələr, e-sərgilər, audio fayllar, avtoreferatlar, xəritələr, e-jurnallar, e-biblioqrafiyalar və digər elektron materiallar istifadəçilərin ixtiyarına verilmişdir. MEK həmçinin oxuculara beynəlxalq elmi mənbələrə çıxış imkanı yaradır; sayt vasitəsilə 300-ə yaxın aparıcı kitabxanaya və 60 xarici elmi bazaya birbaşa keçid mövcuddur. Bu resurslar vasitəsilə istifadəçilər müxtəlif elmi sahələrdə axtarış aparmaq, məqalələri oxumaq və tədqiqat işləri üçün məlumat toplamaq imkanına malikdirlər.

Mərkəzi Elmi Kitabxananın e-layihələr bölməsi Azərbaycan elminin və mədəniyyətinin görkəmli simalarının irsini rəqəmsal mühitdə qorumaq və geniş ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. Bu istiqamətdə hazırlanmış “Akademik Zərifə Əliyeva” və “Bəxtiyar Vahabzadə” adlı layihələr xüsusi əhəmiyyət kəsb edir. “Akademik Zərifə Əliyeva” e-layihəsi tanınmış oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əhatə edir. Burada alimin elmi tədqiqatları, nəşrləri, foto və video materialları, həmçinin xatirə resursları sistemləşdirilmiş şəkildə təqdim olunur. “Bəxtiyar Vahabzadə” e-layihəsində isə xalq şairi Bəxtiyar Vahabzadənin ədəbi irsinin, ictimai və pedaqoji fəaliyyətinin rəqəmsal mühitdə toplanmasına xidmət edir. Layihədə şairin əsərləri, yaradıcılıq arxivindən materiallar, audio və video məzmunlar, həmçinin onun şəxsiyyətinə dair mənbələr əksini tapır. Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə Mərkəzi Elmi Kitabxana tərəfindən hazırlanmış e-layihə ilk dəfə iyun ayında kitabxananın yenilənmiş elektron versiyasının təqdimatı zamanı ictimaiyyətə təqdim olunmuş və böyük marağa səbəb olmuşdur. Daha sonra layihə AMEA Rəyasət Heyətinin iclasında təqdim edilərək elm və mədəniyyət xadimləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Elektron kitabxanada həmçinin “e-sərgi” adlı xüsusi bölmə fəaliyyət göstərir ki, burada müxtəlif mövzulara həsr olunmuş virtual sərgilər təqdim olunur. Bu sərgilər sırasında “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev”, “Mehriban Əliyeva”, “Milli Musiqi Günü”, “Xocalı soyqırımı”, “Qərbi Azərbaycan”, “Yaşıl dünya naminə həmrəylik ili”, “20 Yanvar”, “Azərbaycan Milli Elmlər Akademiyası – 80”, “Konstitusiya və suverenlik ili”, “Seyid Əzim Şirvani” və “Üzeyir Hacıbəyli – 140” kimi mövzulara dair virtual sərgilər yer alır. Bu bölmə MEK-in milli-mənəvi dəyərlərin, elmi və mədəni irsin rəqəmsal təqdimatına yönəlmiş fəaliyyətinin mühüm tərkib hissəsidir.

Qeyd etmək lazımdır ki, elektron kitabxanada müxtəlif elm sahələrinə aid tammətnli kitablarla yanaşı, ölkəmizin siyasi, tarixi və mədəni yaddaşını əks etdirən xüsusi nəşrlər də yer alır. Xüsusilə, “Heydər Əliyev: Müstəqilliyimiz əbədidir” çoxcildliyi müstəqil dövlətçiliyimizin banisinin irsini öyrənmək üçün mühüm mənbədir. Eyni zamanda, “İlham Əliyev: İnkişaf məqsədimizdir” çoxcildliyi müasir Azərbaycanın siyasi, iqtisadi və sosial inkişaf yolunu əks etdirən qiymətli toplu kimi diqqəti cəlb edir.

Elektron kitabxanada həm də elmi və tarixi baxımdan əvəzsiz hesab olunan “Nadir kitablar” fondu istifadəçilərin ixtiyarına verilir. Bu bölmədə ölkənin elmi-mədəni irsi üçün xüsusi əhəmiyyət daşıyan, çap tarixi baxımından qədim və nadir nümunələr toplanmışdır. Bundan başqa, “Coğrafi, tarixi xəritələr” bölməsi də tədqiqatçılar, tələbələr və maraqlanan oxucular üçün olduqca dəyərli resurs sayılır.

Yenilənərək oxucuların istifadəsinə verilmiş elektron kitabxana istifadəçilərə yalnız kitab və xüsusi nəşrlərə çıxış imkanı yaratmaqla kifayətlənmir, həm də müxtəlif elmi və hüquqi bazalara birbaşa çıxışı təmin edir. Elektron kitabxana vasitəsilə respublikada ilk dəfə olaraq geniş sənəd kütləsini özündə birləşdirən 50 tammətnli məlumat bazasına çıxış imkanı yaradılmışdır. Bu bazalara misal olaraq EBSCO dissertasiya bazası, DOAB – Açıq giriş kitablar kataloqu, POLPRED – KİV icmalı, Ulusal Tez Merkezi, İksad yayın evi və Qanunvericilik bazası göstərilə bilər. Bundan əlavə, rəqəmsal kitabxanalar, IMF eLibrary, Open TextBook Library, Artefakt, Jurnal zalı və Project Gutenberg kimi resurslar da elektron kitabxanada mövcuddur. Patent və ixtira araşdırmaları üçün də geniş imkanlar təqdim edilir. Buraya Patent axtarışı, Avrasiya patent axtarış sistemi, Espacenet (150 milyondan çox patent), Rospatent axtarış sistemi, FPO IP Research Communities və PATENTSCOPE axtarış sistemi daxildir.

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) oxucuları artıq “ProQuest Central” multidissiplinar akademik məlumat bazasından limitsiz istifadə edə bilirlər. Bu imkan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Clarivate” şirkəti arasında bağlanmış müqavilə çərçivəsində yaradılıb. “ProQuest Central” dünyanın aparıcı nəşriyyatlarının (Cambridge Press, The New York Times, Springer, Sage, Elsevier, Emerald və s.) resurslarını birləşdirən geniş elmi bazadır. Platforma 43 min jurnal, 2.5 milyon konfrans materialı, 380 min dissertasiya, 470 min sənaye və ölkə hesabatı, 24 min audio-video material, 340 min situasiya araşdırması, 3.3 milyon preprint və 900-dən artıq xəbər mənbəyini əhatə edir. Bu imkan MEK üçün elmi-informasiya təminatını gücləndirir, oxuculara beynəlxalq elmi resurslara operativ çıxış əldə etmək üçün əlverişli şərait yaradır və kitabxananın rəqəmsal tədqiqat mühitində rolunu daha da artırır.

Həmçinin, AMEA-nın institut və filiallarının fondlarının rəqəmsallaşdırılması məqsədilə “Korporativ Elektron Kitabxana İnformasiya Sisteminin yaradılması” layihəsi üzrə işlərə başlanmışdır. Bu sistem hər bir kitabxanaya öz rəqəmsal resurslarını səmərəli şəkildə kataloqlaşdırmağa, məlumatları rahat və operativ formada Verilənlər bazasına əlavə etməyə, onları etibarlı şəkildə mühafizə etməyə və bu resurslara operativ əlçatanlığı təmin etməyə imkan verəcək. Proqram təminatı ilə yanaşı, sistemin istifadəsi üçün təlimat və normativ sənədlərin hazırlanması, həmçinin sistemin texniki dəstəklənməsi nəzərdə tutulur. Hazırda Ədəbiyyat İnstitutu bu sistemə qoşulmuşdur və institut kitabxanası öz rəsmi saytı vasitəsilə oxuculara xidmət göstərir. İlin sonunadək Fəlsəfə İnstitutunun da AMEA-nın Korporativ Elektron Kitabxana İnformasiya şəbəkəsinə qoşulmasının tamamlanması planlaşdırılır. Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “Korporativ Elektron Kitabxana İnformasiya Sisteminin nəzəri əsasları” adlı monoqrafiyanın nəşri də nəzərdə tutulur.

Bu günə qədər e-kitabxana üçün 55000-dən artıq tam mətnli kitab hazırlanmış, onlardan 41000-dən çoxu sayt vasitəsilə oxucuların istifadəsinə təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, 2024-cü ilin aprel ayına qədər bu göstərici cəmi 2700 nüsxə təşkil edirdi. Elektron kataloqda isə resursların sayı 805000-ə çatmışdır. Sürətli inkişafın təmin olunmasında son bir ildə alınmış yeni skan aparatlarının tətbiqi xüsusi əhəmiyyət kəsb etmişdir. 2025-ci ildə açıqlanan rəsmi hesabatda MEK-in fəaliyyət istiqamətlərinə dair bir sıra mühüm məqamlar qeyd olunub. Beləki, elektron kitabxanada hal-hazırda 32 mindən çox tammətnli resurs yerləşdirilmişdir. Bunlardan 21042-ni e-kitab, 587-ni biblioqrafiya, 116-nı nadir kitablar, 9044-nü avtoreferat, 2799-nu jurnal və digər resurslar əhatə etməkdədir.

Kitabxanada ilk dəfə tətbiq olunan innovativ xidmət növlərindən biri də infoköşklər vasitəsilə oxuculara təqdim edilən sərbəst axtarış imkanlarıdır. Bu sistem kitabxanaçı və ya biblioqrafın birbaşa köməyinə ehtiyac olmadan istifadəçilərə axtardıqları informasiya resurslarının kitabxana fondlarında mövcudluğunu müstəqil şəkildə müəyyənləşdirməyə şərait yaradır. Əlavə olaraq, əgər axtarılan mənbə kitabxanada mövcuddursa, oxucular elektron sistem üzərindən şəxsi oxucu biletlərindən istifadə etməklə həmin materialı rahat və operativ şəkildə sifariş edə bilirlər. Bu yanaşma kitabxana xidmətlərinin operativliyini və istifadəçi məmnunluğunu əhəmiyyətli dərəcədə artırır. Həmçinin oxucu bundan əlavə mail və whatsapp vasitəsi ilə də biblioqraf ilə birbaşa əlaqə yaradaraq istənilən sorğusuna cavab əldə edə bilər.

Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi çərçivəsində həyata keçirilən yenidənqurma işləri çərçivəsində Akademiklər zalı modernləşdirilərək tam elektron kitabxana standartlarına uyğun formada təşkil edilmişdir. Bu yenidənqurma sayəsində həm oxuculara yüksək texnoloji imkanlarla xidmət göstərmək mümkün olmuş, həm də Akademiklər fondu və xüsusi oxu zalı yaradılaraq elmi tədqiqat və informasiya təminatı sahəsində infrastruktural şərait əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Bu tədbirlər kitabxananın müasir elmi-informasiya mərkəzi kimi fəaliyyətini daha da inkişaf etdirməsinə şərait yaratmışdır.

Eyni zamanda qeyd etmək lazımdır ki, son zamanlarda Mərkəzi Elmi Kitabxana beynəlxalq əməkdaşlıq fəaliyyətini davamlı şəkildə genişləndirməyə başlamışdır. Kitabxana bu çərçivədə xarici elmi və mədəni təşkilatlarla, ali təhsil müəssisələri ilə, həmçinin Azərbaycandakı və xaricdəki diplomatik nümayəndəliklərlə qarşılıqlı əlaqələr qurur, birgə layihələr icra edir və təcrübə mübadiləsi aparır. Hazırda MEK 46 ölkədən 129 təşkilat və 88 elmi nəşrlə əlaqələrini möhkəmləndirib və ölkəmizin xaricdəki diplomatik strukturları ilə müntəzəm əməkdaşlıq edir. Əməkdaşlıq müqavilələri arasında Misir Milli Kitabxanası və Arxivləri, Kolumbiya Mədəniyyət Nazirliyi, Türkiyənin Karabük və Yıldırım Bəyazit Universiteti Kitabxanaları, Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri Kitabxanası, və digər kitabxanalar yer alır. Bundan əlavə, Litva Elmlər Akademiyasının Kitabxanası, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Kitabxanası, Özbəkistan Ürgənc Dövlət Universiteti, İstanbul Rami Kitabxanası və s. kitabxanalar ilə fəaliyyətlər həyata keçirilib.

Kitabxana-informasiya sahəsi üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin, məsul şəxslərinin Mərkəzi Elmi Kitabxanaya mütəmadi olaraq səfərləri olmuşdur. Belə təşkilatlara nümunə olaraq,  EBSCO-nun MDB üzrə meneceri Aleksandr Rıtov, “İnformascope” şirkətinin Türkiyədə elektron bazalar üzrə satış müdiri, Elsevier nəşr evinin təmsilçisi Ümid Yonter, ANKOS prezidenti İsmail Çetinkaya, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinatoru Hayrettin Özçelik, Türkiyənin “Kobikom telekommunikasiya” şirkətinin idarə heyətinin sədri Orxan Kirman və s. göstərilə bilər. Bu səfərlər çərçivəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və gələcək birgə layihələrin reallaşdırılması məqsədilə işgüzar görüşlər təşkil olunmuşdur.

Eləcə də, kitabxananı müəyyən dövrlərdə ziyarət edən tanınmış və nüfuzlu simaların – Nobel mükafatı laureatı Əziz Sancarın, Şimali Kipr Türk Cümhuriyyətinin təhsil naziri Nazim Çavuşoğlunun, Qazaxıstan Sənaye və tikinti nazirinin müavini Raxımjan İsakulovun, İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Mutaz Muhi Əbdülhəmidin, Sinqapur və Asiya Məktəbləri Riyaziyyat Olimpiadasının prezidenti Henri Ongun və s. şəxslərin – iştirakı qurumun həm milli, həm də beynəlxalq miqyasda elm, informasiya və mədəniyyət məkanı kimi yüksək nüfuz qazandığını göstərən mühüm göstəricilərdən biridir.

2025-ci ilin aprel ayının 2-dən 6-dək AMEA Mərkəzi Elmi Kitabxanasının rəhbəri Türkiyəyə rəsmi səfər etmişdir. Səfər zamanı o, Yordam, Boclips, EBSCO və digər beynəlxalq platformalarla əməkdaşlıq perspektivlərini müzakirə etmiş, ilkin razılaşmalar əldə etmişdir. Həmçinin, Türkiyənin aparıcı kitabxanaçılıq mütəxəssisləri ilə görüşlər keçirilmişdir. Bu səfərin nəticəsi olaraq İstanbuldakı Rami Kitabxanası ilə MEK arasında “Qardaş Kitabxanalar Anlaşma Memorandumu” imzalanmış, sənəddə birgə layihələrin həyata keçirilməsi, elmi və mədəni əməkdaşlıq, kitab və informasiya mübadiləsi, elektron kitabxana xidmətlərinin tətbiqi və ortaq tədbirlərin təşkili üzrə qarşılıqlı fəaliyyətlər nəzərdə tutulmuşdur.

Həmçinin, 3 oktyabr 2025-ci il tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisələri, o cümlədən Mərkəzi Elmi Kitabxana (MEK) və Mərakeş Krallığının Milli Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandum kitabxana işi, rəqəmsal resursların mübadiləsi, elmi-informasiya əməkdaşlığı və mədəni irsin qorunması sahəsində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.

Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu 4 oktyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının qonağı olub və kitabxana rəhbərliyi ilə görüş keçirmişdir. Görüşdə elmi, mədəni və informasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Ayhan Tuğlu Türkiyədə kitabxana-informasiya işinin təşkili və yeni texnologiyaların tətbiqindən danışaraq, iki ölkə kitabxanaları arasında birgə layihələrin, sərgilərin və elmi konfransların keçirilməsinin vacibliyini vurğulayıb.

12-15 noyabr tarixlərində Daşkənddə keçirilən “Mərkəzi Asiya: Ümumi mənəvi – maarifçilik irsi – ümumi gələcək” beynəlxalq konqresində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru iştirak etmiş, rəqəmsal irsin qorunması, məlumatların saxlanması və beynəlxalq standartlar, müəllif hüquqları müzakirə olunmuşdur.

Kitabxananın elmi və mədəni proseslərdə aktiv iştirakının bariz göstəricilərindən biri də onun müxtəlif tədbirlərə ev sahibliyi etməsidir. Əlamətdar tədbirlərin, kitab təqdimatlarının və digər elmi-mədəni proqramların mütəmadi olaraq burada keçirilməsi isə kitabxananın elmi ictimaiyyət üçün əhəmiyyətli intellektual mühit formalaşdırdığını nümayiş etdirir.

MEK-in yüzillik yubileyi ilə bağlı müxtəlif formatlarda həyata keçirilən tədbirlər də diqqətəlayiqdir. Yubiley çərçivəsində maarifləndirici materialların nəşri, televiziya süjetlərinin hazırlanması və tematik sərgilərin təşkili kitabxananın tarixi inkişaf yolunu, zəngin fondlarını və beynəlxalq tərəfdaşlıq əlaqələrini ictimaiyyətə daha geniş şəkildə təqdim edib. Bundan əlavə, yubiley münasibətilə həyata keçirilən onlayn təşəbbüslər sırasında “100 yaşlı kitabxana” adlı virtual sərgi və kitabxananın 100 illik yubileyinə həsr olunmuş sənədli film xüsusi maraq doğurub. Həmçinin 21 noyabr tarixində Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq Elmi Konfrans da keçirilib. Beynəlxalq Elmi Konfransda 7 ölkənin – Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Polşa, Belarus və Rusiyanın 38 təşkilatı iştirak edirdi. Nəticə olaraq, MEK-in yüzilliyi yalnız tarixi bir mərhələnin qeyd olunması deyil, həm də kitabxananın gələcək inkişaf perspektivlərinin nümayişi baxımından əlamətdar hadisəyə çevrilib.

Digər əhəmiyyətli yeniliklərdən biri Mərkəzi Elmi Kitabxananın hər ayın ilk iki iş günü həyata keçirdiyi “Açıq qapı” günləri layihəsidir. Bu təşəbbüs, MEK-in cəmiyyətin informasiya təminatının səviyyəsini yüksəltmək və istifadəçi bazasını genişləndirmək məqsədilə həyata keçirdiyi tədbirlər kompleksinin mühüm komponenti kimi xüsusi əhəmiyyət kəsb edir. Layihə çərçivəsində kitabxana həm geniş oxucu kütləsinin cəlb olunmasına, həm də elmi və mədəni resurslardan istifadənin təşviqinə imkan yaratmışdır. Eyni zamanda, respublikamızın davamlı inkişafında əhəmiyyətli rol oynayan könüllülük hərəkatı da ilk dəfə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında reallaşdırılmışdır. Bu təşəbbüs nəticəsində yaradılmış “MEK könüllüləri” layihəsi artıq üçüncü dəfədir ki ardıcıl olaraq uğurla fəaliyyət göstərir və kitabxananın ictimaiyyətlə əlaqələrinin, elmi-informasiya xidmətlərinin keyfiyyətinin artırılmasına mühüm töhfələr verməkdədir.

Mərkəzi Elmi Kitabxananın yüzillik yubileyi bu gün yalnız bir müəssisənin tarixi yolunun qeyd olunması ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanda elmin, mədəniyyətin və maarifçiliyin inkişafında onun oynadığı mühüm rolu nümayiş etdirir. Yubiley tədbirləri kitabxananın zəngin fondlarını, müasir informasiya resurslarını, beynəlxalq əməkdaşlıq imkanlarını və rəqəmsal xidmətlərini geniş ictimaiyyətə təqdim etməklə, onun cəmiyyətin intellektual həyatında əvəzsiz bir mərkəz olduğunu bir daha təsdiqləyir. Bu tədbirlər vasitəsilə MEK öz ənənələrini qorumaqla yanaşı, müasir dövrün çağırışlarına da çevik şəkildə cavab verdiyini göstərir. Elektron resursların inkişafı, inklüziv kitabxana mühitinin təşviqi, açıq xidmət modelinin gücləndirilməsi və beynəlxalq tərəfdaşlıqlar onun gələcəyə yönəlmiş strateji fəaliyyətini formalaşdırır.

Hazırda Mərkəzi Elmi Kitabxananın yüzillik yubileyi kitabxana tarixində mühüm bir mərhələ olaraq çıxış edir və bu hadisə kitabxananın təkcə keçmişi deyil, həm də gələcək inkişaf hədəflərini cəmiyyətə nümayiş etdirməsinə imkan yaradır. MEK qazanılan uğurlarla kifayətlənmir. Gələn il üçün süni zəka əsaslı mobil Elektron kitabxana layihəsinin istifadəyə verilməsi planlaşdırılır. Həmçinin Azərbaycanın görkəmli Elm və mədəniyyət xadimlərini dünyaya daha yaxından tanıtdırmaq məqsədilə onlara aid sillsilə elektron layihələrin yaradılması planlaşdırılır.  Beləliklə, MEK bu gün milli-mədəni yaddaşın qorunması, elmin inkişafına dəstək və maarifçilik missiyasının həyata keçirilməsi baxımından öz mövqeyini möhkəmləndirir və yeni əsrə daha güclü addımlarla daxil olur.

Əvvəlki Yazı

Respublika Gənclər Kitabxanasında 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

XƏBƏR LENTİ

Bir əsrin izi ilə: AMEA Mərkəzi Elmi Kitabxana – 100

Bir əsrin izi ilə: AMEA Mərkəzi Elmi Kitabxana – 100

03 Dekabr 2025 / 20:20
2
Respublika Gənclər Kitabxanasında 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Respublika Gənclər Kitabxanasında 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

03 Dekabr 2025 / 13:42
20
“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

02 Dekabr 2025 / 14:27
5
Milli Məclisin Komitə sədrindən QHT-yə 20 illik yubiley təbriki

Milli Məclisin Komitə sədrindən QHT-yə 20 illik yubiley təbriki

02 Dekabr 2025 / 13:02
10
Lotereyanın növbəti şanslı avtomobil qalibi məlum olub!

Lotereyanın növbəti şanslı avtomobil qalibi məlum olub!

28 Noyabr 2025 / 16:08
6
“Reyhan Yusifqızı – 60 ” adlı veblioqrafiya virtual oxuculara təqdim edilib

“Reyhan Yusifqızı – 60 ” adlı veblioqrafiya virtual oxuculara təqdim edilib

27 Noyabr 2025 / 8:27
22
Kapitan Mühüd Orucov əfsanəsi – FOTOLAR

Kapitan Mühüd Orucov əfsanəsi – FOTOLAR

26 Noyabr 2025 / 21:18
18
Zəngəzur dəhlizinin müasir əhəmiyyəti

İrəvandan ŞOK AÇIQLAMA: Zəngəzur dəhlizi Türkiyə şirkətinə icarəyə verilə bilər

26 Noyabr 2025 / 13:49
10
Bakcell və Visa tərəfdaşlığa başlayır

Bakcell və Visa tərəfdaşlığa başlayır

26 Noyabr 2025 / 13:35
4
AFEN plazadakı partlayışda yaralananların vəziyyəti AÇIQLANDI

AFEN plazadakı partlayışda yaralananların vəziyyəti AÇIQLANDI

26 Noyabr 2025 / 13:18
4
Bakıda bu ərazidə evlər PLANA DÜŞDÜ – 2700 AZN kompensasiya veriləcək

Bakıda bu ərazidə evlər PLANA DÜŞDÜ – 2700 AZN kompensasiya veriləcək

26 Noyabr 2025 / 11:26
6
Cəmi 1 AZN-lə bu axşam “Nar”dan möhtəşəm avtomobilə sahib ol!

Cəmi 1 AZN-lə bu axşam “Nar”dan möhtəşəm avtomobilə sahib ol!

25 Noyabr 2025 / 23:56
6
Respublika Gənclər Kitabxanasında Xalq şairi Vahid Əzizin 80 illik yubileyi münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında Xalq şairi Vahid Əzizin 80 illik yubileyi münasibətilə silsilə materiallar hazırlanıb

25 Noyabr 2025 / 13:57
29
Respublika Gənclər Kitabxanasında siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Respublika Gənclər Kitabxanasında siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

25 Noyabr 2025 / 13:51
24
Respublika Uşaq Kitabxanasında məktəblilər üçün yaradıcı və maarifləndirici gün təşkil olunub

Respublika Uşaq Kitabxanasında məktəblilər üçün yaradıcı və maarifləndirici gün təşkil olunub

25 Noyabr 2025 / 13:30
30
Uşaq Hüquqları Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib

Uşaq Hüquqları Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib

25 Noyabr 2025 / 9:55
21
Samirə Əfəndi Ermənistan təmsilçisinə ən yüksək xalı verdi – Video

Samirə Əfəndi Ermənistan təmsilçisinə ən yüksək xalı verdi – Video

23 Noyabr 2025 / 10:59
31
Bakcell-in lotereyasında 7-ci avtomobil sahibini tapdı

Bakcell-in lotereyasında 7-ci avtomobil sahibini tapdı

21 Noyabr 2025 / 19:22
40
“Uşaq Hüquqları və Hər kəs üçün Təhlükəsiz İnternet” mövzusunda maarifləndirici tədbir keçirilib

“Uşaq Hüquqları və Hər kəs üçün Təhlükəsiz İnternet” mövzusunda maarifləndirici tədbir keçirilib

21 Noyabr 2025 / 17:39
34
“44 günlük müharibə” ilə bağlı elektron məlumat bazasının təqdimatı keçirilib

“Zəfər və Qürur yolunun tarixi” adlı elektron məlumat bazasının təqdimati olub

21 Noyabr 2025 / 14:22
39
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı

“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı

21 Noyabr 2025 / 13:16
15
Şahin İsmayılov: Büdcə dövlətin, həm də güc doktrinasıdır

Şahin İsmayılov: Büdcə dövlətin, həm də güc doktrinasıdır

21 Noyabr 2025 / 13:11
10
Respublika Gənclər Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın xatirəsi anılıb

20 Noyabr 2025 / 11:30
31
Respublika Gənclər Kitabxanasında 20 noyabr – Ağdam şəhəri günü ilə əlaqədar material hazırlanıb

Respublika Gənclər Kitabxanasında 20 noyabr – Ağdam şəhəri günü ilə əlaqədar material hazırlanıb

20 Noyabr 2025 / 11:25
31
Mədəniyyət Nazirliyində kadr islahatları: Effektivlik və şəffaflığın yeni mərhələsi – FOTO

Mədəniyyət Nazirliyində kadr islahatları: Effektivlik və şəffaflığın yeni mərhələsi – FOTO

19 Noyabr 2025 / 21:27
10
“Uşaq Hüquqları və Hər kəs üçün Təhlükəsiz İnternet” mövzusunda maarifləndirici tədbir keçirilib-Fotolar

“Uşaq Hüquqları və Hər kəs üçün Təhlükəsiz İnternet” mövzusunda maarifləndirici tədbir keçirilib-Fotolar

19 Noyabr 2025 / 18:00
30
Respublika Gənclər Kitabxanasında 17 noyabr Milli Dirçəliş Günü münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında 17 noyabr Milli Dirçəliş Günü münasibətilə silsilə materiallar hazırlanıb

17 Noyabr 2025 / 11:34
31
Azərbaycan səfirliyi niyə hədəfə çevrilir? – Rusiya insanlıq əleyhinə cinayətlərini davam etdirir

Azərbaycan səfirliyi niyə hədəfə çevrilir? – Rusiya insanlıq əleyhinə cinayətlərini davam etdirir

15 Noyabr 2025 / 22:54
284
Lüks avtomobil növbəti həftə sənin ola bilər!

Lüks avtomobil növbəti həftə sənin ola bilər!

14 Noyabr 2025 / 16:21
37
Zaqatala sakini “Nar”dan avtomobil qazandı

Zaqatala sakini “Nar”dan avtomobil qazandı

13 Noyabr 2025 / 15:20
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.