Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 17 mart 2026-cı il tarixində Sumqayıt şəhərində yerləşən 28 May Mədəniyyət Evinin qarşısında xalqımızın milli-mənəvi dəyərlərini təcəssüm etdirən Novruz bayramına həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq-mühafizə orqanlarının nümayəndələri, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-in məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri və kollektivləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, şəhid ailələrinin üzvləri və yaxınları, ağsaqqallar, ziyalılar, Vətən müharibəsi iştirakçıları, qazilər, fəal gənclər, məktəblilər, idmançılar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Azərbaycan xalqının minilliklər boyu qəlbində yaşatdığı ən əziz bayramlardan biri olan Novruz münasibətilə xalqımızı və rayon sakinlərini təbrik etdi, hər bir ailəyə sevinc, firavanlıq, əmin-amanlıq arzuladı, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini dilədi.
Çıxış zamanı qeyd olundu ki, xalqımızın ən qədim və əziz bayramlarından biri olan Novruz yurdumuza qədəm qoyur. Novruz xalqımızın mədəniyyətini və milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıdan qədim el bayramıdır. Xalqımızın yüksək zövqü və bədii təfəkkürü bu bayramın el şənliklərində və rəngarəng əyləncələrində özünü aydın şəkildə göstərir, onun mənəvi dünyasının aynasına çevrilir. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifoloji baxışlarını, folklorunu və milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.
Bildirildi ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdir yurdumuzun hər bir guşəsində qeyd olunur. Ulu Tanrıya, kainata və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə göstərdiyi yüksək ehtiramın və milli-mənəvi dəyərlərə dərin bağlılığının bariz nümunəsidir.
Tədbirdə vurğulandı ki, Novruz əsrlər boyu adət-ənənələrimizi yaşadaraq bu günümüzə qədər gətirib çıxardığı kimi, bu gün də insanları bir araya gətirir, birlik və həmrəyliyi möhkəmləndirir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər bir vətəndaşın müqəddəs borcudur. Xalqımız qədim türk məişətini, əxlaqını və bədii zövqünü özündə birləşdirən Novruz ayinlərini tarix boyu qoruyaraq bu günə qədər yaşatmışdır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara və ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab sayılır.
Rayon rəhbəri qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə xüsusi diqqət göstərilmiş və onlar yenidən xalqımıza qaytarılmışdır. Bu gün isə ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xalqımızın mənəvi dəyərləri yüksək səviyyədə qorunur və təbliğ olunur.
Tədbir çərçivəsində 28 May Mədəniyyət Evinin qarşısında möhtəşəm Novruz tonqalı alovlandırıldı.
Bayram tədbiri açıq havada geniş konsert proqramı ilə davam etdi. Şənlikdə Novruz atributları olan Bahar qızı, Kosa və Keçəlin iştirakı ilə maraqlı səhnəciklər təqdim olundu, şən musiqi nömrələri və rəqslər ifa edildi.
Novruz bayramına həsr olunmuş konsert proqramında respublikanın tanınmış müğənniləri, həmçinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyinin kollektivləri tərəfindən mahnılar səsləndirildi, müxtəlif rəqs nömrələri nümayiş etdirildi və şeirlər oxundu.
Eyni zamanda tədbirdə rayondan olan idmançıların müxtəlif idman növləri üzrə nümunəvi çıxışları da nümayiş etdirildi.






















































