İstanbulda “Türk xalqlarının mühacirət ədəbiyyatı” simpoziumu keçirilib

  • 11:15 - 30 Noyabr

Bu ilin noyabr ayının 23-24-də Türkiyənin İstanbul şəhərində “Uluslararası türk xalqlarının mühacirət ədəbiyyatı” simpoziumu keçirilib. İstanbul Universiteti, Türkiyyat Araşdırmaları İnstitutu və İstanbuldakı Azərbaycan “Eğitim, Kültür və Sosial Dayanışma Dərnəyi”nin birgə düzənlədiyi simpoziuma Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Almaniya, Norveç, İsveç, Bolqarıstan, Misir, Rusiya, İran, Əfqanıstan, Hindistan daxil olmaqla dünyanın 17 ölkəsindən 40-dan artıq bilim adamı qatılıb. 

Avropa.info xəbər verir ki, simpoziumu giriş sözü ilə Azərbaycan “Eğitim, Kültür və Sosial Dayanışma Dərnəyi”nin başkanı filologiya üzrə fəslsəfə doktoru Şərqiyyə Məmmədli açaraq bu səpkili tədbirlərin keçirilməsinin Turan Birliyinə dəstək olmaq amacından qaynaqlandığını bildirib. İstanbul Universitetinin rektoru, professor Osman Bülənd Zülfiqar tarix boyunca bütün türk xalqlarının, o cümlədən yazarların taleyində həzin, kədərli iz buraxmış köç və mühacirət məsələsinin bədii ədəbiyyatda nə şəkildə əks olunduğunun öyrənilməsinin sosial-siyasi və ədəbi-kulturoloji önəmindən bəhs edib.

Türkiyyat Araşdırmaları İnstitutunun müdiri, professor Mustafa Balcı ilk dəfə keçirilən türk xalqlarının mühacirət ədəbiyyatı simpoziumunun, eyni zamanda, siyasi birliyə təkan olacağını vurğulayıb.

Azərbaycan Cümhuriyyətinin çöküşündən sonra Türkiyəyə mühacirət edən dünya şöhrətli türkoloq, İstanbul Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının başkanı, professor Əhməd Cəfəroğlunun (1899-1975) qızı, Sabancı Muzeyinin müdiri, professor Nazan Ölçer simpoziumu düzənləyənlərə təşəkkürünü bildirərək atası ilə bağlı xatirələrini dilə gətirib. Onun atasının ömrünün sonlarına qədər Azərbaycan həsrəti ilə yaşadığını, bütün yazdıqlarının arxasında türklük sevgisinin dayandığını söyləməsi salonda həzin, kövrək duyğular oyandırıb.

Milli Məclisin deputatı, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov türk xalqlarının müxtəlif dönəmlərdə dəfələrlə hicrətlə üzləşdiyini, köçmən ömrü yaşamağa məcbur olduğunu qeyd edərək, “mühacirət ayrılıqdır, insanların doğmalarından, vətənlərindən uzaq düşməsidir, ancaq mühacirəti düşünmək, yurd-yuvasından ayrılanları anmaq birliyə can atmaqdır, bir daha belə halların baş verməməsi üçün həmrəylik göstərməkdir” deyə simpozumun önəminə diqqəti çəkib.

İki gün davam edən simpoziumda prof.dr.Yavuz Akpınarın (Türkiyə) “Azərbaycan mühacirət ədəbiyatının ilk təmsilçilərindən Cəlal Ünsi”, prof.dr. Abdulhamit Avşarın (Türkiyə) “Miqrasiya fenomeninin milli şüurda rolu: Kayseri uyğurları örnəyi”, prof.dr. Səbahəddin Şimşirin (Türkiyə) “Türkiyədə Azərbaycan mühacirət ədəbiyyatının formalaşmasında 28 May istiqlal və 27 aprel işğal günlərinin rolu”,  prof.dr.Atilla Jormanın (Finlandiya) “Görkəmli şair Mehmet Sadıq Aran”, prof.dr. Salavat İshakovun “Qafqaz, Krım, İdil-Ural bölgəsi və Türküstanın mühacirəttəki siyasiləri: ədəbiyyat və təbliğat” (Rusiya), akademik Rafael Hüseynovun (Azərbaycan) “Köç ədəbiyyatının Azərbaycan fenomeni: vətəndən vətənə mühacirətin bədii və elmi mirası”, prof.dr.Vaqif Sultanlının (Azərbaycan) “Azərbaycan mühacirət ədəbiyyatında memuar: mövzu hüdudları və janr özəllikləri”, prof.dr.Bədirxan Əhmədlinin (Azərbaycan) “Azərbaycan mühacirət mətbuatında milli mücadilə ədəbiyyatının yaranması və formalaşması məsələləri”, prof.dr.Almaz Həsənqızının (Azərbaycan) “Əhməd Cəfəroğlunun folklor araşdırmaları sovet ideoloji baskısı kontekstində”, dos.dr. Şərqiyə Məmmədlinin (Türkiyə) “Əli bəy Hüseynzadə ortaq türkcə haqqında”, dos.dr. Akif Aşırlının (Azərbaycan) “Saffet Məlik Zərdabinin mühacirətdəki ədəbi-bədii irsi və jurnalistlik fəaliyyəti”, prof.dr.Əhməd Sami Elaydinin (Misir) “Misirdə tatar türklərinin ədəbiyyatı: Musa Carullah Bigiyevin ədəbi-kulturoloji mirası”, dos.dr. İzzətullah Zəki və dr. Firuz Fevzinin (Əfqanısatan) “Güney Türküstan türklərinin köç və ədəbi kultüroloji fəaliyyətləri”, dos.dr.Bakıtgül Kuljanovanın (Qazaxıstan) “Misirdə yaranan Altun Orda ədəbiyyatı”, dos.dr.Rüstəmcan Cabbarovun (Özbəkistan) “Əlişir Nəvai dönəmində Xorasan çevrəsində Azərbaycan mühaciərt ədəbiyyatı”, dr.Orhan Arasın (Almaniya) “Almaniyadakı türklərin ədəbi axtarışlarına qısa bir baxış”, dos.dr. Nouşad Mançeri Kırıkkalın (Hindistan) “Hindistandakı türk ədəbiyyatının əks-sədası və izləri”, dr.Səadət Kəriminin (İsveç) “Qərbi Avrpada türk köçmən ədəbiyyatının mövzuları, önəmi və problemləri”, dr.İrəc İsmayılın (Norveç) “Turxan Gəncəyinin ədəbi-kulturoloji irsi”, dos.dr.Tohid Məlikzadənin (İran) “Rza Beraheninin yaradıcılığı”, dos.dr.Nəzirə Sultanəliyevanın (Qırğızıstan) “Köçəri xalqlarının kültüründəki bənzərliklər”, dr.Dürdanə Rəsulovanın (Tacikistan) “Mövlana Yusif Qarabağinin həyatı və elmi irsi haqqında” və başqa məruzələr maraqla qarşılanıb.

Simpozium iştirakçıları sonuncu gün İstanbuldakı Hüseyn Cavid adına Azərbaycan məktəbinə baş çəkib, tədris ocağının fəaliyyəti ilə yaxından tanış olublar.

Avropa.info


Oxunma sayı: 7316

Oxşar yazılar