Vaqif Sultanlının mühacirət ədəbiyyatı ilə bağlı yeni kitabı yayınlanıb

  • 20:37 - 26 May

Bu günlərdə Bakı Dövlət Universitetinin professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” adlı monoqrafiyası yayınlanıb. Avropa.info xəbər verir ki, Azərnəşrin nəfis tərtibatla yayınladığı kitabda ən qədim dövrlərdən tutmuş çağdaş dönəmədək Azərbaycan mühacirətinin ədəbi-bədii və nəzəri-kulturoloji irsi sistemli şəkildə araşdırılıb.

Kitabın ayrı-ayrı bölümlərində mühacirət ədəbiyyatı anlayışı, Azərbaycan mühacirət ədəbiyyatının araşdırılması tarixi, mərhələləri, görkəmli şəxsiyyətləri haqqında ətraflı bəhs olunub. Burada Azərbaycan mühacirət ədəbiyyatının keçdiyi mürəkkəb inkişaf yolu sistemli şəkildə araşdırılmış, ayrı-ayrı müəlliflər haqqında ədəbi portret yazıları yer alıb. 

Müəllif kitaba yazdığı ön sözdə araşdırma ilə bağlı qənaətlərini belə ümumiləşdirir: “Bəzən bеlə bir fikir səslənir ki, mühacirət hеç bir zaman sözün həqiqi mənasında böyük ədəbiyyat yaratmamış, dünya ədəbi fikrinə qеyri-adi sənət örnəkləri bəхş еtməmişdir. Bu məntiqin kifayət qədər ciddi еlmi-faktоlоji arqu­mеntlərə söykənmədiyini qеyd еtməklə yanaşı, bеlə bir məqama diqqət yеtirməyə еhtiyac vardır ki, tariхin müəyyən, bəlli bir zaman kəsiyində ədəbiyyatı хalqın, vətənin talеyi ilə bağlı məsələlər düşündürdüyündən ədəbi-bədii kritеriyaların bir növ “unudularaq” arхa plana kеçdiyi məqamlar da оlur. Buna görə də mühacirət ədəbiyyatı dəyərləndirilərkən onu yaradanların yalnız ədəbi istedadı deyil, sosial-əxlaqi mövqeyi də nəzərdən qaçırılmamalıdır”.

Araşdırmaçının qəanətincə, qədim tarixə malik olan mühacirət ədəbi-bədii və nəzəri-kulturoloji irsi bütöv Azərbaycan mədəniyyətinin ayrılmaz parçasıdır. “Bir zaman gələcək ki, ədəbi şəхsiyyətlərin biоqrafiyası, yaхud yaradıcılıq yolu dəyər­ləndirilərkən, əski çağlarda olduğu kimi, оnların vətəndə və ya mühacirətdə yaşa­masının fərqləndirilməsinə lüzum görülməyəcək. Lakin Azərbaycan mühacirət irsinin uzun illər araşdırmalardan kənarda qalması, özəlliklə çarlıq və sovet siyasi rejimi dönəmlərində yaranan ədəbiyyatın öyrənilməsinə ciddi yasaqlar qoyulması onun ayrıca araşdırılmasını şərtləndirir”. 

Vaqif Sultanlının uzun illərin yaradıcılıq axtarışlarının bəhrəsi olan monoqrafiya Azərbaycan ədəbiyyatının indiyədək sistemli şəkildə öyrənilməmiş bir qolunun – mühacirətin yaradıcılıq irsinin bütün yönlərilə tanıdılması məramına xidmət edir.


Oxunma sayı: 3367

Oxşar yazılar