Türkiyədən müttəfiqlərinə PKK ilə bağlı XƏBƏRDARLIQ: “Terrorçulara hərbi geyim geyindirmək..."

  • 22:24 - 01 Dekabr

Türkiyə müttəfiqlərinə PKK terrorçularına və bu qanlı təşkilatın qollarına hər hansı formada dəstəyin yolverilməzliyi ilə bağlı xəbərdarlıq edir. 

Avropa.info xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar cümə axşamı Ankarada jurnalistlərə müsahibəsində deyib. 

“Terrorçulara hərbi geyim geyindirmək və onların ölkələrinin bayraqları ilə örtmək yolverilməzdir. Biz [müttəfiqləri] terrorçuların yerləşdiyi yerdən uzağa qüvvələr yerləşdirməyə və ümumilikdə hər cür dəstəyi kəsməyə çağırırıq”, - deyə türkiyəli nazir bildirib. 

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, Türkiyə ordusunun milli təhlükəsizliyi və sərhədləri təmin etmək üçün bütün hərəkətləri BMT Nizamnaməsinin 51-ci maddəsinə, yəni “özünümüdafiə hüququna” əsaslanır. “Biz qonşu dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edirik və eyni zamanda terrorçularla mübarizədə qərarlıyıq”, - deyən Akar YPG-nin (PKK-nın Suriya terror qanadı - red.) təxribatları və digər hərəkətlərinə diqqət çəkib. 

Türkiyəli nazir bu yaxınlarda Suriyadan Türkiyə sərhəd məntəqələrinin atəşə tutulmasını, nəticədə günahsız insanların həlak olduğunu xatırladıb. 

Onun sözlərinə görə, [regiondan] minlərlə kilometr uzaqda İŞİD-ı təhdid adlandıran, eyni zamanda Ankaranın Türkiyə sərhədləri yaxınlığında təhlükəni aradan qaldırmaq üçün atdığı addımlara qarşı çıxanların mövqeyi qəbuledilməzdir. 

Hulusi Akar Türkiyə ordusunun əməliyyatlarının yeganə hədəfinin terrorçuların qaldığını vurğulayıb. “Biz mülki əhalinin, eləcə də mədəni və dini obyektlərin təhlükəsizliyinə son dərəcə diqqətliyik. Biz heç bir etnik və ya dini fərq qoymuruq. Türklər və kürdlər qardaşdır”, - deyə türkiyəli nazir bildirib. 

O, Türkiyənin İŞİD terrorçularına qarşı faktiki olaraq mübarizə aparan yeganə NATO ölkəsi olduğunu xatırladıb: “Bu günə qədər biz İraqın şimalında və Suriyada 4500-dən çox İŞİD terrorçusunu məhv etmişik. Cinayətkar təşkilatlara dəstək verən qüvvələrdən asılı olmayaraq, Türkiyənin milli təhlükəsizliyinə təhlükəni aradan qaldırmaqda qərarlıyıq”. 

Hulusi Akar ABŞ-ın Türkiyənin Suriyadakı əməliyyatlarla bağlı planları ilə bağlı əlavə məlumat tələb etdiyini bildirib. “Həssas məqamlar barədə məlumat verdik. Biz vədlərin yerinə yetiriləcəyini gözləyirik”.


Oxunma sayı: 2960

Oxşar yazılar