İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 8 fələstinli həyatını itirib, aralarında uşaqların da olduğu çox sayda insan yaralanıb.
Avropa.info xəbər verir ki, İsrail ordusunun 10 oktyabr 2025-ci ildən qüvvədə olan atəşkəs razılaşmasına zidd olaraq Qəzza zolağına hücumları davam edir.
Qəzza zolağının şimalında Cibaliya qəsəbəsinin şərqində yerləşən Halava Qaçqınlar Düşərgəsində məcburi köçkün fələstinlilərin yerləşdiyi bölgəyə İsrail pilotsuz uçuş aparatının (PUA) təşkil etdiyi hücumda 2 fələstinli həyatını itirib, 8 nəfər isə yaralanıb.
Hücumda həyatını itirən Əhməd Hammude və Əhməd ən-Najcarın cənazələri, yaralanan 8 nəfər isə Şifa və es-Seraya səhra xəstəxanalarına aparılıb.
Yaralılar arasında Abdullah Hıdır en-Najcar və Musa Şaban da xəstəxanada dünyasını dəyişib.
Qəzza şəhərinin şərqindəki Tuffah rayonunda bir İsrail PUA-nın Nafak küçəsindəki bir evin damını hədəf alması nəticəsində bir fələstinli həlak olub, bir neçə fələstinli isə yaralanıb.
Cibaliya Qaçqınlar Düşərgəsindəki Fahura klinikasının yaxınlığında toplaşan fələstinlilərin İsrail ordusunun hücumuna məruz qalması nəticəsində bir fələstinli ağır yaralanıb.
İsrailin Qəzza şəhərinin qərbindəki Nəsr rayonunda bir binada bir mənzilə təşkil etdiyi hava hücumunda 2 fələstinli həyatını itirib, aralarında uşaqların da olduğu çox sayda insan yaralanıb.
İsrailin PUA ilə həyata keçirdiyi hücumda hədəf alınan mənzil tamamilə məhv olarkən, binada yanğın başlayıb və ərazidə yaşayanlar arasında çaxnaşma yaranıb.
Qəzza zolağının mərkəzi hissəsində Deyr əl-Belah şəhərinin şərqində, Səlahəddin küçəsində İsrail ordusunun açdığı atəş nəticəsində bir fələstinli həyatını itirib.
Hücum zamanı həyatını itirən Əhməd Əbu Murun cənazəsi Əqsa Şəhidləri Xəstəxanasına gətirilib.
AA müxbirinin şahidlərdən və yerli mənbələrdən əldə etdiyi məlumata görə, İsrail ordusu Deyr əl-Belahın şərqində nəzarət etdiyi bölgələrdə bəzi binaları partlayıcılarla məhv edib.
Digər tərəfdən, Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Mevasi bölgəsində İsrail əsgərlərinin məcburi köçkün fələstinlilərin çadırlarına atəş açması nəticəsində ağır yaralanan Rania Saadenin günlər əvvəl öldüyü bildirilib.
Qəzzada Səhiyyə Nazirliyindən verilən son açıqlamaya görə, İsrailin atəşkəs razılaşmasını pozan hücumları nəticəsində 1422 fələstinli həyatını itirib, 4 min 996 nəfər isə yaralanıb.
İsrailin 8 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda 74 mindən çox fələstinli həyatını itirib, 175 mindən çox insan isə yaralanıb. Hücumlarda Qəzzada infrastrukturun təxminən 90 faizi məhv edilib.






























