Sosial

Deputat Razi Nurullayev Fövqəladə Sosial Dəstək Fondunun yaradılmasını təklif etdi

18 Noyabr 2026, 08:33298
Reklam728x90
Reklam320x100

Mövcud sosial müdafiə mexanizmlərindəki prosedurlar və qiymətləndirmə meyarları səbəbindən qəfil ağır vəziyyətə düşən bir çox vətəndaş dövlət yardımından kənarda qalır. 2027-ci ilin dövlət büdcəsində ayrıca Fövqəladə Sosial Dəstək Fondunun yaradılması və sosial yardım sistemində şəffaflığın artırılması vacibdir.

Avropa.info  xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında qanunun birinci oxunuşu zamanı çıxışında deyib.

Fövqəladə Sosial Dəstək Fondu yaradılmalıdır

MCP başqanı mövcud ünvanlı dövlət sosial yardımı meyarlarının qəfil böhran yaşayan ailələrin vəziyyətini əks etdirmədiyini vurğulayıb:

“Təsəvvür edək, bir ailənin ötən il normal gəliri olub, ancaq bu gün ailə başçısı ağır xəstələnib, işini itirib və ya qəza keçirib. Ailənin iqtisadi vəziyyəti bir neçə gün ərzində tamamilə dəyişib, amma qiymətləndirmə mexanizmi əvvəlki dövrün gəlirlərini nəzərə alır. Nəticədə insanın bugünkü ehtiyacı ilə sosial yardım meyarları arasında ciddi fərq yaranır. Digər tərəfdən, bəzi zəruri tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil, Sosial Xidmətlər Agentliyinin xidmətlərinə isə bəzən səhlənkarlıq səbəbindən çıxış olmur. Təklif edirəm ki, dövlət büdcəsində ayrıca Fövqəladə Sosial Dəstək Fondu yaradılsın. Bu fond ağır xəstəlik, qəza, yanğın, ailə başçısının vəfatı və qəfil gəlir itkisi ilə üzləşən ailələrə operativ yardım göstərsin”.

Pensiyaların alıcılıq qabiliyyəti və xəstəlik müavinətləri

Millət vəkili minimum pensiyaların real yaşayış xərclərinə uyğunlaşdırılmasının və uzunmüddətli xəstələrin gəlir itkisinin kompensasiya edilməsinin zəruriliyini qeyd edib:

“İkinci məsələ minimum pensiyaların real alıcılıq qabiliyyətidir. Pensiyanın nominal məbləğinin artırılması həmişə pensiyaçının həyat şəraitinin yaxşılaşması demək deyil. Ərzaq, dərman və kommunal xərclərin artması nəzərə alınaraq, pensiyaların indeksləşdirilməsi mexanizmi real yaşayış xərclərinə daha həssas olmalıdır. Xüsusilə yalnız pensiya hesabına yaşayan vətəndaşların sosial vəziyyəti əməli tədbirlər tələb edir. Üçüncü məsələ isə uzunmüddətli xəstəlik səbəbindən aylarla işləyə bilməyən insanlardır. Belə hallarda mövcud müavinətlərin yetərliliyi yenidən qiymətləndirilməli, gəlir itkisini qismən kompensasiya edən əlavə dəstək mexanizmi nəzərdən keçirilməlidir”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600