Hər il dünyanı bürüyən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası cəmiyyətin diqqətini ən ağrılı yaralardan birinə — qadınlara qarşı zorakılığa yönəldir.
İnnovasiya və Qadın İnkişafı Təşəbbüsləri İctimai Birliyinin sədri Gülnarə Əmiraslanova Avropa.info-ya açıqlamasında bildirib ki, illərdir bu kampaniya çərçivəsində qadınların hüquqları, onların müdafiəsi, səslərinin eşidilməsi və zorakılığın qarşısının alınması üçün zəruri addımlar geniş müzakirə olunur. Lakin məsələyə daha dərin və bütöv baxanda görünür ki, qadınlara qarşı zorakılıq və ailədaxili gərginliklər tək bir insanın həyatı ilə məhdudlaşmır — onun kölgəsi çox vaxt ən müdafiəsiz tərəfin, uşaqların üzərinə düşür.

Gülnarə Əmiraslanova qeyd edib ki, uzun illər həm ictimai, həm də pedaqoji fəaliyyəti çərçivəsində apardığı müşahidələr göstərir ki, xüsusilə təkrar ailə quran şəxslərin himayəsində böyüyən uşaqların yaşadıqları çətinliklər çox vaxt evin qapalı qapıları arxasında gizli qalır. Cəmiyyətdə “özgə uşağı olmur” ifadəsini tez-tez işlətsək də, gündəlik həyatın acı reallığı göstərir ki, düşüncəmizdə “məndən olmayan”a qarşı soyuqluq, biganəlik və bəzən amansızlıq hələ də qalır. Məktəbdə qəfil içinə qapanan, baxışlarında narahatlıq gəzdirən, dərslərindən soyuyan və ya səbəbsiz aqressiya göstərən bir uşağın davranışının arxasında bəzən yeni ailə mühitində üzləşdiyi təzyiq dayanır. Ögey ana, ögey ata və ya evdə yaşayan digər qohumlar tərəfindən göstərilən bu münasibət təkcə fiziki zorakılıqla məhdudlaşmır — psixi basqı, sözlə alçaltma, maddi imkanların məhdudlaşdırılması, laqeydlik və hətta cinsi zorakılıq kimi ağır hallar uşağın dünyasını alt-üst edə bilir.
İctimai Birliyin sədri məhz bu reallıqlara əsaslanaraq illərdir vacib bir təklifi gündəmə gətirdiyini vurğulayıb: əvvəlki nikahdan övladı olan şəxslər yenidən ailə qurduqda, həmin uşaqların taleyi təsadüflərin ümidinə buraxılmamalı, dövlətin və aidiyyəti qurumların nəzarətinə götürülməlidir:
“Uşaq hüquqları üzrə qurumlararası komissiyalar, sosial xidmət mütəxəssisləri və məktəb psixoloqları bu cür ailələrdə uşaqların vəziyyətini birdəfəlik yoxlamalarla deyil, davamlı və planlı monitorinq vasitəsilə izləməlidirlər. Bu nə ailənin daxili işinə müdaxilə deyil, uşağın təhlükəsizliyini qoruyan zəruri profilaktik mexanizmdir”.
Beynəlxalq təcrübə və araşdırmalar nəyi göstərir?
Gülnarə Əmiraslanovanın sözlərinə görə, dünya üzrə aparılan sosioloji və psixoloji tədqiqatlar da göstərir ki, bioloji valideynlərdən biri və onun yeni tərəfdaşı ilə formalaşan ailələrdə uşaqlar daha həssas risk qrupuna daxil olurlar:
“Məsələn, ABŞ-də uşaqların rifahı və zorakılıq halları üzrə aparılan genişmiqyaslı milli araşdırmalarda (NIS-4) bioloji valideyni və yeni tərəfdaşı ilə yaşayan uşaqlarda etinasızlıq və emosional-fiziki zorakılıq göstəricilərinin hər iki bioloji valideyni ilə yaşayan uşaqlara nisbətən xeyli yüksək olduğu müəyyən edilib. Mütəxəssislər bunun əsas səbəbini yeni ailə rollarının düzgün qurulmaması, psixoloji hazırlığın olmaması və nəzarət mexanizmlərinin zəifliyi ilə izah edirlər.
Avropanın bir çox ölkəsində, xüsusilə Skandinaviya dövlətlərində bu riskləri azaltmaq üçün erkən müdaxilə və ailə dəstək sistemləri tətbiq edilir. Sosial işçilər və məktəblər birgə fəaliyyət göstərərək risk qrupuna daxil olan uşaqların həm təhsil mühitindəki, həm də ailədaxili sosial adaptasiyasını mütəmadi izləyir, lazım gəldikdə ailə üzvlərinə peşəkar psixoloji dəstək verirlər”.
Azərbaycanda mövcud yanaşma və qarşıda duran vəzifələr…
İctimai Birliyin sədri qeyd edib ki, ölkəmizdə də uşaq hüquqlarının müdafiəsi və məişət zorakılığı ilə mübarizə sahəsində hüquqi baza və dövlət proqramları mövcuddur:
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və yerli icra hakimiyyətləri yanında komissiyalar tərəfindən maarifləndirmə tədbirləri keçirilir, məktəblərdə psixoloji xidmətin gücləndirilməsi və sosial işçilərin fəaliyyətinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür.
Lakin mövcud mexanizmlərin daha təsirli işləməsi üçün qanunvericilik və icra qaydalarında qabaqlayıcı addımlar artırılmalıdır. Əvvəlki nikahdan uşağı olan şəxslər təkrar ailə qurduqda, bu məlumatın aidiyyəti qurumlar və məktəb psixoloqları ilə əlaqələndirilməsi, uşaqların sosial-psixoloji durumunun ilk mərhələdə dövri və qoruyucu şəkildə izlənməsi, yeni ailə tərəfləri üçün maarifləndirici-psixoloji məsləhətlərin verilməsi və məktəbdə risk siqnalları sezildikdə operativ reaksiya mexanizminin işləməsi zəruridir. “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası təkcə çağırışlar və tədbirlərlə məhdudlaşmamalıdır. Bu on altı gün həm də cəmiyyətin gizli qalan yaralarını üzə çıxarmaq və növbəti ilə qədər real qanuni dəyişiklikləri — xüsusilə təkrar nikahlarda uşaqların davamlı monitorinqini təmin edən mexanizmləri gündəmə gətirmək üçün ciddi fürsətdir. Uşağın susqunluğu onun xoşbəxt olması demək deyil; bizim borcumuz o susqunluğun arxasındakı ağrını vaxtında görmək və onun gələcəyini qorumaqdır”.
Avropa.info




