TRIPP marşrutu üzrə tikinti işlərinə başlanması regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiya baxımından mühüm dönüş nöqtəsidir. Bu layihənin praktiki mərhələyə keçməsi həm Ermənistanın daxili siyasi gündəminə, həm də regional güclərin Cənubi Qafqazdakı manevr imkanlarına birbaşa təsir göstərir.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə TRIPP marşrutu ətrafında cərəyan edən siyasi prosesləri və region ölkələrinin mövqeyini şərh edərkən bildirib.
Paşinyanın referendum kampaniyası
Ekspert qeyd edib ki, Ermənistan hökuməti mövcud regional reallıqları nəzərə alaraq prosesə praktiki yanaşma sərgiləyir və baş nazir Nikol Paşinyan bu layihəni konstitusiya referendumu ərəfəsində cəmiyyətə sülhün konkret iqtisadi dividenti kimi təqdim edir:
“TRIPP layihəsi üzrə tikinti işlərinin başlanması Ermənistan cəmiyyətində sülhə və iqtisadi əməkdaşlığa inamı artıran mühüm amildir. Digər tərəfdən, ölkədə yeni konstitusiya mətninin referendum yolu ilə qəbulu gündəmdədir və parlament müxalifəti buna kəskin etiraz edir. Paşinyan real işlərə başlamaqla cəmiyyətə sülh mühitinin artıq formalaşdığı mesajını verir. Mövcud vəziyyət erməni müxalifəti üçün ciddi siyasi və psixoloji zərbədir. Baş nazir referendum kampaniyası zamanı müxalifəti ölkənin iqtisadi dirçəlişinə və regional inteqrasiyasına mane olmaqda ittiham edərək onların mövqelərini daha da zəiflədə bilər”.
Rusiya və İranın etirazları layihəni dayandıra bilməyəcək
MCP rəsmisi vurğulayıb ki, Cənubi Qafqazda kommunikasiyaların açılması istiqamətində formalaşmış real siyasi iradə kənar təzyiqlərin qarşısını alır:
“İran bu məsələdə Rusiya ilə koordinasiyalı mövqe nümayiş etdirməyə çalışır. Lakin onların etirazları və siyasi təzyiq cəhdləri layihənin reallaşmasını dayandırmaq üçün kifayət etməyəcək. Çünki regional proseslər artıq yeni mərhələyə qədəm qoyub və nəqliyyat-kommunikasiya xətlərinin açılması qaçılmaz reallığa çevrilib”




