Cəmiyyət

Deputat Razi Nurullayev dövlət qurumlarındakı qohumbazlığı tənqid etdi

24 Noyabr 2026, 14:2997
Reklam728x90
Reklam320x100

Dövlət idarəçiliyində maraqlar toqquşmasının qarşısının alınması cəmiyyətdə kök salmış qohumbazlıq, yerlibazlıq və himayədarlıq hallarının aradan qaldırılmasına xidmət etməlidir. Rəhbər dəyişikliyi zamanı qurumda illərlə çalışan peşəkar kadrların sıxışdırılaraq onların yerinə qohum-əqrəbanın gətirilməsi dövlət aparatının səmərəliliyinə və vətəndaşların ədalət hissinə ciddi zərbə vurur.

Avropa.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında, “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Dövlət qurumu heç kimin ailə müəssisəsi deyil

Millət vəkili vurğulayıb ki, vəzifəyə təyin olunan şəxslər səlahiyyətlərindən şəxsi ətrafının deyil, xalqın problemlərinin həlli üçün istifadə etməlidirlər:

“Bizdə bəzən bir nəfərin vəzifəyə təyin olunması onun bütün ətrafının karyera yüksəlişinin başlanğıcına çevrilir. Qohumlar, dostlar irəli çəkilir, illərlə həmin qurumda çalışan peşəkarlar isə gözümçıxdıya salınır və işdən getməyə məcbur edilir. Dövlət qurumu heç kimin ailə müəssisəsi, dostlar klubu və ya şəxsi mülkü deyil. Məsələ məmurun qohumunun işləməsinə qadağa qoymaq deyil – onun da yüksəlmək hüququ var. Əsas meyar budur ki, həmin şəxs vəzifəyə öz biliyi və bacarığı ilə gəlib, yoxsa qohumunun səlahiyyətləri hesabına?”.

Qohumbazlıq bacarıqlı gəncləri ölkədən getməyə vadar edir

MCP başqanı qeyd edib ki, himayədarlıq mühiti cəmiyyətdə mənəvi-psixoloji sarsıntı yaradır və savadlı kadrların motivasiyasını məhv edir:

“Bu qanun cəmiyyətdə geniş yayılmış ‘adamın yoxdursa, heç nəyə nail ola bilməzsən’ düşüncəsini dəyişməlidir. Gənc öz diplomuna, biliyinə və zəhmətinə inanmalıdır, atasının telefon kitabçasına yox. Haqqı tapdalanan insanın dövlətə və öz gələcəyinə inamı azalır, bacarıqlı insanlar həvəsdən düşüb ölkədən getmək istəyir, bacarıqsızlar isə himayədar axtarmağı uğur yolu sayırlar”.

Məmur dostuna da, rəqibinə də eyni qanunla yanaşmalıdır

Parlamentari maraqlar toqquşmasının digər tərəfinə – şəxsi qərəz zəminində vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına da diqqət çəkib:

“Maraqlar toqquşması təkcə kiməsə qanunsuz üstünlük vermək deyil, şəxsi münasibətlərə görə kimisə qanuni imkanlardan məhrum etməkdir. Məmurun xoşlamadığı, onu tənqid edən insanın da hüquqları eyni dərəcədə qorunmalıdır. Dövlət məmuru dostuna da, rəqibinə də eyni qanunla yanaşmalıdır. Ədalətli dövlətdə insanın ən böyük dayağı qohumu deyil, qanun olmalıdır”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600