Cəmiyyət

“Kökümüzə Qayıdış” – Şəhid qızları at üstündə Zəfər yürüşündə

23 Noyabr 2026, 20:397
Reklam728x90
Reklam320x100

“Kökümüzə Qayıdış” layihəsi çərçivəsində şəhid qızlarının iştirakı ilə Zəfər yürüşü keçirilib. Milli geyimdə, at üstündə gerçəkləşən yürüş Azərbaycan qadınının qürurlu, cəsarətli və köklərinə bağlı obrazını nümayiş etdirib.

Avropa.info xəbər verir ki, yürüşdə şəhid general Polad Həşimovun, şəhid mayor Asiman Əliyevin, şəhid baş gizir Camal İsmayılovun, şəhid polkovnik- leytenant Əkrəm Şadmanovun, şəhid kapitan Nəcəf Şikarovun və şəhid baş gizir Oktay Bədəlovun qızları ilə yanaşı, dövlət qurumları, mediya nümayəndələri və ictimai fəal xanımlar iştirak ediblər.

Layihənin əsas məqsədi şəhid qızlarına mənəvi dəstək olmaq, onların yanında olduğumuzu hiss etdirmək, milli irsimizi, adət-ənənələrimizi və Azərbaycan xanımının tarixi obrazını yaşatmaqdır. Milli geyimdə at üstündə canlandırılan Azərbaycan qadını obrazı yürüşün əsas ideyasını özündə əks etdirib.

Layihənin rəhbəri, xalq qəhrəmanları Qaçaq Nəbi və Həcər xanımın kötücəsi Həcər Əkbərova bildirib ki, bu təşəbbüs şəhid qızlarına sevgi, diqqət və mənəvi güc verməklə yanaşı, milli kimliyimizə və köklərimizə bağlılığı ifadə edir.

“Kökümüzə Qayıdış” yalnız bir yürüş deyil, tariximizə, milli dəyərlərimizə və Azərbaycan qadınının qəhrəmanlıq ənənəsinə qayıdışın ifadəsidir. Bu təşəbbüs şəhidlərimizin bizə əmanət etdiyi dəyərlərin birlik, sevgi və yaşadılan ənənələrlə gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600