ABŞ Senatında respublikaçılar 2027-ci maliyyə ili üçün müdafiə xərclərini təxminən 1,1 trilyon dollar nəzərdə tutan təxsisatlar qanun layihəsini təqdim ediblər.
Avropa.info xəbər verir ki, “The Hill” qəzetinin yazdığına görə, Senatın Təxsisatlar Komitəsində respublikaçıların hazırladığı qanun layihəsində on milyardlarla dollar vəsait nəzərdə tutulub.
Müdafiə qanun layihəsi Pentaqon daxilində silah-sursat təchizatı və layihələrin sürətləndirilməsi üçün 47,2 milyard dollar, ABŞ Prezidenti Donald Trampın prioritetləri arasında yer alan “Qızıl Qübbə” hava və raketdən müdafiə sistemi də daxil olmaqla müdafiə qabiliyyətinin inkişafı üçün 35,6 milyard dollar nəzərdə tutur.
Hərbi tikinti xərclərinin yer almadığı qanun layihəsində təyyarələrin alınması, modernləşdirilməsi və texniki xidmətinə 11,1 milyard dollar, pilotsuz uçuş aparatları (PUA) və PUA əleyhinə sistemlərin tədqiqi, inkişafı və təchizatına 6,2 milyard dollar, gəmi tikintisinə isə 42 milyard dollar ayrılıb.
Qanun layihəsi silah sistemlərinin tədarükü üçün 285 milyard dollardan çox, hərbi platformaların tədqiqat, təkmilləşdirmə və sınaq fəaliyyətləri üçün isə 203 milyard dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutur.
Qanun layihəsində Ukrayna və Tayvana təhlükəsizlik dəstəyi də daxildir
Qanun layihəsi ABŞ-ın təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarını gücləndirmək üçün 5,4 milyard dolları əhatə edir.
Bu çərçivədə, Filippin və Tayvan ilə tərəfdaşlıqları gücləndirməyi hədəfləyən Birinci Ada Zəncirli Təhlükəsizlik Əməkdaşlıq Təşəbbüsünə təxminən 1 milyard dollar, Ukrayna Təhlükəsizliyinə Dəstək Təşəbbüsünə 750 milyon dollar və Baltik Təhlükəsizlik Təşəbbüsünə təxminən 175 milyon dollar ayrılacağı gözlənilir.
İordaniya və Bəhreyn ilə həyata keçirilən təhlükəsizlik sahəsində əməkdaşlıq proqramları üçün resursların artırılması da planlaşdırılır.




