Ermənistanın sülh danışıqları fonunda beynəlxalq platformalarda, xüsusən də BMT tribunasında saxlanılan şəxslər məsələsini yenidən gündəmə gətirməsi və keçmiş BMT qətnamələrinin icrası mövzusu beynəlxalq hüquq, diplomatiya və post-münaqişə dövrünün dinamikası baxımından fərqli yanaşmalarla qiymətləndirilir. Ümumiyyətlə, Ermənistanın belə iddialarla beynəlxalq müstəvidə çıxış etməsi sülh gündəliyinin prinsiplərinə ziddir. Bu kimi məsələlər iki dövlət arasında müzakirə olunmalıdır. Hər bir halda, Ermənistanın BMT-də bu mövzunu qaldırması sülh gündəliyinin ruhuna və etimad quruculuğu tədbirlərinə zidd addım kimi xarakterizə olunur.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Tural İrfan Ermənistanın BMT-dəki son iddialarını və sülh prosesinə təsir edən faktorları şərh edərkən bildirib.
Ekspert Ermənistanın beynəlxalq təşkilatlarda Azərbaycana qarşı təzyiq rıçaqları yaratmaq cəhdlərinin hüquqi əsassızlığını xüsusi vurğulayıb:
“Ermənistan bir tərəfdən ikitərəfli sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir, digər tərəfdən isə beynəlxalq qurumlarda Azərbaycana qarşı təzyiq rıçaqları yaratmağa çalışır. Söhbət Azərbaycan qanunvericiliyinə və beynəlxalq humanitar hüquqa uyğun olaraq ağır cinayətlərdə, separatizm, terrorizm, müharibə cinayətlərində ittiham edilən və məhkum olunmuş şəxslərdən getdiyi üçün, bu məsələnin siyasiləşdirilməsi danışıqlar prosesini ləngidən faktordur. Ermənistan diplomatiyası bu addımı humanitar məsələlərin və insan hüquqlarının qorunması kontekstində təqdim edir. Onlar iddia edirlər ki, sülh müqaviləsinin imzalanmasından əvvəl bütün saxlanılan şəxslərin azad edilməsi mütləqdir və bu məsələ beynəlxalq ictimaiyyətin diqqətində saxlanılmalıdır. Halbuki bu, tamamilə yanlış, qərəzli və əsasız yanaşmadır. Cinayət törətmiş şəxslərin əməllərini siyasətə bağlayaraq beynəlxalq hüquqi zidd iddialar qaldırmaq yaranmış sülh prosesinə qarşı çıxmaqdır”.
MCP rəsmisi Ermənistanın BMT qətnamələrinə ikili standartlarla yanaşdığını və keçmiş tarixi gerçəklikləri xatırladıb:
“BMT-nin sözügedən müvafiq qətnamələri Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləyir, işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin bu qətnamələr təxminən 30 il ərzində Ermənistan tərəfindən icra olunmadı və beynəlxalq birlik tərəfindən onların icrasını təmin edəcək sanksiyalar tətbiq edilmədi. Bu, ən böyük ədalətsizlik idi. Ermənistanın bu gün BMT mexanizmlərinə və humanitar prinsiplərə istinad etməsi, lakin vaxtilə eyni təşkilatın fundamental qətnamələrini onilliklər boyu görməzdən gəlməsi beynəlxalq hüquqa selektiv yanaşmanın bariz nümunəsidir. Əgər beynəlxalq hüququn aliliyi əsas götürülürsə, dövlətlər onun bütün qərarlarına və prinsiplərinə, xüsusilə də dövlətlərin ərazi bütövlüyü ilə bağlı icbari qərarlara eyni həssaslıqla yanaşmalıdırlar”.
Şərhçi regionda sülhün bərqərar olunması üçün ən effektiv həll yolunu göstərərək fikirlərini yekunlaşdırıb:
“Ümumiyyətlə, regionda dayanıqlı sülhün əldə olunması üçün beynəlxalq platformalarda qarşılıqlı ittihamlardan çıxış etmək əvəzinə, birbaşa ikitərəfli dialoqun gücləndirilməsi və keçmiş münaqişənin fəsadlarının hüquqi müstəvidə, suverenliyə hörmət prinsipləri çərçivəsində həlli ən effektiv yoldur






























