Azərbaycandakı tolerantlıq mühiti dünyaya örnəkdir

  • 12:35 - 01 İyul

Tarix boyu dünyanın ən tolerant ölkəsi kimi tanınan Azərbaycan həmişə dünya xalqlarına nümunə göstərilib. Bu baxımdan Azərbaycan tarixin bütün dövrlərində dini-etnik, milli və mədəni dəyərlərə, həmçinin müxtəlif dinlərin, millətlərin mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olması təsadüfi deyil. Belə ki, bu ənənənin kökləri eramızadan əvvəllərə gedib çıxır. Azərbaycan ilk dəfə dünyaya tolerantlıq nümunəsini eramızdan əvvəl VI-V əsrlərdə göstərmişdir. Belə ki, Babil hökmdarı II Novuxodonosurun (e. ə. 586-cı il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünlərinə Azərbaycan torpağı öz qucağını açdı və onlara sığınacaq verdi.

Sonrakı yüziiliklərdə də işğallara məruz qalmasına, ayrı-ayrı xalqların mədəniyyətlərinin təsiri altına düşməsinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini-mənəvi dəyərlərin daşıyıcısı olaraq qaldı. Buna paralel olaraq Azərbaycan eyni zamanda, birgə yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşması və inkişafına mühüm töhfələr verməkdə davam etdi.

Azərbaycanın dünyaya tolerant ölkə kimi nümunə olduğunu xüsusi vurğulayan Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib: “Tolerantlıq Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olan məsələdir. Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır. Tolerantlıq, dini dözümlülük müasir sivilizasiyada insanların təhlükəsiz şəraitdə yaşamasının ən mühüm şərtləndirən biridir. Tolerantlıq milli dövlətlər üçün ən zəngin xəzinə və dəyərlərdən biridir”.

Azərbaycan islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmaqla, dünyəvi və çoxkonfessiyalı dövlətdir. Ölkəmizdə dini konfesiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan mehriban dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycanda yüksək tolerantlıq ənənələri formalaşıb və bu model digər ölkələr üçün örnək ola bilər. Fikrimcə, bu sahədə ölkəmizin zəngin təcrübəsinin öyrənilməsi olduqca vacibdir və Azərbaycandakı yüksək tolerantlıq ənənələri digər ölkələr üçün örnək ola bilər.

Bu uğurun arxasında isə şübhəsiz ki, ölkəmizdə dövlət səviyyəsində tolerantlığa yüksək qiymət verilməsi dayanır. Məhz dövlətin qayğısı nəticəsində hazırda ölkəmizin timsalında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəfələrlə bu məsələyə toxunaraq qeyd edib ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar: “Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə də bizim ən böyük sərvətimizdir. Əsrlər boyu Azərbaycanda yaşayan bütün xalqlar bərabər hüquqlara malik idilər. Çox şadam ki, müstəqillik dövründə də, birinci iki ili istisna etmək şərti ilə, bu gözəl ənənələr yaşayır. Müstəqilliyimizin ilk illərində o vaxtkı iqtidar bütün sahələrdə, o cümlədən, milli münasibətlər sahəsində çox böyük səhvlər buraxmışdır, deyə bilərəm ki, cinayətlər törətmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra bütün məsələlər öz həllini tapdı və Azərbaycana xas olan dostluq, həmrəylik, qarşılıqlı dəstək meyilləri yenə də gücləndi”.

Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdəki tolerantlığın beynəlxalq müstəvidə təbliğində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Qurumun dəstəyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın milli və dini tolerantlıq, multikulturalizm təcrübəsini beynəlxalq ictimaiyyət ilə bölüşmək baxımından əhəmiyyətlidir.

Qeyd etmək lazımdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə 12 il öncə - 2012-ci dekabrında keçirdiyi “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda da ölkəmizdə tolerantlıq mühitinin dünyaya örnək olduğu xüsusi olaraq vurğulanıb. Forumun yekunu olaraq qəbul edilən “Bakı Platforması”nda dini tolerantlığın əhəmiyyəti və ekstremizmin zərərli olması o cümlədən dünyada tolerantlığın müdafiəsi istiqamətində dövlət nümayəndələri, din xadimləri və alimlərdən ibarət əməkdaşlıq şəbəkəsinin yaradılması məsələsi vurğulanmışdı.

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” layihəsi çərçivəsində çap olunur.


Oxunma sayı: 1321

Oxşar yazılar