“Ziyalı Ocağı” İctimai Birliyinin üzvləri və qonaqları Sumqayıt Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO

  • 18:39 - 29 İyun

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi bu il özünün “Vətənin Qəhrəman Oğulları” adlı layihəsini gerçəkləşdirdi. Silsiləli tədbirlər çərçivəsindəki növbəti ziyarət xarakterli tədbir Sumqayıtda reallaşdırıldı.

Birliyin üzvləri və qonaqları bu ilin iyun ayının 28-də Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət etdilər. 44 günlük Vətən müharibəsi və Azərbaycanın haqq davası haqqında məlumatlar ziyarət xarakterli tədbirin başlıca mövzusu oldu. Ali Baş Komandanın, cənab İlham Əliyevin düşmənə qarşı barışmaz mövqeyindən, habelə, rəşadətli Azərbaycan Ordusunun dünyaya səs salan döyüş bacarığından söhbət açıldı.

Layihə rəhbəri İlahə Əliyeva İllərlə azğın yağı tapdağı alltında inildəyən torpaqlarımıza azadlıq gətirən igid, cəsur, ölümün gözünün içinə dik baxa bilən oğulların hünərpərvərliyindən danışdı. Azğın erməni işğalından qurtulan ellərimizdən, obamızdan bəhs etdi.

Layihənin eksperti Fuad Hüseynzadə qonaqlara bu müqəddəs məkanda uyuyan igidlər və onların keçdikləri döyüş yolu haqqında ətraflı məlumat verdi.

Ekspert F.Hüseynzadə xüsusilə vurğuladı ki, Ali Baş Komandanın bir əmrinə Azərbaycanın bütün bölgələrindən, rayonlarından, kəndlərindən yüzlərlə, minlərlə çağırışçı qoşuldu. Azərbaycanın hüdudlarından kənarda yaşayan yüzlərlə soydaşımız vətənin səsinə səs verdi, harayına yetdi. Azərbaycana gələrək, könüllü şəkildə ordu sıralarına qatıldı: "Bütün dünya Azərbaycanlıları bir yumruq olaraq, düşmənə qarşı birləşdi, torpaqlarımızın müdafiəsinə qalxdılar. Şükürlər olsun ki, biz bu gün işğal altında olan torpaqlarımızı azad etdik, qəsb olunan ərazilərimizi geri qaytardıq. Bu, böyük xoşbəxtlikdir".  

Şəhid Əliyev Qubat Hüsur oğlunun həyat yoldaşı Xanım Əliyeva və onun balaca 4 yaşlı oğlu Qubat (bu balaca, şirin, qıvrımsaçlı oğlana atasının şəhadətindən sonra dünyaya gəldiyi üçün ona atasının adı verilib) Qubat oğlu Əliyevlə uzun, ürək dağlayıcı, eyni zamanda fəxrli, qürurverici söhbət tədbir iştirakçılarında və qonaqlarda böyük təəssürat yaratdı.

Şəhid xanımı bildirdi ki, o, sonuncu dəfə bizə Şuşadan zəng vurdu, Şuşanı aldığımızı söylədi: "Çox keçmədi ki, Qubatın şəhid olması ilə bağlı məlumat aldıq. Biz Qubat üçün çox darıxırıq, onun həsrətini çəkirik, bu öz yerində, amma biz Onun varlığı ilə qürur duyuruq. Ö bizim üçün, ölkəmiz üçün canından keçdi”.

Ziyarət əsnasında qonaqlardan biri- Özbəkistan Dövlət Teleradioyayım Kompaniyasının əməkdaşı, rejissor Nozima Rizayeva bildirdi ki, “torpaq, millət uğrunda qurban gedən, canını fəda edən oğulların ruhu daimayaşardır. Nə qədər ki, Azərbaycan xalqı var, onlar hər zaman fəxrlə, qürurla bu igidləri qəlbində yaşadacaq, və eyni zamanda onların göstərdiyi qəhrəmanlıq həmişə dillər əzbəri olacaqdır”.

Özbəkistanlı qonaq, “The adress” jurnalının Baş redaktoru Zamira Beşimova söylədi ki, “mən qısa ömür yaşayan, dünyadan nakam köçən bu igidlərin yarımçıq ömür dastanına qarşı çox həssasam. Məzar daşlarına, şəkillərə və yazılara baxıram, özümdən asılı olmadan gözümdən yaş axır. Ürəkağrıdıcı məqamdır.  Müharibə bütün halı ilə insanlara dəhşət və fəlakət gətirir”.

Özbəkistan Dövlət Teleradioyayım Kompaniyasının əməkdaşı Dildora Abdullayeva bildirdi ki, “başdan-başa gül-çiçəklə bəzədilən bu məkanı seyr etmək, buranı ziyarət etmək həm insanın qəlbini acıdır, həm də insana fəxr və qürur hissi gətirir. O xalq xoşbəxtdir ki, onun uğrunda düşünmədən qurban olmağa hazır olan qəhrəmanları var”.

Tədbir ziyarətlərlə davam etdirildi.

 

 

 

 

Avropa.info


Oxunma sayı: 1508

Oxşar yazılar