Avropa Türkiyəyə qarşı BİRLƏŞDİ: AVRO-2024-də biabırçılıq - FOTO

  • 11:37 - 27 İyun

“Azərbaycanda Türkiyə yığmasının azarkeşləri mütləq əksəriyyət təşkil etdiyindən Türkiyə-Çexiya oyunundan başlayaq. Türkiyə millisinin baş məşqçi problemi var. İtaliyalı Vinçenzo Montella sistemli, əzmkar komanda yarada bilməyib”.

Avropa.info xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında jurnalist Elman Cəfərli deyib.

O, ötən gün AVRO-2024-ün son turu çərçivəsində keçirilən prinsipial matçlardan söz açıb.

E.Cəfərli diqqətə çatdırıb ki, Türkiyə millisinin Portuqaliya qarşısında sərgilədiyi oyun biabırçılıq idi:

“Bu komandanın 1/8-dən o yana keçə biləcəyi real deyil. Dünən çex millisi qarşısında da dişsiz bir Türkiyə komandası var idi. Çexlər 10 nəfərlə qalmasaydı, bəlkə də nəticə başqa cür olacaqdı. Gürcüstanla oyundakı 3-1 qələbə isə daha çox Sanyolun yetirmələrinin təcrübəsizliyi ilə bağlı idi.

Portuqaliya-Gürcüstan oyununa gəlincə, Ronaldonun komandası qonşularımıza, türkün sözü, “torpil yapdı”, yəni üzgörənlik elədi. Əgər prinsipial və ədalətli oyun və ya dünənki həlledici matç olsaydı, Ronaldonun komandası gürcülərin daşını-daş üstündə qoymayacaqdı”.

Jurnalist xatırladıb ki, oxşar durum 1990-cı il dünya çempionatında da yaranmışdı:

“Kamerun yığması Argentina və Rumıniyanı məğlub edib qrup birincisi olmuşdu. Hər iki komanda SSRİ-ni udmuşdu və öz aralarında heç-heçə oynamışdı. Kamerunun 4, Argentina və Rumıniyanın 3, SSRİ-nin isə 0 xalı var idi. (ovaxtkı qaydalarla qələbəyə 2 xal yazılırdı – red.) Lakin son oyunda rus baş məşqçi Valeri Nepomnyayişinin rəhbərlik etdiyi Kamerun yığması bilərəkdən SSRİ-yə 0-4 uduzdu. Ancaq bu, Valeri Lobanovskinin komandasına bəs etmədi. 1/8-ə lider Kamerun və 2-ci, 3-cü yeri tutmuş Argentina və Rumıniya milliləri çıxdı. 2 xal toplamış SSRİ yığması isə turniri tərk etdi”.

“2004-cü il Avropa çempionatında Latviya yığması iştirak edirdi. Amma bu yığma bir dönəm parladı və söndü. Son illər isə ciddi bir uğura imza atmayıb. Azərbaycan millisinə gəlincə, səslənən iradlarla razıyam. Bizdə olan maliyyə imkanları Gürcüstanda, Latviyada olsaydı, onlar Avropa, Dünya Çempionatında iştirak edərdi”, – deyə o, əlavə edib.

“Gürcülərin futbol mentaliteti var, bizim yoxdur” yanaşmasını da doğru saymıram. Daha doğrusu, bu, amil həlledici deyil. Bahalı xarici məşqçi gətirməkdənsə, o pulu aşağı yaş qruplarına, futbol akademiyalarının inkişafına xərcləmək lazımdır. Berti Foqts, Fernandu Santuş öz ölkələrində uğur qazanıblar. Ancaq onlar qoca vaxtlarında Azərbaycan kimi ölkələrə pul qazanmağa gəlirlər. Futbola yanaşma kökündən dəyişməli, qohumbazlıq, tapşırıq məsələsi qadağan olunmalıdır. Kadrları, futbolçular ədalətli seçmək, istedadlı gənclərə şans vermək lazımdır. Bunu edə bilsək, futbolumuz inkişaf edəcək”, – E. Cəfərli yekunlaşdırıb.


Oxunma sayı: 1937

Oxşar yazılar