Cənub bölgəsinin mədəni irsi – Cəlilabad və Biləsuvar rayonundakı tarixi abidələr

  • 11:38 - 26 İyun

VI YAZI

Cəlilabad rayonu

Cəlilabad rayonu Bakıdan 208 km məsafədə yerləşir. Arxeoloqlar bu şəhərin kənarında Həmşəhrətəpə adlı qədim şəhər yeri aşkar etmiş və orada qazıntı işləri aparmışlar. Qazıntı nəticəsində eneolit dövrünə aid maddi mədəniyyət predmetləri tapılmışdır. Alimlərin fikrincə erkən zərdüştlik dövründə ari tayfalarından biri- məşhur maqlar tayfası məhz burada yaşamışdır. Maqlar qəbiləsinin nümayəndələri ənənəyə görə bu qədim dinin kahinlərinə çevrilir və onun ali kahinlər kastasının sıralarına qoşulurdular. Onlar təbabətin və zərdüştilik astrologiyasının sirlərini mənimsəmişdilər. Bu insanlar o qədər bacarıqlı idilərki, zaman keçdikcə həmin qəbilənin adı xüsusi isimə çevrilərək “Magiya” şəklinə düşmüşdür. Həmşəhrətəpə şəhər yerinin kiçik təpəliklərində məişət əşyaları və zərdüştilik dininə görə müqəddəs içki sayılan Xaoma hazırlamaq üçün vasitələr tapılmışdır. Rayon ərazisində çox saylı kurqanlar, şəhər yerləri, insan məskənləri və nekropollar tapılmışdır. Onların yaradılma dövrü tunc dövründən başlamışerkən orta əsrlər dövrünə qədər zaman kəsiyini əhatə edir.                                                                                                                                             

Şəhər lap əvvəldə Hasıllı adlanırdı. Sonradan onun adı dəyişdirilərək Astraxanbazar kimi işlədilməyə başladı. Şəhərin indiki adı Cəlil Məmmədquluzadənin şərəfinə verilmişdir. Cəlilabadda kiçik bir diyarşünaslıq muzeyi, park, mehmanxana və motel vardır. Cəlilabad şəhərindəki Cümə məscidinin maraqlı inşa tarixi var: 1916-cı ildə Çar Rusiyasının valisi Anukiyevdən qızıl pulla alınmış ərazidə yerli əhali tərəfindən inşa edilən məscid sovet hakimiyyəti dövründə məsciddən müxtəlif məqsədlər üçün, həmçinin anbar, kino, idman zalı kimi istifadə edilib. 1993-cü ildə məscid əsaslı təmir edilərək dindarların istifadəsinə verilib. Məscidin sahəsi 816 kvadratmetr, tutumu 856 nəfərdir. Məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir. Bu ibadət ocağı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarixi abidə kimi qorunur. Cəlilabad rayonunun Göytəpə şəhərində bünövrəsi 1850-1855-ci illərdə qoyulmuş, 1878-ci ildə istifadəyə verilmiş Xristian-Pravoslav kilsəsi indiyədək iki dəfə təmir edilmişdir və tarixi abidə kimi qorunur.

Biləsuvar rayonu

Biləsuvar rayonu Azərbaycan Respublikasının zəngin tarixi keçmişi olan ərazilərdən biridir. Biləsuvarın qədimliyini sübut edən 10 arxeoloji abidə və orta əsrlərə aid olan memarlıq abidəsi olan Şəhriyar qalası hələ də öz tədqiqatlarını gözləyir. 1288-1290-cı illərdə Qızıl Orda qoşunlarının Azərbaycana hücumu zamanı Elxani hökmdarı Arqun xanım (1282-1291) hərbi   düşərgəsi Biləsuvarda idi. Azərbaycan Sovet Ensiklopediyasının ikinci cildində Biləsuvar rayonu haqqında verilmiş məlumatda qeyd edilir ki, “Biləsuvar, Piləsuvar - Azərbaycanda şəhər tipli orta əsr yaşayış məntəqəsidir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvar X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır”. XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar rayonu qərbdən İranla həmsərhəddir.Azərbaycanın bütün ərazisində olduğu kimi Biləsuvar rayonunun ərazisi də ən qədim vaxtlardan insan məskəni olmuşur. Bunu rayon ərazisində aşkar edilmiş çoxsaylı arxeoloji tapıntılar və memarlıq abidələrinin qalıqları da təsdiq edir. Çöl Ağdam, İçəri Ağdam, Torağaylı kimi şəhər yerləri antik dövrə və erkən orta əsrlərə aiddir.

Təəssüf ki, bu arxeoloji obyektlərin əksəriyyəti hələ tədqiq edilməmişdir. Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölündükdən sonra bir hissəsi İranda qalmışdır. Rusiya imperiyası daxilində qalan hissəsinin əhalisi 1914-cü ildə Rusiya imperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20-40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur. SSRİ dövləti dağıldıqdan sonra 1991-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılmışdı. Biləsuvarın taixi ilə bağlı maraqlı məlumatlar çoxdur. Bəzi müəlliflər tarixi mənbələrə istinad edərək yazırlar ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşamışdır. O, belə bir nəticəyə gəlir ki, Biləsuvar iki tayfanın - bolqar və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. Daha sonra qeyd edilir ki, “Atlı əsgərlərin və çaparların keçid yeri” toponimi Biləsuvarın toponiminə uyğun gəlir. Biləsuvar toponimin “Belə”, “Su”, “Var” sözlərindən yarandığını qeyd edənlər də var. Yerli əhali də bu fikrə daha çox üstünlük verir. Biləsuvar beynəlxalq gömrük keçid məntəqəsi rayon ərazisində yerləşir. arixi araşdırmalar göstərir ki, Biləsuvar rayonunun ərazisindən keçən indiki Bolqar çayı kimi tanınan Biləsuvar çayı bir neçə adla adlandırılmışdır. İran ərazisində bu çayı cürbəcür- Şənbəçay, Adnabazarçay, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. kimi adlandırmışlar. Amma rəsmi xəritələrdə bu çayın adı həmişə Bolqar çayı kimi göstərilir.                                                                                             

Beləliklə, ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində cənub bölgəsində də böyük potensiala malik dini turizm sürətlə inkişaf etməkdədir. Lakin bununla yanaşı, xüsusi olaraq qeyd etməliyik ki, dini turizmi cənub bölgəsində daha da populyar etmək üçün bir sıra işlərin görülməsi çox vacibdir. İlk növbədə tarixi və dini abidələrin yaxınlığında müvafiq infrastrukturlar yaradılmalı və onlar haqqında KİV-də mütəmadi olaraq məlumatlar, reklamlar verilməlidir. Eyni zamanda turizmlə bağlı şirkətlər öz turlarına cənub bölgəsində yerləşən dini ziyarətgahları da əlavə etməlidir.                                                                                                  

İkincisi, bölgəyə gələn turistlərə əlverişli qiymətlər təklif olunmalıdır, çünki sirr deyil ki, ölkəmizdə turizm xidmətlərinin qiyməti xeyli bahadır. Bu məsələ mütləq həll edilməli, bölgələrə turist gətirən turizm şirkətlərinə müəyyən vergi güzəştləri tətbiq edilməli, onlar üçün stimullaşdırıcı proqramlar təşkil edilməlidir. Çünki istənilən bölgəyə səyahət edən turist ilk növbədə həmin bölgənin (rayonun) tarixinə, dini abidələrinə, ziyarəgah və məscidlərinə böyük maraq göstərir. Bunun sayəsində isə bölgənin dini abidələrinin daha çox tanıdılmasında vasitə rolunu oynayır.  Cənub bölgəsində mövcud olan pirlərə gəlincə isə onların böyük əksəriyyəti tarixi mədəniyyət abidələri kimi Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınıb. Bu abidələrin bərpası və turistlərə bir maraq obyekti kimi çatdırılması istiqamətində nazirlik tərəfindən çox ciddi iş aparılır ki, bu işdə ölkə rəhbərliyi də maraqlıdır.

Yazı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Cənub bölgəsində mədəni irsin təbliği istiqamətində təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.

 

Avropa.info

 


Oxunma sayı: 1695

Oxşar yazılar