“Labirintdən çıxış” Regional Ekspert Şəbəkəsi erkən nikahlarla bağlı müraciət yaydı

  • 17:27 - 21 May

Azərbaycanda erkən nikahlar hər zaman gündəmdə olan ciddi məsələlərdən biridir.

Erkən nikah qadınlara qarşı zorakılığın formalarından biridir. O cümlədən qızların təhsildən məcburi yayındırılması da zorakılıq halı kimi dəyərləndirilməlidir.

Tədqiqatalr göstərir ki, erkən nikah və təhsildən yayındırma hallarının tətbiqi əsasən valideynlər və yaxın qohumlar vasitəsilə həyata keçirilir. Heç şübhəsiz ki, onlar da bu addımı instiktiv olaraq özlərini müdafiə və təhlükəsiz hiss etmələri üçün atırlar. Lakin heç bir səbəb bu hala haqq qazandırmamalıdır.

“Labirintdən çıxış” Regional Ekspert Şəbəkəsi də bu mövzuda qətiyyətli mövqe sərgiləməkdə davam edir. Belə ki, Şəbəkə üzvləri əldə edilən məlumatlara əsasən, erkən nikahın hələ də aktual problem olaraq qaldığını nəzərə alaraq, 19 may 2024 cü il tarixdə mövzu ilə bağlı növbəti onlayn müzakirəni təşkil edib. Müzakirədə qonaq ekspert qismində Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev iştirak edib.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatına görə, Azərbaycanın 12 iqtisadi rayonu üzrə 293 (2022-ci idə 269) erkən evliliyin qarşısı alınıb.

Gədəbəy (29), Lənkəran (22), Abşeron (16), Şabran (15) rayonlarında erkən evlilik cəhdləri olsa da, qarşısı alınıb. Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzürlü səbəblər müəyyən edildikdən sonra 233 (2022-ci ildə 271) yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib.

Hesabatda bildirilir ki, Qarabağ (64 hal) və Mərkəzi Aran (30 hal) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir.

2022-ci ildə Qazax-Tovuz (59) və Mərkəzi Aran (40) rayonlarında erkən evliliyə daha çox meyl olub. Xüsusilə Bərdə (26), Biləsuvar (21), Ağcabədi (20) və Yevlax (15) rayonlarında nikah yaşının 1 il azaldılmasına daha çox razılıq verilib.

Naxçıvan Muxtar Respublikasının icra hakimiyyətləri tərəfindən (Babək, Culfa və Sədərək rayonları) ümumilikdə 7 nəfərə nikah yaşının azaldılması ilə bağlı icazə verilib.

REŞ üzvlərinin müzakirəsi zamanı, ölkədə erkən nikah və qanunveriçilikdə olan ziddiyyələr, erkən nikaha daxil olan şəxslərə sosial dəstək proqramlarının olmaması, erkən nikaha daxil olan şəxslərin ailə içində hüquqlarının pozulması ilə yanaşı, onların istismar hallarını müəyyən edən meyarlarla bağlı işin araşdırılmamamsı kimi məsələlər qaldırılıb.

Hüquqşünas Əsabaəli Mustafayev ümumiyyətlə erkən nikah anlayışının qanunda olmadığını, burada məcburi nikah anlayışından söhbət getdiyini qeyd edib. O cümlədən qanunla qeydə alınmayan nikahları da faktiki nikahlar kimi qiymətləndirib.

Hüquqşünas problemin nəticəsinin deyil, səbəblərinin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsinin vacibliyini qeyd edib. Eləcə də, problemlə mübarizədə, cinayət təqibindən daha çox inzibati tədbirlərin vacibliyini vurğulayıb. Ə.Mustafayevin fikrincə, hər həbs bir ailənin, bir nəslin faciəsidir və bu baxımdan da inzibati tədbirilər daha məqsədəuyğundur.

Mütəxəssis hesab edir ki, erkən nikaha, dərsdən yayınmağa meylli qız uşaqları ilə iş aparmaq məktəb psixoloqlarına tapşırılmalıdır. Onun fikrincə, qızların kənar meylləri, onların ailələrində olan söz-söhbətlər məktəblərdə daha tez bilinir. Bu səbəbdən də psixoloqlar bu məlumatları məktəb rəhbərliyi vasitəsilə bələdiyyələrə, yerli icra nümayəndəliklərinə, QHT-lərə ötürə bilər. Bu isə öz növbəsində gözlənilən erkən nikahın qarşısını ala bilər. Bunun üçün həmin psixoloqların özləri ilə əvvəldən iş aparılmalıdır. Eləcə də, oğlanlarla bağlı bu proses reallaşdırılmalıdır.

Müzakirə zamanı, ekspertlər 16 yaşlı qızların qaçırılması, “qoşulub getməsi” kimi hallarda polis məsələyə qarışarkən “öz razılığımla gəlmişəm” ifadəsinin əsas götürülməsini arzuolunmaz hal kimi dəyərləndiriblər. Bildirilib ki, Azərbaycan Konstitutsiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununda 18 yaşa qədər şəxslərin uşaq hesab edilməsini nəzərə alsaq, 16 yaş həddində uşaqların nikaha könüllü razılığı üzrə vəziyyətin aydınlaşdırılması üçün uşaqları həmin mühitdən ayıraraq, mütəxəssislərin iştirakı ilə araşdırmanın aparılmasını vacib hesab edir.

O cümlədən, ictimaiyyətin erkən nikahla bağlı qaynar xəttlərə və yaxud səlahiyyətli orqanlara verdiyi məlumatların məxfiliyinin qorunmasına riayət edilməsini, ictimaiyyətin dəstəyinin stimullaşdırlmasını əhəmiyyətli hesab edir.

REŞ iştirakçıalrı qeyd ediblər ki, bəzi rayonlarda erkən nikahla bağlı problemləri işıqlandıran şəxslərin qınaq obyektinə çevrilməsi, təkcə adi əhali yox səlahiyyətli qurumlar tərəfindən müşahidə edilir. Bu cür halların qarşısının dərhal alınması üçün nazirliklər öz tabeliyində olan rayon şöbələrini ciddi təlimatlandırmalıdır.

REŞ təklif edir ki, erkən nikaha daxil olan şəxslər üçün yeni sosial proqramların tətbiqinə böyük ehtiyac var. Bu və digər səbəbdən erkən ailə qurmuş şəxslərin bu proqramlara cəlb edilməsi onların gələcəkdə müxtəlfi cinayətlərin qurbanına çevrilməsinin qarşısını ala bilər. Eləcə də, həmin şəxslərə hüquqlarının izah edilməsi və müxtəlif hüquqi prosedurlarda onlara dəstək verilməsi olduqca vacibdir. Çünki əksər vaxt ailə içində olsalar da, erkən nikaha daxil olan qızların hüquqları müdafiə edilimir. O cümlədən, erkən nikaha daxil olan gənc qızlara dövlət himayəsini görən ailə üzvləri, ona qarşı ayrı-seçkiliyi aradan qaldırar, yaxud bunu etməkdən çəkinər. Belə olan halda, həmin ailələrin erkən dağılmasının qarşısının alınmasını mümkün hesab edir.

REŞ üzvləri hesab edirlər ki, erkən nikaha daxil olan şəxslərin xəritəsinin hazırlanmasına böyük ehtiyac var. Bu xəritə hər bir inzibati rayon üzrə İcra Hakimiyyəti, polis, bələdiyyə tərəfindən hazırlanmaqla, SXA-ya təqdim edilməlidir.

REŞ üzvləri uşaqların erkən ailə qurmaq həvəsinin təhsildə boşluqdan bəhrələndiyini vurğulayıblar. Bildirilib ki, Elm və Təhsil Nazirliyinin regional monitorinq qrupları vəziyyəti daimi nəzarətdə saxlamağa çalışsa da, boşluqlar hələ də qalmaqdadır. Belə hallarda İnzibati Xətalar Məcəlləsi və eləcə də Ailə Məcəlləsini əsas götürərək, valideynlərin inzibati cərimələrə cəlb edilməsinin aktullaşdırılmasına ehtiyac var.

Təkliflərdən biri də rayonlarda İH, bələdiyyələr, QHT-lər tərəfindən, təhsildən yayınan qızların xəritələrinin hazırlanaraq ETN-ə təqdim edilməsi ilə bağlıdır.

REŞ üzvlərinin fikrincə, natamam orta təhsil almış şəxslərin bəzən qeydiyyatı olmadığı üçün attestat da ala bilmir. Qeydiyyatı olmayan şəxslərin məktəbdən uzaqlaşdırılması halları onların təhsildən yayınmasına gətirib çıxarır. O cümlədən, peşə təhsili almaq istəyən şəxslər üçün attestat tələbi məhdudiyyətlərlə nəticələndiyi üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin bu məsələdə istisnaları nəzərə alması olduqca vacibdir.

REŞ təklif edib ki, inkişaf etmiş dövlətlərdə olduğu kimi, erkən nikaha daxil olan şəxslərlə iş üzrə, sosial həssas ailələrin müəyyən edilməsi, eləcə də təhsildən yayınma hallarının vaxtında aşkarlanması, onların ehtiyaclarının qiymətləndirilməsi ilə bağlı qeyri-hökumət təşkilatlarının ailələrlə işə cəlb edilməsi hesabatlarının səlahiyyətli orqanlara təqdim edilməsi mexanizmi həyata keçirilməlidir.

Şəbəkə erkən nikaha daxil olmuş şəxslərin faktiki nikahda oluğu ailələrdə istismar hallarının müəyyən edilməsi üzrə də işin aparılmasının vacibliyini vurğulayıb. Hazırda, bir çox ölkələrdə, erkən nikaha daxil olan şəxslərin ailə içində istismarı faktlarının insan alveri qismində qiymətləndirildiyini nəzərə alaraq, belə fatlar aşkarlanarsa, İAQMBİ istiqamətləndirilməsi və araşdırılmanın aparılamsını vacib hesab edir.

Ekspertlər hesab edirlər ki, tənha ana ilə və ögey valideynlərlə yaşayan, yaxud himayəyə verilmiş qız uşaqlarının da xəritəsi hazırlanmalı, onların ailələri ilə mütəmadi iş aparılmalı, övladlığa götürmə qaydasına uyğun monitorinqlərə uyğunlaşdırılmalıdır. Bu işə bələdiyyələr və yerli icra nümayəndəlikləri, QHT-lər cəlb olunmalıdır. Çünki təcrübədə ögey valideyndən, yaxud himayəsində olduğu ailənin üzvləri tərəfindən mütəmadi zorakılığa məruz qalan qızların, ailədən qaçmaq üçün erkən nikahı seçməsi faktları da az deyil.

REŞ hesab edir ki, erkən nikaha təsir edən amillər sırasında qızların təhlükəsizliyi, stereotiplər, ailədə zorakılıq, qadınlara qarşı ayrı-seçkilik, sosial rifah, təhsil üstünlük təşkil edir. REŞ Sosial Xidmətlər Agentliyinin, ETN, Bələdiyyələr, İH, QHT-lə birgə əməkdaşlığı çərçivəsində həssas qrupların xəritəsinini hazırlamaqla yanaşı, evdə sosial iş mexanizmini işə salmaqla, problemlərin vaxtında aşkarlamaq və tərəfləri dəstək proqramlarına çəlb etməklə, problemin qarşısının çevik surətdə alınmasına nail olmaq mümkündür.

Şəbəkə bütün bu təkliflərin gender əsaslı zorakılıqla mübarizə üzrə (məişət zorakılığı, insan alveri, kişi-qadın bərabərliyinin təminatına dair) qəbul ediləcək Milli Fəaliyyət Planlarına əlavə edilməsini arzuolunan sayır.

Avropa.info


Oxunma sayı: 2168

Oxşar yazılar