"İran rejiminə ŞOK ZƏRBƏ": "Financial Times" Rəisinin ölümünün İrana təsirindən yazdı

  • 18:45 - 20 May

"İran prezidenti İbrahim Rəisi helikopter qəzasında həlak olub və iranlı xadimin ölümü "İslam rejiminə və 1989-cu ildən İran dövlətinin ali lideri Ayətullah Əli Xamneyiyə sarsıdıcı zərbə vurub". 

Avropa.info-nun məlumatına görə, Britaniyanın "Financial Times" qəzeti yazır ki, Rəisi İranın gələcəyini dəyişdirəcək radikal siyasət yürüdən görkəmli prezident idi. Nəşr qeyd edib ki, Rəisinin 2021-ci ildə prezident seçilməsindən sonra “o, 85 yaşlı ali dövlət başçısının ölümündən sonra sərt xətt tərəfdarlarının təsirini gücləndirmək və ölkənin yüksək postunun rəvan varisliyini təmin etmək üçün Xamneyinin planlarının tərkib hissəsi olan lider hesab olunurdu". 

Jurnalistlər hesab edirlər ki, “Bu mövzu son on ildə İran siyasətində dominantlıq edib və bundan sonra da üstünlük təşkil edəcək... Rəisinin ölümü daxili və xarici siyasət sahəsində son nəticədə Xamneyinin müəyyən etdiyi əsas qərarlara nəzərəçarpacaq təsir göstərməyəcək...”

Qəzet qeyd edib ki, prezidentin ölümündən sonra “Xameneyi və digər əsas güc mərkəzləri təcili olaraq növbəti seçkilərə hazırlığa başlamalıdırlar ki, bu da öz tarixində çətin dövrünü yaşayan sistem üçün yeni çağırışdır”. İran konstitusiyasına görə, seçkilər 50 gün ərzində keçirilməlidir. 

"...Bir çox iranlılardan sadəcə olaraq səs verməkdən imtina etməklə öz qəzəblərini üzə çıxaracaqlarını gözləmək olar. 2021-ci ildə prezident seçkilərində fəallıq 1979-cu il İslam İnqilabından sonra ilk dəfə olaraq 50%-dən aşağı düşdü. Builki parlament seçkilərində rekord dərəcədə aşağı fəallıq qeydə alınıb. Səsverməyə gedənlərin sayı 41%-dən azdır”, - materialda deyilir. 

Xatırladaq ki, mayın 19-da İbrahim Rəisi də daxil olmaqla yüksək rütbəli iranlıları daşıyan helikopterin qəzaya uğraması ilə bağlı məlumat yayılıb. Qəzanın mümkün səbəbi əlverişsiz hava şəraitinin olduğu bildirilib. 

Daha sonra Rəisi, İranın xarici işlər naziri Əmir Abdullahian və helikopterdə olanların qəzada həlak olduqları məlum olub. 

"Reuters" agentliyi yazıb ki, İranın hazırkı prezidentinin ölümündən sonra dövlət başçısı vəzifəsini birinci vitse-prezident Məhəmməd Möhbər icra edəcək.


Oxunma sayı: 2058

Oxşar yazılar