Anarın hekayələrində özgələşmə PROBLEMİ

  • 11:13 - 30 Noyabr

(Əvvəli burada)

(İkinci bölüm)

Ölümün hənirtisi

Qapının kandarında dayanan ölümün verdiyi xəbərdarlıq siqnalı sanki kimsəsiz insanı düçar etdiyi Qordi düyününə elə məngərləyir ki, ən qüvvətli qollar da səssiz gələn faciənin gecikmiş təəssüfləri qarşısında biçarə, aciz qalır. Anarın qəhrəmanları hənirini duyduqları ölüm məfhumunun əlindən nə qədər can qurtarmağa çalışsalar da xislətin naqis tərəfinin onlara gətirdiyi bədbəxtliyin aciz qurbanı olurlar. “Vahimə”, ”Qırmızı limuzin” hekayələrində qaçılmaz sonluğu göstərən ədib bunları qəhrəmanların timsalında göstərir. Anarın “Qırmızı limuzin” hekayəsində yaratdığı simvollaşdırılan adsız qəhrəman obrazı həyatda yalnızdır. Bütün qanunlardan azad olan yuxular hər gün eyni həyatı yaşamağa məhkum olan onun röyalarında nədənsə qaydaya tabe olaraq silsilə ilə davam edir. Hər gecə gördüyü qorxulu yuxu vahiməsi ilə qurduğu zəngli saatdan əvvəl oyanır. 

Və bir gün yuxularının qorxulu röyası qırmızı limuzini həyatda canlı görən, evdən çıxanda həyətdə, sonra dayanacaqda, metronun çıxışında, dar və keçilməz küçələrdə, iş yerinin həyətində 19 91 nömrəli avtomobilin onu izləndiyini düşünür. Küçədə gəzərkən belə hər şeyin dəyişib özgələşdiyini, sanki yadlaşma lövhələrinin ətrafı tutduğunu hiss edir. Həyatı boyu bu qədər təlatümlü olmayan qəhrəmanın yalnız katibəyə ehtiyacı var. Limuzin haqqında ona hər şeyi demək, yenidən aralarında qirilmiş bağları birləşdirmək istəsə də bu şansdan məhrumdur. Xoşbəxt olarkən etdiyi səhvlərini indi tək qaldığı zaman anlayan onun bu çarpışmaları əbəsdir. Xaricə köçməyə hazırlaşan katibənin evindəki kitablar haqqındakı söhbət zamanı qadının dedikləri əslində çox böyük məna ifadə edirdi. Bu fikirlərlə o qadını yenidən tanıyır:

“Hər halda bu kitablar bir ailə idi. İndi bir-birindən ayrılırlar, ailə dağılır. Sabah hərəsi şəhərin başqa-başqa yerlərində, başqa-başqa evlərdə, başqa-başqa adamların əlində olacaq. Bir də heç vaxt bir-birləriylə görüşməyəcəklər. - Bir an susdu, sonra əlavə etdi - səninlə mənim kimi...” (“Qırmızı limuzin”). Artıq tamamilə tək qalan hər kəsin ona özgə olduğu mühitdə sonunun çatdığını,bundan qurtuluş olmadığını bilən o ölümünü vüqarlı təmkinlə qarşılayır və elə həmin qırmızı limuzindəki bombanın partlaması nəticəsində dünyasını dəyişir. Müstəqillik illərində qələmə aldığı bu hekayədə müəllif bu dönəmdə yeni qurulmuş cəmiyyətdə möhkəmlənməmiş münasibətlər fonunda insan bağlarının itməsi nəticəsində ölümün labüdlüyünü əks etdirir. Anar yaradıcılığında özgələşmə aparıcı xətt kimi özünün pik nöqtəsini bu hekayədə tapır.

Bu xətti ədib sanki “Vahimə” hekayəsində də davam etdirərək, məşhur psixoloq, hamının dərdinə dərman tapan, lakin qorxulu vahimələrindən az qalsın dəli olan Orucun simasında qabarıq formada davam etdirir. Məşhur həkim olduğu üçün hər şeyi olan Oruc yoldaşına, ailə üzvlərinə laqeyd münasibət bəsləyərək Ofeliya ilə əlaqə qurur və bununla da əslində onun üçün hər şey edən xanımına xəanət edir və ona qarşı soyuq münasibət göstərir, yadlaşır. Onların əlaqəsini gizləyən, əvvəl Baləminin atasının olan, sonra ermənilər yaşayan və Oruca hədiyyə verilən ev sonrakı hadisələr fonunda cəhənnəm ocağına çevrilir. Evdə Baləminin oğlu kimi özünü təqdim edən adamla dava nəticəsində onu öldürdükdən sonra psixoloji sarsıntı keçirir və ətrafdan qaçmağa çalışır. Yenidən bağa gəldikdə həmin hadisələrin axınına düşən Oruc elektrik vurması nəticəsində dünyasını dəyişir. Ədib bu əsərdə də müstəqillik dövründə insanlarda olan fobiyaları, sanki izlənmək qorxusu səbəbi ilə yaranan psixoloji özgələşməni ekzistensialist formada qələmə almışdır. 

İntihar- absurddan qurtuluş

Absurdla qarşı-qarşıya gəlmək insanı iki seçimdən birini etməklə üz-üzə qoyur: intihar etmək və ya qəbul etmək. Anar hekayələrində bəzən A.Kamyunun mövqeyindən çıxış edərək intiharı çıxış yolu kimi göstərir. Yaradıcılığının ilk illərinin məhsulu olan “Nisbət nəzəriyyəsi” hekayəsi də bu qəbildəndir. Heç kimi qırmayan, hər şeyə səbr edən, hamının bu həyatda nəydəsə haqlı olduğunu qəbul edən sanki, mülayim və səxavətli dəniz obrazını canlandıran Hikmət zahirən xoşbəxt görünsə də daxilən param-parçadır. Arvadı Nəimənin professor Ələsgərovla münasibətindən xəbərdar olsa da, bacısı Zəhranın haqlı təhqirlərini sakit tərzdə qəbul edir. Heç vaxt haqq səsini çıxarmayan Hikmət nəhayət, öz sonunu özü seçir və intihar etməklə oxucunun düşündüklərində çaşqınlıq yaradır. Hikmətin intiharı onun həyatda öz yerini tapa bilməməsinin, dəyərini qiymətləndirməməsinin, hər kəsə haqq qazandırarkən mənən məhv olmasının nəticəsidir. Hər kəsin xoşbəxt gördüyü “Axı nəyi çatmırdı?” deyə düşündüyü, həyatında hər şeyi olan Hikmət özgə həyatını yaşayır. O, zahirən göstərməsə də daxilən bunu qəbul edə bilmir və bu dəfə öz mövqeyində artıq o haqlıdır. Mənəvi boşluqlar, daşıdığı qeyrət yükünün çəkilməzliyi onu bu yola məcbur edir. Anar burada mənən əzilmiş, saxta həyat yaşayan qəhrəmanı intihar yolu ilə yaddaşlara həkk edir.

Ədibin hekayə yaradıcılığına diqqət yetirərkən bəzən qəhrəmanların sonda çarəsizlikdən çıxış yolu tapa bilmədikdə intihar etmək istəmələri təbii hal kimi öz əksini tapır. “Qaragilə” hekayəsində vaxtında səsini çıxarıb özü kimi olmaq istəməyən Kazımın həbsini, sonrakı tənhalığını və təklikdən intihar etmək istəməsini görürük. İrandakı azadlıq mübarizəsi zamanı o da Hüseyn, Qurban, Əyyub kimi inqilaba qoşulub zülm zəncirindən azad olmaq, arzuladıqları həyata qovuşmaq üçün çarpışa bilərdi. Lakin inqilab zamanı səsini çıxarmasa da vurğunu olduğu həyat yoldaşı Mehinin azadlıq nəğmələrinə görə zindana düşür, həbsdən çıxdıqdan sonra isə reallıqları görür. Qurbanla Hüseynin yolunu dar ağacından keçirən zaman yağışa baran, günəşə şəms deyən və bunu hamıya qəbul elətdirməyə çalışan Əyyubu əvvəlkindən fərqli olaraq özgə adama çevirmişdi. Ailəsinin də ölümündən xəbərdar olan qəhrəman artıq boş, mənasız yaşamaqdansa intihar yolunu seçir. Təsadüfən radioda eşitdiyi səsin Mehinə aid olduğunu əminliklə anladıqdan sonra isə bu fikri unudub bir gün radio almaq, Mehinin səsini dinləmək arzusu ilə yaşayır. Onu özünə qaytaran Mehinə olan sevgisidir.

Manqurtlaşan beyinlər

İnsan öz istəyi ilə cəmiyyətdən, ətrafından uzaqlşırsa bu özgələşmə, zorən kiminsə dediyini qəbul edərək dəyişmək isə manqurtlaşmadır. İnsanın ruhuna hakim kəsilmək, arzu və istəklərini boğmaq onun haqq səsini batırmaqdır. Basqılar altında kimliyini dananların, manqurt kimi yaşamağa məhkum olan insanların həyatını Anar yaxın keçmişdən bəhrələnməklə qələmə alır. Sovet hakimiyyəti dövründəki məcburi yadlaşmanı “İztirabın vicdanı”, “O gecənin səhəri” hekayələri ilə göstərən ədib rejimə qarşı nifrətini, zamanın eybəcərliklərini ustalıqla əks etdirir. “İztirabın vicdanı” hekayəsində ikili simaları göstərən ədib dövr cəlladlarının daxilindəki insanlıq duyğularının ölülüyünü, çöldə hamının gözü qarşısında həssaslıqla qoruduqları qocalara, qadınlara “içəri” salınarkən necə zülüm verdiklərini, vurduqları yumruqları yaratdığı yaşlı kişi obrazının dili ilə çatdırır. Zorən, güclə yuxarıların dediyi kimi olmalı olanlar ya xoşbəxtlikdən ağlını itirir, ya da ölümə məhkum olurlar. Qəhrəmanın dəhşətlərlə dolu həyat hekayəsi isə insanda riqqətə gətirir. Tanımadığı qapını döydükdən sonra ev sahibini əvvəlcə özünün vəfat etmiş oğluna, sonra evdəki xanımı qızına bənzədən bu qocanın fikirləri sonda əslində nə oğlunun, nə də qızının olmaması ilə yekunlaşaraq oxucunu sarsıdır. Dövrün digər insanları kimi o da represiya zamanı şairə həyat yoldaşının həbsxanada başına gətirilə biləcək işlərdən qorxur və çıxış yolu kimi onu öldürməyi düşünür və bunu edir. Lakin əslində onun məhkəməyə deyil, başqa yerə aparılacağı fikri ağlına gəlmədiyi üçün və ən əsası hamilə yoldaşını öldürdüyü görə özünü bağışlamayan bu yaşlı insan ürəyindəkiləri ona tamamilə yad olan insanla bölüşür. Həyat işığını öz əli ilə söndürən çarəsiz qocanın dünyası mənasızdır.

“İnsan var-dövlətə hərislik göstərəndə laqeydlik, biganəlik baş alıb gedir. Bu vaxt ən böyük zərbə milli-mənəvi dəyərlərə dəyir”(Anar). Əsl vətəndaş mövqeyindən çıxış edən Anar vətən taleyinə biganə olmağı qəbul etmir. Ədibin qələminin qəbuledilməz, bağışlanmaz mövqeyi “Ürəyim ağrıyır” hekayəsində təfərrüatı ilə oxucuya təqdim olunur. Yabançılaşmanı qəbul etmək istəməyən Anar bunu ata obrazının dili ilə göstərir. Oğlu Fərhadla elçi getdiyi evdə heç də ağız dolusu danışdığı ailə ilə qarşılaşmayan ata düşdüyü yad aləmdə rus dilində deyilən sözləri başa düşmədiyi üçün, daha sonra isə şalvarının balağına görə gülüş obyektinə çevrildiyini gördükdən sonra susmağı üstün tutur. Dili, həyat tərzi, dünyagörüşləri arasında dəhşətli uçurum olduğunu anlayan ata özgə mühitdə özünə yer tapa bilmir. Gəlini olacaq Merinin caz dinlədiyi üçün ortalığa çıxmaması onu daxilən daha da hiddətləndirsə də oğlunu yerindəcə susdurub qonaq evində-özünü tanımayan ailə içərisində muğam səsini heyranlıqla dinləyir. Övladının da getdiyi ailənin nümayəndələrindən fərqlənmədiyini anladığı üçün onun da özgələşməsini qəbul edən və geriyə qayıdarkən hədiyyə üçün saxladığı 50 manat pulu dilənçiyə verən atanın daxili dünyası rahatlığına qovuşur. Əslində mədəniyyət deyə bağırıb, mədəniyyətsizlik girdabında uyuyan ailə xalq, millət adına özgə idi.

 “O gecənin səhəri” hekayəsində repressiya dövrünün ağır təsvirini yaradan Anar o zamanın qorxulu gecələrini ustalıqla qələmə almışdır. Gecə eşidilən maşın səsindən qorxuya düşən insanlardan kimi işdə etdiyi bir hərf səhvindən, kimi köhnə işlərin üstünün açılmasından, Cavanşir isə balaca qızının gəlinciyi üçün bilmədən oxuduğu yasaq layladan qorxur. Ailədə hər kəs, hətta balaca uşaq belə özü deyil, “olmalı olduğu kimi” olmalıdır. Ayaq səsləri beşmərtəbəli binanın son mənzilinə yaxınlaşanda bütün qonşuları sonuncu mətrəbədə yaşayan Murad Zeynallının bu gecə-14 aprel gecəsi aparılacağına əmin etsə də, lakin səhər onların gördükləri mənzərə tamam başqa idi. Murad Zeynallını qarşılarında sağ görən qonşular onun övladının dünyaya gəlməsi xəbəri ilə pərt olurlar. Axı hamı onun da sonunun gəldiyini düşünmüşdü. Anar bu hekayə ilə qanlı 37-ci ilin acı gerçəkliyini göstərə bilir. Bir-birindən qorxuya görə ehtiyat edən qonşular xoş günləri belə unudub pis günlərini düşünürdülər.

Nəticə

Anarın hekayə yaradıcılığı sosial, mənəvi-əxlaqi problemlərin işıqlandırılmasına kömək edir. Mənəvi boşluq, daxili tənhalıq, qəhrəmanların özünə xəyanət etmələri Anar qələminin ustalığı ilə oxucuya çatdırılır. Müasir ədəbiyyatın sütun yazarlarından olan ədib yeni dünya insanının daxili ənginliklərinə vararaq onun keçirdiyi həyəcanları yeni problemlər fonunda əks etdirir. Yaradıcılığının ilk illərindən müasir həyat həqiqətlərini işıqlandıran, yeni və müstəqil obrazlar yaratmağa müvəffəq olan ədib yaradıcılığında insanın daxili aləmi canlı təsvir edərək oxucunu düşünməyə, həyatın fəlsəfəsini anlamağa məcbur edir. İşıqlandırdığımız özgələşmə məsəsləsinə başqa ədiblərin də yaradıcılığında rast gəlsək də müəllifi özünəməxsus edən səbəb isə problemi müxtəlif rakurslardan, müasir formada göstərməsidir. Zaman keçdikçə insanlar bir-birinə, dostlara, ailə üzvlərinə yadlaşır, bəzən isə həyat elə olur ki, ani qərarlarla insan cismən özgə həyatını yaşamağa məcbur edir. Əsərlərində insanın özgələşməsini həyatın qanunu kimi göstərən müəllifin yaratdığı obrazlar bəzən bu qanunla yaşayır, bəzənsə geriyə dönüş etməyi bacarır. Ədib bəzən çox yaxın dostları bir-birindən dərbədər salır, bəzən isə illərin həsrətini təsadüfi görüşlə vüsala çatdırır. Əqidəsindən dönən insanları yenidən keçmişə qaytarmaqla xoşbəxtliyin əslində ani qərarlara ehtiyacı olduğunu göstərən yazıçı, insanı həqiqi mən kimi görmək istəyir. Yazıçıya görə insan nə qədər öz keçmişindən, xatirələrindən uzaqlaşsa da həyat bumeranqı adamı yenidən həmin nöqtəyə qaytarır. Anarın fikrincə, insan cəmiyyətdən ayrılaraq yalnızlıq dünyasında yaşaya bilməz. Bunun sonluğu yoxdur. Zaman keçir, insan ya özü olub həyat labirintində yolunu tapmalı ya da öz qorxu və iztirabları içərisində məhv olmalıdır. Dəhşətli qorxular burulğanında çırpınan insan kimliyini kəşf edir, özünü olmalı olduğu yerdə tapıb ruhunu azadlığına qvuşdurur. Lakin Anar yaradıcılığında azad ruhlu insan tapmaq çətindir. Onun obrazları həyatın müəyyən dönəmindən sonra özünü tapsalar da sonda təklikdən yaxa qurtara bilmir.

                                                                                  Son

Xatirə Asif,
Bakı Dövlət Universitetinin magistrı

Avropa.info


Oxunma sayı: 3422

Oxşar yazılar