Anarın hekayələrində özgələşmə PROBLEMİ

  • 10:19 - 18 Noyabr

Giriş

Bir çox mövzular kimi XIX əsrə qədər fəlsəfi aspektdə araşdırılan problemlərdən biri də özgələşmədir ki, o da təxminən elə bu dövrdən sonra ayrılaraq müstəqil şəkildə öyrənilməyə başladı. Ədəbiyyat tarixinə nəzər saldıqda isə bütün dövrlərdə özgələşmiş insan portlərininin yaradıldığını, lakin problem səviyyəsində qabardılmadığının şahidi oluruq. XX əsr dünya ədəbiyyatının zəngin mövzu rəngarəngliyi ilə çağladığı, insan fenomeninin iç dünyasının ziddiyyətlərinin işıqlandırıldığı bir dövrdə isə yadlaşma artıq problem səviyyəsinə yüksəlir. Bu zaman gərgin müharibələrdən çıxmış, kataklizmlərə şahid olmuş insanların mənəvi sarsıntıları, ruh düşkünlükləri ədəbiyyata bir sıra psixoloji motivlər verdi ki, burada özgələşmə problemi aktual mövqedə yer tutur. Özgələşmə anlamı sosial-mənəvi, siyasi hadisələr və ya mühit dəyişməsi zamanı ailəsində, cəmiyyətdə, ümid bəslədiyi insanlardan gözlədiyi münasibəti görməyən, özünü düzgün qiymətləndirməyən, qələbəlik içərisində atılmış, yalqız hiss edən insanların dəyişməsidir. Qaçılan problemlərlə və ya şəxslərlə yenidən insanın üzləşməsi onda ikili obrazın yaranmasına səbəb olur ki, bu da qəbul edilən bütün həyat həqiqətlərini dəyişmək gücünə malik olur. Sevgi və bağlılılığın olmadığı, bütün əlaqələrin qırılıb mücərrədləşdiyi gerçəklikdə hər bir insan başqasına yad olduğu üçün soyuq münasibətlər insanları buz parçası kimi səssizləşdirir, küskünlüklərdən doğan sükut isə insanı ətrafından, dünyadan və ən əsası özündən uzaqlaşdırmaq qüvvəsinə malik olur ki, onu yenidən öz mənliyinə əzmkar mübarizə, daxilindəki inqilab, ölüm qaytara bilər.

Dünya ədəbiyyatında özgələşən insan obrazını əks etdirən ədiblər sırasında Karl Yaspers, Martin Haydegger, Jan-Pol Sartr, Alber Kamyu, Peyami Safa, Oğuz Atay, Orxan Pamuk və başqaları problemi yaradıcılıq fərdiyyəsi kimi işləmişlər. Fərdin cəmiyyətdən ayrılaraq təkliyə qapanması, keçirdiyi psixoloji böhranların işıqlandırılması Nizami Gəncəvinin İsgəndəri, N.Vəzirovun Fəxrəddini, C.Məmmədquluzadənin Kefli İsgəndərinə və başqa obrazlara qaynaqlansa da müasir dövrdə öncül nümayəndələri sırasında Əzizə Cəfərzadə (“Bir səsin faciəsi”), Yusif Səmədoğlu (“Qətl günü”), M.Süleymanlı (“Yamacda nişanə”) və başqalarını göstərə bilərik. Özgələşməninin çoxçeşidliliyini nəzərə alaraq bunları növ kimi qiymətləndirdikdə fərdi və ictimai, şəxsiyyətin, mühitin, məkanın, düşünən beynin özgələşməsini adekvat olaraq qəbul edərək, Anarın hekayələrində bu izin cığırına düşməyə çalışacağıq.

Özgələşmə boyaları

Çağdaş ədəbi prosesin orijinal fərdi üslubu ilə seçilən , yeni baxış tərzi ilə obrazlarının xarakterlərini bütöv şəxsiyyət kimi əks etdirən Anar yaradıcılığı ilə müasir dünyanın çizgilərini əsərlərinə yansıtmağı bacarır. Jurnalistika, kinematoqrafiya sahələri ilə də məşğul olsa da əsas istiqamət kimi ədəbiyyata yönlənən Anar 30 ildən artıq müddətdir ki, AYİ-nin sədri olaraq fəaliyyətini davam etdirir. Ədib daxili hiss və həyəcanlar fonunda insanlarda baş verən özgələşməni dürlü formada vərəqə köçürərək bəzən ötən zaman müddətində gah dostları, gah ailələri, gah da mühiti oxucuya yadlaşmış formada təqdim edir. Anar yaradıcılığında kimisi ən yaxın dostuna, kimisi özünə, kimisi də bütün dünyaya qarşı özgələşir. XX əsr insan beynindəki fikir qarışıqlığı, hərc-mərcliyi fonunda rahatlıq tapa bilməyən insanların həyatını ədəbiyyat güzgüsündə əks etdirən müəllifin qəhrəmanları cəmiyyətin uğursuz məğlublarıdır. Tənhalıq girdabında çırpınan bu insanların olduqları abstraksiyadan çıxış yolu yoxdur. Yaradıcılığa başlayarkən ailə-məişət mövzusunda yazdığı ilk hekayələrdən yadlaşma məsələsini prioritet kimi işləyərək insanda daxili fobiyaları inikas etdirməklə yadlaşmanın individuallığını işıqlandıran yazıçı “Keçən ilin son gecəsi” (1960) hekayəsində övladlarının uzaqlaşmasından təşvişə düşən Həmidə xala ilə oxucunu tanış edir. Əri Qəzənfər dünyadan köçdükdən sonra ailə üzvlərini bayram süfrəsi ətrafında görmək istəsə də bu arzusu artıq böyüyən övladlarının vacib işlərinə görə ürəyində qalan Həmidə xala Qəzənfərin kasetdəki səs yazısını dinlədikdən sonra sanki mənəvi rahatlığa qovuşur. Çünki övladları bir-birindən uzaqda olsalar da xoşbəxtdirlər. Ədib burada uzaqlaşmanı müsbət mövqedən həyatın qanunu kimi əks etdirərək övladların müəyyən zamandan sonra bir-birindən ayrılıb həyatda öz yerini tapmalı olduğunu vurğulayır. Bayram günü olduğu üçün Həmidə xala təşviş keçirsə də əslində o da bu yadlaşmanı yeni xoşbəxliklərin başlanğıcı kimi qəbul edir.

“Hər son yeni başlanğıcın təməlidir” prinsipi ilə hərəkət edən Anar “Asqılıqda işləyən qadının söhbəti” (1959) hekayəsində də bu fikirin incə nüanslarına toxunaraq artıq burada duyğuların və paltoların rəng palitrasından istifadə edir. Hekayəni oxucuya nəql edən, 500-ə qədər işçisi olan idarədə hamının paltosunu tanıyan, adsız şəkildə bizə təsvir etdiyi obrazları yalnız əşyaları ilə fərqləndirən, həmişə cüt gələn iki paltonu xüsusi ilə özünə doğma hiss edən qadın bu əşyalarla insanların həyatında yaranan problemləri izləyir, bəzən isə onların dərdinə şərik olur. Qadın Sarı paltolu qadınla qara paltolu kişinin ayrılığını və mixəyi paltonun araya daxil olmasını söhbətilə bizə çatdırır. Qara paltolu kişi artıq bir özgə adam kimi sevdiyi xanımın paltosunu istəyəndə qadın əvvəlcə vermək istəməsə də sonra ona yazığı gəlir. 

“– Qıymadım. Dinməz-söyləməz qızın sarı paltosunu ona uzatdım. Aldı baxdı,baxdı. Sonra qaytardı və çıxdı getdi” (“Asqılıqda işləyən qadının söhbəti”)

Qadın paltolarla tanıdığı insanlarla zahirən doğmalaşır. Az sözlə çox fikir bildirən ədib seyrçi qadının qısa söhbətindən iki insanın bir-birinə biganəliyinin və laqeydliyinin nəticəsi olaraq üçüncü adamın araya daxil olmasını göstərir ki, bu da onları həmişəlik uzaqlasdırır, yabançılaşdırır. İki nəfər olan yerdə üçüncü şəxs olarsa onların xoşbəxt sonluğu əbədi arzuya çevrilir. 

 Göstərdiyimiz hekayə ilə yanaşı ədib “Mən, sən, o və telefon” (1967) hekayəsində də bir-birinə tamamilə yad olan insanları kiçik cihazla birləşdirir. Hekayədə Anarın yaratdığı Seymur və Rüstəm obrazlarında isə psixoloji yadlaşmanın şəxsiyyət özgələşməsi kimi ikili əksini görürük. Evlənmək istəyən Seymur təsadüfən yığdığı nömrə sahibəsi Mədinəyə onu görmədən vurulur və səbəbsiz yerə əsl adını gizlədib Rüstəm adı ilə onunla əlaqə yaradır. Onu həyatda görmək istəyən, lakin iş yerində işləyən makinaçının həmin qadın olduğunu bildikdən sonra onun qarşısına Rüstəm kimi çıxa bilməyən, dilemma qarşısında qalan Seymur özünü olanlardan xəbərsiz göstərib yad insan kimi həyatına davam edir. Mədinə isə təyyarə qəzasında həyat yoldaşını itirmiş, xoşbəxtliyi isə qammalarda, təyyarə səsində axtaran dul qadındır. Hər gün Rüstəmin dərdini dinləməyə hazır olan Mədinə özü də artıq Seymur barədə hər şeyi Rüstəmə danışır. Ailə qurduqdan sonra Rüstəmin zəngini gözləyən Mədinə və Seymur üçün o zəng əbədi susur. İnsanın ikiləşməsi və bu ikiləşmədə Rüstəm daxil, Seymur xaric qismindədir. Həyat yoldaşının ölümündən sonra təyyarə səsi ilə xoşbəxtlik tapan Mədinə isə artıq Seymur üçün dəyişməlidir. 

Ayrılıqdan doğan tənhalıq

Ədibin yaradıcılığında uzaqlıq, ayrılıq bəzən insanları daha güclü edərək sıx bağlarla birləşdirir, bəzənsə həmişəlik özgələşdirərək əks qütblərdə məskən saldırır, həyatdan bezdirir, məhv edir. Yazıçı “Taksi və vaxt”, “Gürcü familiyası” hekayələrində bu tendensiyanı uğurla təqdim etmişdir. “Taksi və vaxt” (1961) hekayəsinin qəhrəmanı bir vaxtlar sevdiyi qızı yola salarkən sonradan ömrü boyu bu hərəkətinin peşmanlığını çəkəcəyini düşünməmişdi. Bəlkə də, vaxtında ürəyini açaraq hər şeyi etiraf etsəydi xoşbəxtlik qapısı onun üzünə açılar, həyatın axarında səadət payına sahiblənərdi. Lakin artıq aradan keçən 20 il onun ümidlərini boşa çıxarmış, təklik məngənəsinə salmış, özünü mənliyindən uzaqlaşdırmışdı. Bu zaman kəsiyindən sonra dostunun qızına aşiq olan, onu nişanlısının evindəki ad günü şənliyinə aparmalı olan qəhrəman yenə də səadətini taksi ilə yola salmaq məcburiyyətində qalır. Gənclərin yığıldığı evdə sevdiyi Nərgizin əsl Azərbaycan xanımına xas rəqsi onu xəyallarından ayırıb real dünyaya-təklik məkanına qaytarır. Geriyə dönmək istəyəndə maşının getdiyini görsə düşünür ki, artıq xoşbəxtliyini həmişəlik yola saldığı taksi ona lazım deyil. O, reallığa qayıdıb hər şeyi olduğu kimi qəbul edir və yenə də həyatda tənhadır. Ədib bu əsərdə o surətinin özündən 20 yaş kiçik qıza olan sevgisinin yaşına yaraşmadığını, milli əxlaqi keyfiyyətlərə zidd olduğunu da ustalıqla göstərir. Xəyalən cəmiyyətin gözü ilə onun öz dilindən göstərir ki, Nərgizə olan münasibət yanlışdır. Bəs cəmiyyət bu sinli kişiyə nə deyər?

Qəhrəmanların yaşadıqları dünyadan ayrılıb bir anlıq keçmişə qayıtması və sonra həyata nikbin gözlə baxması, gələcəyə aid ümid çırağının qəlblərində işıq tapmasının əks olunduğu digər hekayə “Gürcü familiyası”dır (1967). Özgə mühit fonunda Əsmər və Oqtay obrazlarında doğma insanların yad həyatını xüsusi ustalıqla qələmə alan yazıçı bu insanları birləşdirən birgə keçirdikləri uşaqlıq illərini və vaxtında özlərinin də hiss etmədikləri sevgi duyğusunu xatirələrlə yada salır. Əsmərin bir dəfə yox yerinə hə cavabı verməsilə başqa həyata qədəm qoyaraq hər şeydən uzaqlaşması tənhalığının başlanğıcıdır. Yeni ailə qurduğu ilk vaxtlardan sıxıntılarla qarşılaşan Əsmər Camalla dünyanın az qala hər yerini gəzsə də, hər şeyi olsa da yenə də İçəri şəhəri, uşaqlığını, keçmişini, Oqtayı axtarır, yaşadığı həyatdan ayrılıb bir günlük də olsa qaydaların üstündə xətt çəkərək özü olmaq istəyir. Ailə həyatı imkan baxımından ona hər şey versə də, daxilində olan insanı boğub yeni süni insan obrazını canlandırmaq məcburiyyətində qalır. Oqtay Əsmərin gələcəyini ağlına belə gətirməsə də, hətta bunu istəməsə də o, hamıdan gizli yenidən Bakıya-xatirələr məskəninə qayıdır. Onların görüşü Əsməri keçmişə-pəncərəsiz evlərinə, qayğısız uşaqlıq həyatına qaytarır. Oqtayın Əsmərin mühacirlər haqqında olan söhbət zamanı düşündükləri isə onların yalnızlıqlarının ifadəsidir:

 “Mən düşündüm ki, bəlkə biz də, Əsmər də, mən də mühacirik. Böyüklər diyarına uşaqlıq ölkəsindən gəlmiş mühacirlər. Geri qayıtmaq imkanından əbədi məhrum olmuş mühacirlər. Vətənləriyçün qəribsəmiş mühacirlər” (“Gürcü familiyası”) Zaman illər ərzində onlara özgə həyatı yaşatsa da nə Əsmərin ona yad olan ailəsi, nə Oqtayın yuva qurmaması, nə də ki uzaq məsafələr onları bir-birinə qarşı özgələşdirə bilmişdi. 

Ölümün hənirtisi

Qapının kandarında dayanan ölümün verdiyi xəbərdarlıq siqnalı sanki kimsəsiz insanı düçar etdiyi Qordi düyününə elə məngərləyir ki, ən qüvvətli qollar da səssiz gələn faciənin gecikmiş təəssüfləri qarşısında biçarə, aciz qalır. Anarın qəhrəmanları hənirini duyduqları ölüm məfhumunun əlindən nə qədər can qurtarmağa çalışsalar da xislətin naqis tərəfinin onlara gətirdiyi bədbəxtliyin aciz qurbanı olurlar. “Vahimə”, ”Qırmızı limuzin” hekayələrində qaçılmaz sonluğu göstərən ədib bunları qəhrəmanların timsalında göstərir. Anarın “Qırmızı limuzin” hekayəsində yaratdığı simvollaşdırılan adsız qəhrəman obrazı həyatda yalnızdır. Bütün qanunlardan azad olan yuxular hər gün eyni həyatı yaşamağa məhkum olan onun röyalarında nədənsə qaydaya tabe olaraq silsilə ilə davam edir. Hər gecə gördüyü qorxulu yuxu vahiməsi ilə qurduğu zəngli saatdan əvvəl oyanır...

Xatirə Asif,
Bakı Dövlət Universitetinin magistrı

Avropa.info

(Davamı var)


Oxunma sayı: 7360

Oxşar yazılar