Dünyanın gözü Türkiyədə! Ukrayna və Rusiya XİN rəhbərləri Ankaranın vasitəçiliyi ilə son iki ildə ilk dəfə görüşəcəklər

  • 01:09 - 10 Mart

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Antalyada Türkiyə diplomatiyasının rəhbəri Mövlud Çavuşoğlunun iştirakı ilə görüşəcək. 

Avropa.info bildirir ki, söhbət iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri arasında son iki ildə ilk danışıqlardan gedir. 

Kuleba və Lavrov arasında üçtərəfli formatda danışıqlar Antalyada üçüncü Diplomatik Forum çərçivəsində keçiriləcək. 

Rusiya və Ukraynaya vasitəçilik təklif edən Ankara həm Moskva, həm də Kiyevlə yaxşı münasibətlər saxlayır. 

Dmitri Kuleba artıq Lavrovla görüş məqsədi ilə Antaliyaya gəlib.

"Antaliyada üçtərəfli görüş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sayəsində baş tutacaq", - deyə Ukrayna XİN rəhbəri deyib. 

Ukrayna prezidentinin danışıqlarda Krım və Donbass məsələsinin müzakirəsi ilə bağlı sözlərini şərh edən Kuleba vurğulayıb ki, Ukrayna “nəyisə təslim etmək istəyi ilə danışıqlara yanaşmaq iqtidarında deyil”. 

Bu arada, Lavrovun qarşıdakı görüşdə iştirakını Rusiya Xarici İşlər Nazirliyi də təsdiqləyib. 

Fevralın 24-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbasında xüsusi hərbi əməliyyatın başlandığını elan edib. 

Bunun ardınca rus ordusu Ukraynaya hücum edib. Ukrayna şəhərləri, o cümlədən Kiyev raket və bomba hücumlarına məruz qalıb. 

Ukrayna prezidenti Vladimir Zelenski cavab olaraq bütün ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu bildirib. Ukrayna lideri Rusiya ilə diplomatik əlaqələrin kəsildiyini də açıqlayıb. 

Kremlin hərəkətləri BMT-də və dünyanın əksər paytaxtlarında pislənilib. 

Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edilib. 

BMT-nin məlumatına görə, artıq iki milyondan çox insan Ukraynanı tərk edib.

Avropa.info


Oxunma sayı: 8526

Oxşar yazılar