Yaxın günlərdə İstanbul və İrəvan arasında aviauçuşlar başlayacaq – Çavuşoğlu AÇIQLADI

  • 14:02 - 20 Dekabr

Türkiyə və Malayziya islamofobiyanın təzahürləri ilə, o cümlədən ingilisdilli telekanal vasitəsilə mübarizə ideyasını dəstəkləyir. 

Avropa.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar ertəsi Ankarada malayziyalı həmkarı Sayfuddin Abdullahla birgə mətbuat konfransında deyib. 

Çavuşoğlunun sözlərinə görə, hər iki ölkə dini zəmində ixtilaflara qarşı durmağın vacibliyini dərk edir və beynəlxalq səviyyədə, o cümlədən Əfqanıstanda sabitlik və sülhün tərəfdarıdır. 

Türkiyə diplomatiyasının rəhbəri Ankara ilə Kuala-Lumpur arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, bir sıra türk şirkətlərinin Malayziya iqtisadiyyatına, xüsusən də mikroçip istehsal edən şirkətlərin səhmlərinə investisiya qoymaq istəyinə diqqət çəkib. 

Ermənistanla dialoqa münasibət bildirən Çavuşoğlu deyib ki, yaxın günlərdə bir sıra aviaşirkətlər İstanbul və İrəvan arasında uçuşlara başlayacaq. 

“Bildiyiniz kimi, əvvəllər belə uçuşları “Atlas” həyata keçirirdi. Uçuşların bərpası məsələsi Nəqliyyat Nazirliyində müzakirə olunur və yaxın günlərdə bununla bağlı qərar veriləcək”, - deyə türkiyəli nazir bildirib. 

Diplomatiya rəhbəri vurğulayıb ki, Ankara Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır və İrəvan və Azərbaycanla dialoq üzrə fəaliyyətini yaxından əlaqələndirir. 

Çavuşoğlu xatırladıb ki, Ankara və İrəvan artıq dialoq üçün nümayəndələr təyin ediblər və bu istiqamətdə müzakirələr davam edəcək. 

Əfqanıstan mövzusuna toxunan Çavuşoğlu bildirib ki, Türkiyə nümayəndə heyəti bazar ertəsi Dohaya yola düşəcək və orada Qətər şirkətləri ilə Kabil hava limanının bərpası layihəsində birgə iştirak məsələsini müzakirə edəcəklər. “Ehtimal olunur ki, Türkiyə və Qətər şirkətlərinin nümayəndələri çərşənbə günü Kabilə uçacaq. Əgər Əfqanıstanın keçid hökuməti bizim şərtlərimizi qəbul edərsə, biz hava limanının yenidən açılmasına kömək etməyə hazır olacağıq”, - deyə türkiyəli nazir bildirib. 

Malayziya diplomatiyasının rəhbəri də öz növbəsində Əfqanıstana dəstək məsələsində Türkiyə ilə dialoqa diqqət çəkib:

“Biz Əfqanıstanın yenidən qurulması məsələsində Türkiyə ilə yaxından işləməyə hazırıq. Dünyanın iki ölkəsinin qeyri-hökumət təşkilatları Əfqanıstan xalqına humanitar yardım məsələsində sıx əməkdaşlığa hazırdır. Ölkələrimiz də birgə Kabil hava limanını bərpa edə və ya Əfqanıstanın təhsil sisteminə töhfə verə bilər”. 

Sayfuddin Abdullah ölkəsinin şirkətlərinin İstanbul kanalının meqa layihəsində iştiraka marağını da qeyd edib.


Oxunma sayı: 5226

Oxşar yazılar