Pandemiya səddini qıran Türkiyə turizmi, füsünkar İstanbul, Bosfor və Çanaqqala boğazını birləşdirən yeni körpü - Rəsul Mirhəşimli yazır

  • 00:05 - 11 Mart

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfər edib.

Avropa.info-nun səfərdə olan əməkdaşı Rəsul Mirhəşimli xəbər verir ki, səfər Çanaqqala Zəfərinin ildönümü ərəfəsində başlayıb.

Azərbayacnalı jurnalistlərin səfər proqramı martın 10-dan 15-dək davam edəcək. 

Çanaqqalaya səfər edən azərbaycanlı jurnalistlərdən başqa, Ukrayna, Serbiya, Bosniya-Hersoqovina, Bolqarıstan, Qaradağ və Xorvatiyadan olan həmkarlarımız da var.

Qeyd edək ki, yeni tip koronavirusla bağlı dünyada elan pandemiya ilə əlaqədar İstanbulun Yeni Hava Limanında nəzarət qaydaları da gücləndirilib. Ölkəyə daxil olan xarici vətəndaşların, eləcə də ölkə əhalisinin COVID-19 infeksiyasından qorunması üçün gərəkli olan bütün tədbirlər alınıb.

Qeyd edək ki, Türkiyə yeni növ koronavirus pandemiyası dönəmində turistlərin ən çox üz tutduğu ölkələr sırasında ilk yerlərdən birini tutur. COVID-19 pandemiyası fonunda ölkəyə gələn turistlərin təhlükəsizliyinin təmin edilməsi, xidmət sektorunda gigyenik qaydalara əməl edilməsi, bütün otel və turizm məkanların yeni qaydalar əsasında xidmət göstərməsi üçün tədbirlər həyata keçirilib.

Türkiyənin pandemiya dövründə etibarlı turizm tətbiqlərini başladaraq yerli və xarici qonaqlarına “sağlam və xoş istirahət” xidməti təqdim etdiyi vurğulanıb və bunun nəticəsi olaraq ölkə 2020-ci ildə təxminən 16 milyon ziyarətçi qəbul etdiyi və turizm gəlirləri 12,1 milyard dollar təşkil etdiyi bildirilib.

Çanaqqala səfəri ilə bağlı jurnalistlərə yolçuluqları boyunca Mərmərə və Egey dənizləri boyunca yerləşən əyalətlərin iqtisadi potensialı, kənd təsərrüfatı, regionun inkişafı ilə əlaqədar məlumatlar verilib.

Bu bölgədə yerləşən Təkirdağ əhalisi əsasən heyvandarlıqla məşğuldur. 8 min il öncə baş verən tektonik hadisələr bu bölgənin füsunkarlığına, Mərmərə dənizinə xüsusi rəng verib.

Bundan əlavə, bölgənin əsas turzim potensialından bir qismi Egey dənizində cəmləşir. Bu dənizin suları çox təmiz və şəffaf olduğu üçün turistlərin əksəriyyəti bu bölgəyə üz tutur.

Bosfor və Çanaqqala boğazını birləşdirən yeni körpünün tikintisi də sürətlə davam edir. Bu körpünün tikintisinin 2023-cü ildə başa çatdırılması planlaşdırılır. Yeni körpü İstanbul və ətraf şəhərlərin Çanaqqala ilə birləşdirəcək mühüm quru yoludur. 

Tədbirlər proqramı sabah davam etdiriləcək.

Rəsul Mirhəşimli
Bakı-İstanbul-Çanaqqala


Oxunma sayı: 4511

Oxşar yazılar