Şuşada 28 ildən sonra ilk dəfə cümə namazı qılındı – VİDEO

  • 14:37 - 13 Noyabr

Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağın rəmzi sayılan Şuşa şəhərində 28 ildən sonra ilk dəfə cümə namazı qılınıb.

Avropa.info "Anadolu" agentliyinə istinadən xəbər verir ki, tarixi Yuxarı Gövhər Ağa məscidində öncə azan oxunub. Şəhərdə olan Azərbaycan əsgərləri aralarından bir nəfərin arxasında səf tutaraq namaz qılıblar.

Qeyd edək ki, Azərbaycan tarixinin və mədəniyyətinin rəmzlərindən olmaqla yanaşı bölgəyə hakim coğrafi mövqeyi, həm də Qarabağın ən böyük şəhəri Xankəndinin üzərində olduğu üçün strateji önəm daşıyan Şuşa 8 may 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilmişdi.

Azərbaycan Ordusu Şuşanın noyabrın 8-də işğaldan azad edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalq müraciət edərkən bunları deyib: 

“Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir". 

Dövlət başçısı qeyd edib ki, Şuşadakı məscid də bərpa ediləcək: "Bir neçə il bundan əvvəl - 2016-cı ilin aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir".


Oxunma sayı: 10616

Oxşar yazılar