Cəmiyyət

Ailə problemləri, aliment və sosial ədalət: Zorakılığın kökündə nə dayanır?

27 Noyabr 2026, 19:4913
Reklam728x90
Reklam320x100

Qadınlara qarşı zorakılıq və məişət zorakılığı müasir dünyanın ən ciddi sosial problemlərindən biri olaraq qalır. BMT-nin təşəbbüsü ilə hər il bu istiqamətdə beynəlxalq mübarizə kampaniyaları keçirilir, dövlətlər, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti zorakılığın qarşısının alınması, onun doğuran səbəblərinin aradan qaldırılması və zərərçəkənlərin müdafiəsi istiqamətində müxtəlif tədbirlər həyata keçirirlər. Bu mübarizə yalnız hüquqi mexanizmlərin gücləndirilməsi ilə məhdudlaşmamalı, eyni zamanda sosial, iqtisadi və mənəvi problemlərin həllini də əhatə etməlidir.

Azərbaycan da qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizədə beynəlxalq öhdəliklərə uyğun olaraq müxtəlif institusional və hüquqi tədbirlər həyata keçirən ölkələr sırasındadır. Cəmiyyətin maarifləndirilməsi, qadınların hüquqlarının qorunması, ailə institutunun möhkəmləndirilməsi, sosial müdafiə mexanizmlərinin genişləndirilməsi bu istiqamətdə əsas prioritetlərdəndir. Lakin problemin köklü həlli üçün mövcud qanunvericilik və sosial mexanizmlərlə yanaşı, cəmiyyətdəki real problemlərə də diqqət yetirilməlidir.

Məişət zorakılığının səbəbləri heç də həmişə fiziki və ya psixoloji münasibətlərdən qaynaqlanmır. Bəzən ailələrdə iqtisadi çətinliklər, maddi asılılıq, boşanma sonrası yaranan münaqişələr, uşaqların təminatı ilə bağlı məsuliyyətdən yayınma və tərəflər arasında uzunmüddətli mübahisələr də gərginliyin artmasına, nəticədə zorakılıq hallarına gətirib çıxara bilir.

Bu baxımdan boşanmış ailələrdə aliment məsələsi xüsusi diqqət tələb edən problemlərdən biridir. Təəssüf ki, bəzi valideynlər aliment öhdəliyindən yayınmağa çalışır, bəziləri isə qanunvericilikdə nəzərdə tutulan müddətin başa çatmasını uşaqları qarşısında məsuliyyətlərinin bitməsi kimi qəbul edirlər. Halbuki valideynlik məsuliyyəti yalnız uşağın müəyyən yaşa çatması ilə ölçülməməli, onun təhsil alması, gələcək həyata hazırlanması və sosial təminatı da nəzərə alınmalıdır.

Xüsusilə 18 yaşını tamamlamış, lakin ali təhsil müəssisəsində təhsilini davam etdirən gənclərin vəziyyəti diqqətə alınmalıdır. Belə gənclər formal olaraq yetkinlik yaşına çatsalar da, əksər hallarda hələ iqtisadi müstəqillik əldə etmirlər. Onların təhsil, yaşayış və digər zəruri xərcləri valideynlərin dəstəyini tələb edir. Boşanmış ailələrdə isə bu yük çox vaxt yalnız bir valideynin üzərinə düşür.

Məhz buna görə aliment məsələsinə yalnız hüquqi öhdəlik prizmasından deyil, həm də sosial ədalət, valideyn məsuliyyəti və uşağın gələcək inkişafı baxımından yanaşmaq vacibdir. Əgər dövlət bir sıra sosial təminat mexanizmlərində təhsil alan gənclərin vəziyyətini nəzərə alırsa, ailə münasibətlərindən irəli gələn öhdəliklərdə də bu prinsipin daha geniş tətbiqi müzakirə olunmalıdır.

Dünyanın bir sıra inkişaf etmiş ölkələrində, o cümlədən Avropa dövlətlərində və Türkiyədə yetkinlik yaşına çatmış, lakin təhsilini davam etdirən və özünü təmin etmək imkanına malik olmayan övladların valideyn dəstəyi ilə bağlı hüquqi mexanizmlər mövcuddur. Bu yanaşmanın əsas mahiyyəti ondan ibarətdir ki, valideynin uşağı qarşısında məsuliyyəti yalnız onun 18 yaşına çatması ilə avtomatik olaraq sona çatmır. Təhsil və iqtisadi müstəqillik məsələləri də nəzərə alınır.

Azərbaycanda da bu məsələ hüquqi və ictimai müzakirəyə çıxarılaraq, boşanmış ailələrdə ali təhsil alan övladların təminatı ilə bağlı daha çevik və ədalətli mexanizmlərin yaradılması nəzərdən keçirilə bilər. Belə bir yanaşma həm valideynlərin məsuliyyətini artırar, həm də boşanmadan sonra uşaqların sosial müdafiəsini gücləndirər.

Məişət zorakılığına qarşı mübarizədə əsas məqsəd yalnız baş vermiş zorakılıq faktına hüquqi qiymət vermək deyil, onu yaradan sosial və iqtisadi səbəbləri də aradan qaldırmaqdır. Ailələrdə maddi problemlərin azaldılması, boşanma sonrası uşaqların hüquqlarının qorunması, valideynlərin öhdəliklərini yerinə yetirməsi və gənclərin təhsil imkanlarının təmin olunması bu mübarizənin mühüm istiqamətlərindən biri olmalıdır.

Unutmayaq ki, zorakılıqdan uzaq cəmiyyətin formalaşması ailədə hüquqların, qarşılıqlı hörmətin və məsuliyyətin qorunmasından başlayır. Valideynin övladı qarşısında məsuliyyəti yalnız aliment ödəməklə də bitmir. Bu, uşağın gələcəyinə, təhsilinə, həyatına və şəxsiyyət kimi formalaşmasına dəstək vermək deməkdir. Dövlət və cəmiyyət bu məsuliyyətin qorunması üçün daha effektiv mexanizmlər yaratdıqca, ailə institutunun möhkəmlənməsinə və məişət zorakılığının sosial səbəblərinin azalmasına da töhfə verilmiş olacaq.

Məlahət İbrahimqızı,
Milli Məclisin deputatı

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600