Siyasət

Vüqar Dadaşov: “Rusiya Gürcüstan vasitəsilə regiondakı təsirini bərpa etməyə çalışır”

18 Noyabr 2026, 10:27258
Reklam728x90
Reklam320x100
  • Rusiya ilə Gürcüstan arasında siyasi-diplomatik münasibətlərin bərpasına dair anonslar yalnız Moskvanın regional strategiyası deyil, böyük güclərin qlobal geosiyasi mübarizəsinin tərkib hissəsidir. Bu proses regionda təsir imkanlarının yenidən bölüşdürülməsi və Azərbaycanın alternativ tranzit imkanlarının əhəmiyyəti kontekstində dəyərləndirilməlidir.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi analitik Vüqar Dadaşov Moskva-Tbilisi xəttindəki son yaxınlaşma siqnallarını və bunun Cənubi Qafqazdakı nəqliyyat-geosiyasi balansa təsirini şərh edərkən bildirib.

Moskva Cənubi Qafqazdakı təsirini Gürcüstanla qoruyur

MCP rəsmisi Ermənistanda zəifləyən Rusiya mövqeləri və Qərb-Gürcüstan gərginliyi fonunda tərəflərin qarşılıqlı maraqlarına diqqət çəkib:

“2008-ci il müharibəsindən sonra Gürcüstan cəmiyyətində Rusiyaya qarşı kəskin ictimai münasibət formalaşıb. Lakin Avropa İttifaqı və Qərbin Tbilisiyə siyasi təzyiqlərinin artması, hakimiyyətin Avrointeqrasiya prosesini dayandırması Rusiya ilə pərdəarxası normallaşma siyasətinə yol açıb. Digər tərəfdən, 2020 və 2023-cü illərdən sonra Azərbaycanın yaratdığı reallıqlar və Rusiyanın Ermənistanda təsir imkanlarının məhdudlaşması Moskvanı Gürcüstan vasitəsilə regiona təsirini bərpa etməyə sövq edir. Xüsusilə Abxaziya və Cənubi Osetiyadan keçən dəmir yolu və kommunikasiya xətlərinin bərpası Rusiya üçün strateji əhəmiyyət daşıyır. Buna baxmayaraq, işğal altındakı ərazilər və ərazi bütövlüyü məsələsi münasibətlərin tam bərpası qarşısında fundamental maneə olaraq qalır”.

Daralan geosiyasi əhatə və regional təzyiqlər

Analitik qlobal hərbi-siyasi proseslərin Rusiyanın Cənubi Qafqaz siyasətini birbaşa şərtləndirdiyini vurğulayıb:

“Tramp administrasiyasının irəli sürdüyü regional layihələrin praktiki müstəviyə keçməsi, Ukraynanın hərbi zərbələrinin intensivləşməsi və Avropanın təzyiqləri Rusiyanın geosiyasi əhatəsini daraldır. Eyni zamanda ABŞ–İran qarşıdurmasının genişlənməsi və Xəzər hövzəsində İranın quru və dəniz əlaqələrinin məhdudlaşdırılması Moskvanın hərbi-strateji vəziyyətinə birbaşa təsir göstərir. Belə bir şəraitdə Rusiyanın Gürcüstanla yaxınlaşması daralan geosiyasi imkanlar fonunda regional mövqelərini qorumaq cəhdidir”.

Tranzit marşrutları və Azərbaycan üçün yeni reallıq

Başqan müavini Rusiya-Gürcüstan kommunikasiya xətlərinin açılmasının Azərbaycanın tranzit mövqelərinə təsirini dəyərləndirərək fikirlərini yekunlaşdırıb:

“Rusiyanın Gürcüstan üzərindən iqtisadi və nəqliyyat əlaqələrini genişləndirməsi Azərbaycanın müstəqil tranzit imkanlarına alternativ potensial yarada bilər. Son dövrlər Bakı və Tbilisi arasında sərhəd və digər məsələlərdəki fikir ayrılıqları fonunda Azərbaycanın dünya bazarlarına çıxış üçün Ermənistanın tranzit imkanlarını gündəmə gətirməsi, Gürcüstanın isə Rusiya ilə alternativ kommunikasiya axtarması regionda nəqliyyat rəqabətinin yeni istiqamətlərini formalaşdırır. Nəticə etibarilə, bu proses Cənubi Qafqazda təsir imkanlarının yenidən bölüşdürülməsi və Azərbaycanın alternativ marşrutlarının strateji əhəmiyyətinin artması kimi qiymətləndirilməlidir”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600