Bu günlərdə “İmza” nəşriyyatında gənc ədəbiyyat araşdırıcısı Ulduz Uralayın “Səməd Ağaoğlunun hekayələrində avtobioqrafizm və özgələşmə” adlı kitabı nəşr olunub.
Avropa.info xəbər verir ki, Azərbaycan ədəbiyyyatşünaslığında Səməd Ağaoğlu haqqında ilk monoqrafik araşdırma olan, nəfis şəkildə yayınlanmış kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, rəyçiləri isə Bakı Dövlət Universitetinin dosenti Samirə Məmmədli, filologiya üzrə fəlsəfə doktoru Aygün Zəki və tənqidçi-publisist Fidan Vahiddir.
XX yüzil Azərbaycan mühacirət ədəbiyyatının və Türkiyə nəsrinin görkəmli təmsilçilərindən olan, böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun doğma övladı Səməd Ağaoğlunun bədii və ictimai-siyasi fəaliyyəti son illərdə tədqiqatçıların diqqətini çəksə də, onun hekayələrinin avtobioqrafizm və özgələşmə kontekstində ayrıca monoqrafik səviyyədə araşdırılması bu istiqamətdə atılmış mühüm addım kimi dəyərrləndirilə bilər. Yeni nəşr, eyni zamanda, Azərbaycan mühacirət ədəbiyyatının daha dərindən öyrənilməsi və gələcək tədqiqatların genişlənməsi üçün mühüm imkanlar açır.
Kitaba yazdığı “Səməd Ağaoğlunun hekayələrində özgələşmə problemi və ekzistensial böhran” ön sözdə filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədli düşüncələrini belə ümumiləşdirir: “Səməd Ağaoğlunun hekayə yaradıcılığı türk ədəbiyyatında fərdin daxili dramını və mənəvi böhranlarını ən çılpaq, ən dərindən işləyən nadir nümunələrdəndir. Yazıçının hekayələrində böyük ustalıqla toxunduğu özgələşmə problemi sadəcə dövrün sosioloji və ya siyasi şərtlərindən doğan keçici bir narahatlıq deyil. Bu özgələşmə, insanın yer üzündəki mövcudluq şərtləri ilə, onun daxili mənliyi və xarici dünya arasındakı əbədi və əzəli uçurumla bağlı olan ekzistensial bir böhrandır”.
Monoqrafiyada Səməd Ağaoğlunun zəngin bədii irsi ədəbi tənqidin çağdaş metodları əsasında araşdırılır, onun hekayələrində avtobioqrafik elementlərin mahiyyəti, fərdi yaddaşın bədii təcəssümü və özgələşmə probleminin çeşidli təzahürləri geniş şəkildə çözülür. Müəllif yazıçının əsərlərini yalnız estetik baxımdan deyil, həm də mühacirət psixologiyası, kimlik axtarışları və fərdin cəmiyyətlə münasibətləri kontekstində dəyərləndirir.
Monoqrafiyada Səməd Ağaoğlunun həyat yolu ilə bədii yaradıcılığı arasındakı əlaqələr sistemli şəkildə izlənilir, onun hekayələrində tarixi yaddaşın, şəxsi taleyin, mühacirət ağrılarının və mənəvi təcridin bədii ifadə formaları üzə çıxarılır. Özəlliklə, yazıçının qəhrəmanlarının daxili dünyasında müşahidə olunan özgələşmə duyğusunun sosial, psixoloji və fəlsəfi aspektləri elmi-nəzəri müstəvidə şərh edilir.






























