22 dekabr 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında kitabxananın yaranmasının 60 illik yubileyi qeyd olunub.
Avropa.info xəbər verir ki, İlk öncə kitabxananın direktoru, Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin kollektivi adından ünvanlanmış təbrik məktubunu kitabxana kollektivinin diqqətinə çatdırmışdır.
Daha sonar direktor çıxışında qeyd edib ki, Respublika Uşaq Kitabxanası təhsilə dəstək məqsədilə daim uşaqlara bilik aşılamış, oxuyan, düşünən, araşdıran nəsillərin yetişməsinə xidmət edən məktəbdən kənar təhsil müəssisəsidir. Respublika Uşaq Kitabxanası təkcə kitabların evi deyil, uşaqlığın, saf düşüncənin, gələcəyin evi olduğunu vurğulayıb.
Tədbirdə həmçinin, Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi müxtəlif layihələr və mədəniyyət tədbirləri haqqında məlumat verilib. Bu layihələr, tədbirlər, görüşlər və kitab təqdimatları uşaqların təhsilini və inkişafını dəstəkləyərək, onların mədəniyyətə olan maraqlarını artırmaq məqsədi daşıdığını diqqətə çatdırılıb.
Tədbirin növbəti hissəsində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı tərəfindən 60 illik yubiley münasibətilə uzun illər kitabxana işi sahəsində xidmətlərinə, gənc nəslin estetik tərbiyəsindəki işində səmərəli fəaliyyətinə, kollektivin ictimai həyatında fəal iştirakına görə bir qrup əməkdaş Fəxri Fərmanla təltif edilib.
Kitabxananın direktoru təltif olunan əməkdaşlara göstərdikləri xidmətlərə görə təşəkkür etmiş və onların kitabxananın fəaliyyətindəki əhəmiyyətli rolu və töhfələrini xüsusi olaraq qeyd edib. Təltif olunan əməkdaşlar da öz növbələrində göstərilən diqqət və hörmətə görə təşəkkürlərini bildirmiş və kitabxanaya və gələcək nəsillərə olan sevgi və bağlılıqlarını ifadə etmişlər.






























