Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin ABŞ-ın keçmiş prezidenti Donald Trampla söhbətində “cavab” veriləcəyinə dair sözlərini şərh edib.
Avropa.info xəbər verir ki, Zelenski bu açıqlamasını özünün “Telegram” kanalı və “X” sosial media platformasında yayımlayıb.
“Əfsuslar olsun ki, Putin cəzasızlıq hissi yaşayır və Rusiyanın bütün dəhşətli hücumlarına baxmayaraq, guya yenidən hansısa “cavablar” hazırlayır”, – deyə Ukrayna lideri bildirib.
Zelenski qeyd edib ki, bir çox ölkələr Rusiya ilə müxtəlif səviyyələrdə danışıqlar aparıb, lakin bu danışıqlar nə etibarlı sülhə, nə də müharibənin dayandırılmasına səbəb olub.
“Bu isə o deməkdir ki, Rusiya hər yeni zərbəsi, hər diplomatik gecikmə ilə bütün dünyaya – Rusiyaya qarşı təzyiqi artırmaq istəməyən hər kəsə qarşı orta barmağını göstərir. Halbuki sülh axtaran Rusiya olmalıdır. Moskva anlamalıdır ki, müharibənin bədəli var – bu, böyük bir bədəldir və ən yüksək bədəli də məhz təcavüzkar ödəməlidir”, – deyə Zelenski vurğulayıb.
Ukrayna prezidenti əlavə edib ki, əgər dünya Putindən gələn təhdidlərə zəif reaksiya verirsə, bu, Kreml tərəfindən beynəlxalq ictimaiyyətin baş verənlərə göz yumması kimi qiymətləndirilir.
“Sərt mövqe nümayiş etdirməyən qüvvələr Putini dayandırmırlarsa, bu o deməkdir ki, onunla məsuliyyəti bölüşürlər. Əgər istəsələr də dayandıra bilmirlərsə, o zaman Putin onları artıq güclü hesab etməyəcək”, – deyə Zelenski fikrini tamamlayıb.