Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında dövlət xadimi Nəriman Nərimanovun 155 illik yubileyi ilə bağlı növbəti material istifadəçilərə təqdim edilib
Avropa.info xəbər verir ki, Aprelin 14-də görkəmli yazıçı, maarifçi, həkim və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 155 ili tamam oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin yubileyi ilə əlaqədar “Nəriman Nərimanov – 155” adlı virtual kitab sərgisi hazırlanıb.
Virtual sərgidə Ulu Öndər Heydər Əliyevin Nəriman Nərimanov haqqında söylədiyi dəyərli fikirlər, müəllifi olduğu və haqqında qələmə alınan 30-a yaxın kitabın tam mətni təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində müstəsna rolu olan Nəriman Nərimanovun ictimai-siyasi və ədəbi-mədəni fəaliyyətindən bəhs edən akademik Nizami Cəfərovun “Əhmədovun “Nəriman Nərimanov”u ”, professor Teymur Əhmədovun “Heydər Əliyev: Nəriman Nərimanov bu gün də bizimlədir”, yazıçı, pedaqogika elmləri doktoru, Əməkdar müəllim Kamal Camalovun “Maarifçilik tariximizin Nəriman Nərimanov imzalı parlaq səhifələri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Nəriman Nərimanov: Məşhur yazıçı, qüvvətli dramaturq, publisist və maarifçi”, jurnalist Aytac Sahədin “”Nəriman Nərimanov. 20-ci illər” – “Bir rəsmin dedikləri”” kimi 10-dan çox məqalənin, rəsmi sənədin tam mətni də yer alır.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://ryl.az/multimedia/neriman-nerimanov-155 linkindən istifadə edə bilərlər.