Daxili İşlərə Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib.
Avropa.info xəbər verir ki, İdarədən “Qafqazinfo”ya daxil olan müraciətdə deyilir:
“Sinoptiklərin məlumatına əsasən, əlverişsiz havanın fevralın 24-dək davam edəcəyi, ayrı-ayrı yerlərdə qar yağacağı, yollarda görünüşün məhdudlaşacağı gözlənilir.
DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.
Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir”.