ABŞ-da Türk Evinə edilən hücumda əli olan şəxs axtarılır

  • 10:00 - 25 May

ABŞ Nyu-Yorkda Türk Evinə hücumda şübhəli axtarır. 

Avropa.info xəbər verir ki, "Anadolu" agentliyinə daxil olan məlumata görə, Türkiyə səlahiyyətliləri məlumat daxil olduqdan sonra başlatdığı araşdırma nəticəsində şübhəlinin şəxsiyyətini müəyyən edib. 

Türkiyənin Giresun bölgəsində qeydiyyatda olan və Türkiyədə “bədənə zərər vurma, hədələmə və narkotik maddə saxlama” maddəsi ilə cinayət keçmişi olan Recep Akbıyıkın Türk Evinə hücumda əli olduğu müəyyən edilib. 

Türkiyə hakimiyyəti məlumatı Nyu York Polis Departamentinə ötürüb. 

NYPD araşdırmalarını gücləndirdi və bir gün əvvəl şübhəlinin qaldığı evsizlər sığınacağına basqın etdi. 

Şübhəli ilə bağlı hesabatda onun psixi problemləri olduğu qeyd edilib. 

Recep Akbıyık hələ də axtarışdadır. 

Xatırladaq ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara ABŞ-dan Nyu-Yorkdakı Türk Evinə hücumda iştirak edənləri tez bir zamanda müəyyən etməyi və Türkiyə diplomatik missiyalarına lazımi müdafiəni təmin etməyi gözləyir. 

Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür bildirib ki, hadisə yerli vaxtla saat 03:14-də baş verib. Onun sözlərinə görə, naməlum şəxs konsulluğun giriş qapısını və pəncərələri lomla zədələyib. 

“Nyu-York Polis Departamentinə hadisə barədə dərhal məlumat verilib və hadisə yerinə polis qrupu gəlib. Hücum edən şəxs hücumda istifadə etdiyi lomu arxada qoyaraq hadisə yerini tərk edib.Biz yerli hakimiyyət orqanlarına hadisəni törədənin tutulmasını gözlədiyimizi bildirdik”, - deyə Özgür bildirib. 

Türk Evinin binasında Türkiyənin BMT yanında Daimi Nümayəndəliyi və Türkiyənin Baş Konsulluğu da yerləşir. 

Eyni ərazidə bir çox ölkələrin, o cümlədən ABŞ-ın daimi nümayəndəlikləri və baş konsulluqları fəaliyyət göstərir.


Oxunma sayı: 2432

Oxşar yazılar