Çavuşoğlu: Türk Evinə hücum edən şəxsin saxlanılması zaman məsələsidir

  • 14:15 - 24 May

Nyu-Yorkda Türk Evinə hücum edənin həbsi “zaman məsələsidir”. 

Avropa.info xəbər verir ki, bu barədə TV100 telekanalında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, hazırda ABŞ hakimiyyəti bu istiqamətdə intensiv səylər göstərir. 

“İstifadə etdiyi dəmir çubuğun üzərində barmaq izləri var. Onun həbsi an məsələsidir. İnanıram ki, o, gizlənə bilməyəcək”, - deyə nazir bildirib. 

O qeyd edib ki, hadisənin təhqiqatı Nyu-York polisi ilə birlikdə ABŞ Dövlət Departamentinin ciddi diqqətindədir. 

Nazir xatırladıb ki, ABŞ qəbul edən ölkə kimi onun ərazisində yerləşən diplomatik nümayəndəliklərin təhlükəsizliyinə cavabdehdir. 

“Biz bu şəxsin yaxın vaxtlarda saxlanılacağını gözləyirik. Türkiyə (Amerika tərəfdən) təkcə Türk Evi üçün deyil, ABŞ-dakı digər missiyalarımız üçün də əlavə təhlükəsizlik tədbirləri tələb edib”. 

Çavuşoğlu Ankaranın Türk Evinə hücumla bağlı vəziyyətin inkişafını diqqətlə izlədiyini vurğulayıb. 

Bir gün əvvəl naməlum şəxs Nyu-Yorkda Türkiyənin BMT yanında Daimi Nümayəndəliyinin və ölkənin Amerika metropolisindəki Baş Konsulluğunun yerləşdiyi Türk Evinə hücum edib. 

Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür hadisə zamanı xəsarət alanların olmadığını bildirib. Diplomatın sözlərinə görə, binaya maddi ziyan dəyib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Evinə hücum edən şəxsi “terrorçu” adlandırıb. 

Hadisə Birləşmiş Millətlər Təşkilatı və ABŞ tərəfindən qınanıb.


Oxunma sayı: 2652

Oxşar yazılar