Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı və Şərq-Qərb Neft Boru Kəmərini hədəf aldıqlarını açıqlayıb.
Husilərin hərbi sözçüsü Yəhya Seri ABŞ mərkəzli X sosial media platformasındakı hesabında verdiyi açıqlamada Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını ballistik raketlə hədəf aldıqlarını bildirib.
Seri həmçinin Şərq-Qərb Neft Kəmərinin “Petroline” olaraq da bilinən xam neft nasos stansiyalarını hədəf alan pilotsuz hava vasitəsi (PUA) hücumları həyata keçirdiklərini bildirib.
Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi erkən xəbərdarlıq sisteminin paytaxt Ər-Riyad üçün təhlükə xəbərdarlığı verdiyini açıqlayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü general-mayor Turki əl-Maliki də husilərin Ər-Riyadı hədəf alan ballistik raket hücumunun qarşısının alındığını açıqlayıb.
Yəmən, 2014-cü ilin sentyabrında İranın dəstəklədiyi husilərin paytaxt Səna və bəzi əyalətlərə nəzarəti ələ keçirməsindən sonra başlayan vətəndaş müharibəsinə səhnədir.
Şərq-Qərb neft kəməri
“Petroline” kimi də tanınan Şərq-Qərb Neft Boru Kəməri Səudiyyə Ərəbistanının ən mühüm xam neft nəqli xətlərindən biridir.
Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco tərəfindən idarə olunan xətt ölkənin şərqindəki Abqaiq bölgəsindən Qırmızı dəniz sahilindəki Yanbuya qədər təxminən 1200 kilometr uzanır.
Tamamilə Səudiyyə Ərəbistanının sərhədləri daxilində yerləşən xətt xam nefti ölkənin şərqindəki istehsal və emal mərkəzlərindən Qırmızı dəniz sahilindəki neft emalı və ixrac obyektlərinə daşıyır.
O, Səudiyyə Ərəbistanına nefti Hörmüz boğazından dəniz yolu ilə nəql etmədən Qırmızı dənizə çatdırmaq üçün alternativ quru yolu təqdim edir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə dəstək verir.
Son zamanlar Yəməndə hökumət qüvvələri ilə husilər arasında qarşıdurmalar artsa da, İranın dəstəklədiyi husilər onlara qarşı hücumlara görə məsuliyyət daşıyan Səudiyyə Ərəbistanını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alır.




