Azərbaycanda bu təqaüdlər 2 dəfə azaldıldı

  • 19:32 - 08 İyul

"Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Avropa.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliklə Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüdün məbləği iki dəfə azaldılıb.

Belə ki, peşə hazırlığına cəlb olunmuş şəxslərə təqaüd məbləği minimum əməkhaqqının 50 faizi məbləğində müəyyən olunub.

Dəyişikliyə qədər peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilirdi.

Bundan başqa, Azərbaycanda kvotadan əlavə iş yerlərinin yaradılması qaydası müəyyən edilib. Dəyişikliyə görə, qaydanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 iş yerindən çox olmamaqla müəyyən ediləcək.

Kvotadan əlavə iş yerlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndəriş verilmiş şəxslərlə 2 ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi üzrə əməkhaqqı bu Qanunun 26.6-cı maddəsi nəzərə alınmaqla, işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir.

Bununla yanaşı, dövlət başçısı "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.


Oxunma sayı: 5996

Oxşar yazılar