Bu gün MİQ imtahanlarında bir fənnin müəllimləri iştirak edəcək

  • 09:58 - 08 İyul

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi bu gün – iyulun 8-də davam edəcək.

Avropa.info-nun məlumatına görə, bu gün ingilis dili fənni üzrə namizədlər test imtahanları verəcəklər.

Test imtahanları 2 – 10 iyul tarixlərində ölkə üzrə 39 imtahan mərkəzini əhatə edəcək.

İlk gündə - iyulun 2-də texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd imtahana dəvət olunub.

3 iyul tarixində təşkil olunan MİQ imtahanlarına ibtidai sinif və musiqi fənləri üzrə 14 342 namizəd dəvət olunub. 

4 iyulda riyaziyyat və kimya fənləri üzrə 7 199 namizəd imtahana dəvət olunub.

5 iyul tarixində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə fizika, informatika və fransız dili fənləri üzrə 7 077 namizəd dəvət olunub.

İyulun 6-da təşkil olunan MİQ imtahanlarına rus dili, rus dili və ədəbiyyatı, biologiya və fiziki tərbiyə fənləri üzrə 7218 namizəd dəvət olunub.

Müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 000-ə yaxın namizədin iştirakı gözlənilir.

Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. 

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.  

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılacaq.


Test imtahanında ixtisas üzrə minimum 34 bal, tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 bal olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar. 
 

Test imtahanı mərhələsində keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.


Oxunma sayı: 3851

Oxşar yazılar