Orban Kiyevə Trampın təklifi ilə gedib? - Atəşkəs planı

  • 10:35 - 05 İyul

"Əslində, Macarıstanın Baş naziri Viktor Orbanın Zelenskiyə etdiyi atəşkəs təklifinin müəllifi özü deyil. Bu təklifin müəllifi ilk növbədə ABŞ-da hakimiyyətə gəlmə ehtimalı yüksək olan Respublikaçılar Partiyası, yəni Tramp, sonra isə Vatikandır. Əlbəttə, buraya Avropadakı bir sıra siyasi dairələr, xüsusilə mühafizəkar qüvvələr də daxildir".

Avropa.info xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Ekspert atəşkəs təklifinin məzmunundan bəhs edib:

"İndi ABŞ-ın başı seçkilərlə əlaqədar özünə qarışıb və Ukraynaya verilən dəstək zəifləyə bilər. Təəssüf ki, cəbhədəki mövcud vəziyyət hazırda Kiyevin xeyrinə deyil. Yəni quru əməliyyatları baxımından Ukraynanın irəliləməsi və torpaqlarını işğaldan azad etməsi müşahidə olunmur. Fikrimcə, verilən təklif müvəqqəti atəşkəslə bağlıdır. Ukrayna isə bundan istifadə edərək güclənməli, iqtisadiyyatını və hərbi sənayesini hazır vəziyyətə gətirməlidir. Bu da uzun illər deməkdir. Müqayisə üçün deyə bilərəm ki, ölkəmizə bütün bunları yerinə yetirib ərazilərimizi işğaldan azad etmək üçün 30 il lazım oldu. Eyni yol ilə getməyi Ukraynaya da təklif edirlər".

Rizvan Hüseynov vəziyyətin çətinləşməsinin Ukraynadakı siyasi dairələrin atəşkəs təklifinə diqqətini artıracağını bildirib:

"Sözügedən seçim Zelenski üçün çox çətindir və onun siyasi karyerasının sonu ola bilər. Ona görə də onun təklifdən imtina etməsi başadüşüləndir. Lakin bu, tamamilə imtina kimi anlaşılmamalıdır. Çünki bütün hallarda təklif Ukraynada dövlət idarəçiliyində təmsil olunan siyasi elitanın da nəzərinə çatdırıldı. Biz indi İngiltərənin də əvvəlki kimi səsinin çıxmadığını görürük. Nəticə etibarilə cəbhədə şiddətin artması və sadaladığımız səbəblər atəşkəs təklifinin tamamilə gündəmdən düşməyəcəyini, Zelenskinin qəbul etməməsi halında belə ətrafı tərəfindən müzakirə ediləcəyini deməyə əsas verir".

Qeyd edək ki, Kiyevə səfər edən Macarıstan Baş naziri Viktor Orban Ukraynaya atəşkəsə razılaşmağı və masada danışıqlara başlamağı təklif etmişdi. Kiyev isə bu təklifdən imtina etdiyini açıqlayıb.


Oxunma sayı: 2949

Oxşar yazılar