İtaliya-Azərbaycan Universitetində oxumaq istəyənlərin nəzərinə! - 1000-ə yaxın tələbə...

  • 13:34 - 21 İyun

İtaliya-Azərbaycan Universitetinə bu il bir neçə ixtisas üzrə tələbə qəbulu elan ediləcək.

Avropa.info bildirir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Universitetdən məlumat verilib.

Açıqlamada bildirilir ki, İtaliya-Azərbaycan Universiteti çərçivəsində ilk tələbə qəbulu 2023-cü ildə həyata keçirilib. İtaliyanın Luiss Universiteti ilə birgə Qlobal idarəetmə və siyasət ixtisası üzrə ikili diplom proqramına qəbul həyata keçirilib.

"2024-cü ildən etibarən isə İtaliya-Azərbaycan Universiteti çərçivəsində eyni proqram davam edəcək. O cümlədən, kənd təsərrüfatı və qida texnologiyaları üzrə bakalavr pilləsinə, kənd təsərrüfatı və qida sistemlərinin idarəedilməsi üzrə magistratura pilləsinə, bundan əlavə, dizayn və memarlıq üzrə isə bakalavr pilləsinə qəbul aparılacaq.  Elektrik və elektronika mühəndisliyi üzrə Turin Politexnik Universiteti ilə birgə ikili diplom proqramına bakalavr pilləsi üzrə qəbul aparılacaq", - Universitetdən verilən məlumatda deyilir.

Məlumata görə, Universitet ADA daxilində fəaliyyət göstərəcək, rəhbərlik ADA Universitetinin rəhbərliyi tərəfindən aparılacaq. Növbəti illər ərzində 1000-ə yaxın tələbənin təhsil alması gözlənilir. Lakin ilk illərdə bu say daha az olacaq.

Qeyd edək ki, Universitet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. 

İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. Bu xüsusda, keçən il ADA Universiteti ilə İtaliyanın adıçəkilən universitetləri arasında İtaliya-Azərbaycan Universitetinin yaradılması və bu istiqamətdə akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Avropa.info 


Oxunma sayı: 2641

Oxşar yazılar