Həcc ziyarətində təhlükəsizlik məsələsi - Dini və dünyəvi baxış

  • 09:53 - 21 İyun

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən müsəlmanların sayı 1000-ə çatıb. Məlumata görə, Məkkədə temperatur 51 dərəcəni keçib. Zəvvarların ölümünə səbəb olan da isti havadır. Qaydaya görə, vəfat edən zəvvarlar elə Məkkədə dəfn olunmalıdır. 

Qeyd edək ki, bu il Həcc ziyarətində dünyanın hər yerindən 1,8 milyon insan iştirak edir.

Ehtimal olunur ki, bu sayda ölüm qeydiyyatsız zəvvarların çoxluğu ilə əlaqədardır, onların gəlişi düşərgələrdə xaosa səbəb olub. Misirin bir rəsmisinin sözlərinə görə, zəvvarlar uzun müddət yeməksiz, susuz və kondisionersiz qalıblar, sığınacaq yeri olmadığı üçün ölüblər.

Hər il Həcc ziyarətində ölüm halları qeydə alınsa da, 1000 civarında zəvvarın ölümü son illərdə ilk dəfə qeydə alınır.

Həcc ziyarəti zamanı ölənlərin sayının artması dini baxımdan arzuolunmaz hadisə sayılmasa da, dünyəvi və insan haqları baxımından təhlükəsizlik tədbirlərinin, normal şəraitin, təşkilatçılığın formalaşmaması məsələsini gündəmə gətirib. 

Fazil Mustafa: “İsti havada sağlamlıq problemləri olan insanların səfərə çıxması qeyri-rasional düşüncənin nəticəsidir”

Avropa.info-nun məlumatına görə, millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, zəvvarlar müqəddəs torpaqları ziyarət etməyi nə qədər çox istəsələr də, ilk növbədə sağlamlığı düşünmək lazımdır: “Bu, əlbəttə, insanların inancları ilə bağlı olan məsələdir. Amma Şərq toplumunda inancın müasir dəyərlərlə uzlaşdırılması ənənəsi yoxdur. Zəvvarların müəyyən dərəcədə sağlamlıq və başqa problemləri dəqiqləşdirmədən ziyarətə getmələri əslində tibbi nöqteyi-nəzərdən doğru deyil. Sağlam insanların getməsi daha önəmlidir, çünki onlar ritualları rahatlıqla yerinə yetirə bilərlər. Hər halda, insanların beynində belə bir düşüncə var ki, Həcc ziyarəti mənəvi cəhətdən rahatlamaq üçündür. Bunu sağlam düşüncə hesab etmək olmaz. Azərbaycanda da bu düşüncədə olan çox sayda insan var. Onlar da fərqinə varmadan bu ritualları yerinə yetirmək üçün istər Həcc, istər Kərbəla, istər Məşhəd, istərsə də başqa müqəddəs yerlərə ziyarətə gedirlər. Böyük əksəriyyət ziyarətin fəlsəfəsini öyrənmədən, anlamadan ziyarəti sadəcə adət kimi gerçəkləşdirməyə çalışır. Fikrimcə, ilk növbədə sağlamlığa diqqət etmək lazımdır. Hava şəraitinin təzyiq, yaxud ürək problemi yaratmayacağını dəqiq müəyyən etdikdən sonra ziyarəti gerçəkləşdirmək olar. Hesab edirəm ki, müasir dövrdə insanlar dini inanclarını müəyyən dərəcədə sadələşdirmək yolunu seçməlidirlər. İsti havada sağlamlıq problemləri olan insanların səfərlərə çıxması qeyri-rasional düşüncənin nəticəsidir və üzücü haldır”.  

İlahiyyatçı Rəsul Mirhəşimli isə hesab edir ki, Həcc ziyarəti zamanı ölənlərin sayının əvvəlki illərlə müqayisədə çox olmasını məsxərəyə qoymaq olmaz. “Yeni Müsavat”a şərh verən R. Mirhəşimli səbəb nə olursa-olsun, insan ölümünə bu cür münasibəti doğru hesab etmir: “Ölüm insanı yalnız yatağında yaxalamır. Təbii fəlakətlər zamanı nə qədər həyatını itirən insan olur. Elə bu yaxınlarda Salvadorda sel fəlakəti, Əfqanıstanda zəlzələ çox sayda insanın həyatına son qoydu. Məkkədə Həcc ziyarəti zamanı baş verən kütləvi ölümlər də təbii fəlakətin nəticəsində baş verib. Yay günlərində Azərbaycanda bu qədər istilər özünü göstərirsə, təsəvvür edin, təbiəti etibarilə səhra olan ərazilərdə havanın temperaturu hansı dərəcədə ola bilər. 53 dərəcə istinin təsirindən baş verən faciə yüzlərlə müsəlman zəvvarın ölümünə səbəb olub.

Hər il olduğu kimi, Həcc ziyarətini hədəfə alan islamafoblar bu il də özlərini o həddə qədər düşürüblər ki, insan ölümünü məsxərə obyektinə çeviriblər. Bu davranış tərzi özünü insan sayan kəslərin heyvandan aşağı mərtəbəyə düşməsi ilə ortaya çıxa bilər. 

Rəsul Mirhəşimli: “Ölümlərin sayının çox olmasında Səudiyyə Ərəbistanının müvafiq orqanları da məsuliyyət daşıyır”

Məhərrəmlikdə, Ramazan ayında, Həcc ziyarəti zamanı, Qurban bayramında insanların dini inancına hücum çəkmək şərəf göstəricisi deyil. Bu münasibət ictimai davranışlarına nəzarət edə bilməyənlərin mənəvi keyfiyyətlərin məcmusundan məhrum olmalarıdır. İnsanlıq bu deyil. İnsanlıq cəmiyyətə hər kəsin düşüncəsinə və əqidəsinə hörmətlə yanaşmanın göstəricisidir. Həyatı boyu ehtiyacı olana əl tutmayan, bir imkansız xəstənin müalicəsinə yardım etməyən, bir yetimi sevindirməyənlər başqalarının pulunun hesabını çəkir. Beynəlxalq konvensiyalar, Azərbaycan Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Qanun insanların dini inanclarına müdaxiləni yolverilməz sayır. Bundan əlavə, insanın seçiminə qarışmaq ən yumşaq şəkildə tərbiyəsizlikdir.

Həcc imkanı çatan müsəlmanlar üçün vacib ibadətdir. Bu ibadəti də lağlağı obyektinə çevirməyə kimsənin haqqı yoxdur. Müsəlmanlar inanmayanların düşüncəsinə qarışmağı İslam dininin qadağası olaraq, tolerant şəkildə qarşılayırsa, kiminsə inancına müdaxilə etmək də insanlıq baxımından, mənəvi göstəricilər üzrə yolverilməzdir. Heç bir müsəlman xaricə bahalı turistik səfərlər edən insanların seçiminə qarışmır. Bu, insanların istirahət hüququ, öz sərvətini bildiyi kimi xərcləməsində öz seçimidir. Kimlərinsə də müsəlmanların Həcc ziyarətinə qarışmağa haqqı yoxdur".

R.Mirhəşimli qeyd etdi ki, yaşanan faciənin məsuliyyətini araşdırmaq baxımdan yanaşmalar olsaydı, bunu anlamaq mümkün olardı: “Həcc ziyarətinin təşkilində məsuliyyət daşıyan Səudiyyə Ərəbistanının müvafiq dövlət qurumları bu faciələrin qarşısını almaq üçün lazımi tədbirləri görməli idilər. Minada zəvvarlar uzunluğu təxminən iki kilometrə çatan tunellərdən keçməli olurlar. Bəzən bu ərazidə yaranan izdiham kütləvi insan ölümlərinə səbəb olur. Bu ölümlərin qarşısını almaq üçün daha əlverişli şərait yaratmaq mümkün ola bilər. Bu baxımdan, ölümlərin sayının çox olmasında Səudiyyə Ərəbistanının müvafiq orqanları da məsuliyyət daşıyır”.


Oxunma sayı: 1519

Oxşar yazılar