DİM-in dövlət qulluğun qəbulda yeni qaydası tənqid edildi

  • 21:32 - 01 İyun

Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbul imtahanlarında "bilik əsaslı qiymətləndirmədən səriştə əsaslı qiymətləndirmə üsuluna " keçəcəyini açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

 “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev ali məktəbi və əsgərliyi yenicə başa vurmuş təcrübəsiz gənclərdən səriştə tələb etməyin yanlış olduğunu və problemlər meydana çıxaracağını bildirib.

Avropa.info xəbər verir ki, Aydın Quliyev sosial şəbəkə hesabında fikirlərini belə əsaslandırıb:

 “DİM bundan sonra biliyi yox, səriştəni yoxlayacaq- bu nədir, heç düşünürsüz?....Mənim başa düşdüyüm budur ki, dövlət qulluğuna qəbul olunmaq istəyənlərin peşə biliyini və savadını yox( ya da bundan daha çox) , onun səriştəsini imtahan edəcəklər. Yəqin ki, səriştə deyəndə qulluğa qəbul olunmaq istəyən gəncin həmin sahə üzrə təcrübəsi, səriştəsi nəzərdə tutulur.

Belə ideyaları ictimaiyyətə təqdim etməzdən qabaq onun nəticələrini görəsən müzakirə edirlərmi? 22 yaşında Universiteti və hərbi qulluğunu başa vuraraq dövlət qulluğuna getmək istəyən gəncdən seçdiyi sahə üzrə - gömrük, prokurorluq, vergi , ədliyyə və sair sahələr üzrə "səriştəni" hansı məntiqlə tələb etmək olar? Belə gənclərin olsa -olsa seçdiyi sahə üzrə nəzəri bilikləri və ümumi informativ- məntiqi bilikləri ola bilər. Bu yaşda gənc səriştəni harada qazana bilər? Bəlkə də 35- 50 yaşlarında dövlət qulluğuna qəbul olunmaq istəyənlərdən səriştə imtahanı götürmək məntiqli ola bilər. Çünki bu yaşa qədər həmin şəxs haradasa işləməli və səriştə qazanmalı idi. Bəs 22 yaşlı gəncdən səriştə tələb etməyin adı, mənası, izahı varmı?!. Dövlət qulluğuna qəbulda planlaşdırılan bu yenilik xeyirdən çox ziyan vuracaq. Subyektiv yanaşmadır, qulluğa qəbul olunmaq istəyən gəncləri "sortlaşdırmaq”, "ögeylərə- doğmalara" bölmək üçün fürsət yaratmaq üsuludur” .

A.Quliyev hesab edir ki,  ölkənin dərin və daha strateji düşünən rəhbərlərinin DİM-in bu planını vaxtında durdurmaları işin faydasına olar.


Oxunma sayı: 3334

Oxşar yazılar