Azərbaycanda bu məhsullar bahalaşa bilər - AÇIQLAMA

  • 18:32 - 01 İyun

Son vaxtlar regionlarda müşahidə olunan anomal hava şəraiti bağ və bostan bitkilərinin bir çoxuna ciddi ziyan vurub. Yağan dolu və yağış nəticəsində baş verən sel əksər fındıq və qoz bağlarını su altında qoyub. Analoji fəsadlar digər meyvə və tərəvəzlərdə də müşahidə olunur. Bu isə sözügedən bitkilərin məhsuldarlığı ilə bağlı narahatlıq yaradır.

Avropa.info xəbər verir ki, mövzu ilə bağlı referans.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, yağıntıların vurduğu ziyan məhsuldarlığa ciddi zərbə vuracaq:

"Hava şəraitinin bu cür meyvə və tərəvəzlərə təsiri müxtəlifdir. Birincisi, dolu düşən ərazilərdə olan meyvə bağlarında məhsuldarlıq aşağı düşəcək. Bu ərazilərdə əkilən fındıq və qozun dolu düşməsi nəticəsində ciddi ziyan gördüyü məlumdur. Çünki yağış o qədər də ciddi təsirə malik deyil. Əsas ciddi təsir dolu və küləkdir. Dolu yağan zamanı bitkilərin çiçək və yarpaqlarına ciddi ziyan dəyir, külək isə onların bir çoxunu kal şəkildə sındıraraq ağacdan salır. Bu təbii olaraq məhsuldarlığa təsir edəcək".

Ekspert məhsuldarlığın az olmasının qiymətlərin qalxmasına gətirib çıxaracağını qeyd edib:

"Bu il ötən ilə nisbətən məhsuldarlığın yüksək olması proqnozlaşdırılırdı, lakin dolu və yağışın düşməsi bu gözləntini aşağı saldı. Hazırda zərər var və qaçınılmazdır. Bu meyvələr əsasən şimal zonasında yetişir və ötən həftələrdə həmin ərazilərdə kifayət qədər dolu və külək oldu. Bu səbəbdən məhsuldarlıq aşağı olacaq və qiymətlərin bahalaşması da gözləniləndir".


Oxunma sayı: 5501

Oxşar yazılar