Rusiyanın müdafiə naziri Ermənistanla Azərbaycana niyə xəbərdarlıq etdi? - ŞƏRH

  • 16:32 - 01 İyun

Andrey Belousov Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Azərbaycan əleyhinə açıqlamalar verdikdən sonra – dünən bu ölkənin müdafiə naziri Andrey Belousov Azərbaycana və Ermənistana mesaj yollayıb.

Rusiyanın yeni müdafiə naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının Almatıda keçirilən iclasında deyib ki, NATO ölkələri Ermənistan və Azərbaycana həyasızcasına vasitəçilik xidmətləri təklif edirlər.

“Sülh müqaviləsinin yalnız Qərb platformalarında və diktə əsasında imzalanması təklif edilir” deyən Belousov Vaşinqton və Brüsselin Cənubi Qafqazda möhkəmlənməyə çalışdıqlarını bildirib.

Avropa.info xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlu Rusiya müdafiə naziri Andrey Belousovun açıqlamasına münasibət bildirib:

“Əslində Rusiya müdafiə naziri bu açıqlama ilə NATO ölkələrini deyil, Cənubi Qfaqaz ölkələrini xəbərdar edib ki, “Qərbdən uzaq dayanın!”. Kreml əvvəlkitək Cənubi Qafqazı arxa baxçası sayır və müstəqil dövlətlərin daxili işlərinə qarışmağa meyllidir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin Qərb ölkələrindən birində imzalanması Bakı və İrəvanın maraqlarına uyğun olmasa da, adı çəkilən sənədin Moskvada imzalanması da tərəflərin maraqlarına cavab vermir. Moskvada imzalanan saziş Rusiyaya bölgəyə təsir etmək üçün əlavə alət qazandıracaq. Sülh və ya çərçivə sazişinin 3 məkandan birində imzalanmasına isə nə Rusiya, nə də Qərb etiraz edə biləcək. Sazişin Qazaxıstanda, Gürcüstanda və ya elə sərhəd məntəqəsində imzalanması hamının xeyrinədir”.


Oxunma sayı: 3466

Oxşar yazılar