Bakıətrafı qəsəbələrdə TAKSİ ÇATIŞMAZLIĞI: Sürücülərin sayı azalır – SƏBƏB

  • 22:00 - 29 May

Son zamanlar taksi sahəsində daha bir problem özünü göstərməyə başlayıb. Belə ki, Bakıda şəhərin mərkəzində taksi tapmaq asan olsa da, Bakıətrafı qəsəbələrdə bu tam əksinədir.

Bu ərazilərdə günün müəyyən saatlarında taksi tapmaq, demək olar ki, müşkülə çevrilib. Taksi tapmaq mümkün olsa belə, sürücü ya məsafənin uzun olması səbəbindən, ya da məbləğin azlığına görə sifarişi qəbul etmir. Bu da qəsəbə və kəndlərdə yaşayan əhalinin ciddi narazılığına səbəb olur.

Avropa.info-nun məlumatına görə, mövzu ilə bağlı Yenicag.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, taksi biznes sahəsi olduğuna görə, bunu sahibkarlar və şirkətlər tənzimləyir.

Onun sözlərinə görə, Bakıətrafı qəsəbə və kəndlərdə nəinki taksi, hətta ictimai nəqliyyat problemi də mövcuddur.

“Bu problemin də həlli dövlətin üzərində deyil. Taksi biznes sahəsi olduğuna görə, bunu sahibkarlar və şirkətlər tənzimləyir. Ona görə də, kimsə bu istiqamətdə kənar müdaxilələr edə bilməz. Həmin ərazilərdə taksi sürücüsü kimi çalışmaq istəyənlər varsa, xidmətə qoşula bilirlər. Beləliklə, bu proses daha operativ şəkildə həll yolunu tapa bilər. İndiki halda bu problem özünü qabarıq şəkildə göstərir. Çünki taksi fəaliyyətinin təkmillləşdirilməsi ilə bağlı qərarlar icra olunur. Bu da taksidə sayın azalmasına gətirib çıxarır. Düşünürəm ki, kifayət qədər azalma var. Təxminən bir qədər əvvəl paytaxtda 70 minədək taksi sürücüsü var idi. Bu rəqəm getdikcə azalmaqdadır. Yəni taksi sayının 30 minədək endirələcək”, – deyə o əlavə edib.

E.Muradlı deyib ki, buraxılış ili 1999-cu ildən 2009-cu ilədək olan avtomobillər artıq şirkətlər tərəfindən bloklanır:

“Bakıətrafı qəsəbələrdə yaşayanlar da köhnə avtomobillərlə taksi xidmətinə qoşulmuşdular. Bu gün artıq onların maşınları şirkətlərin sistemində bloklanır. Buraxılış ili 1999-cu ildən 2009-cu ilədək olan avtomobillər artıq bloklanır. Bu yaxınlarda ola bilsin, 2010-cu ildə buraxılan maşınlar da məhdudiyyət qoyacaqlar. Belə olan halda, taksilərin sayının azalması qaçılmazdır. Bu prosesi hər hansı formada tənzimləmək yalnız növbəti mərhələlərdə mümkün ola bilər. Bundan sonra baş verəcək prosesləri təhlil etsək, problemin çox qısa zamanda həll oluna biləcək problem olmadığını görə bilərik”.

Mütəxəssis əlavə edib ki, səbrli və təmkinli şəkildə proseslərin necə cərəyan edəcəyini gözləmək, eyni zamanda, bunu həllinə nail olmaq üçün vətəndaşlar dövlətə dəstək olmalıdır:

“Bu sahədə əvvəlki illərdə də müəyyən problemlər var idi. Biz də hər zaman həm bir vətəndaş, həm də nəqliyyat eksperti kimi bu sahədəki problemlərin həll olunmasını təklif edirik. Həll istiqamətində də addımlar atdıqda belə problemlər ortaya çıxa bilir. Hesab edirəm ki, səbrli bə təmkinli şəkildə proseslərin necə cərəyan edəcəyini gözləmək, eyni zamanda bunu həllinə nail olmaq üçün dövlətimizə dəstək olmalıyıq. Son dövrlər taksi şirkətləri artıq vəziyyətdən çıxış yolu üçün müəyyən konsensusa gələrək, yeni avtomobillər gətirir, müxtəlif taksi parkları ilə də danışıqlar da gedir. Fikrimcə, bu proses ləngiməyəcək”.


Oxunma sayı: 4467

Oxşar yazılar