Qızlarına qarşı əxlaqsızlıq edən atayla bağlı ekspertlərdən ETİRAZ

  • 16:19 - 29 May

“Labirintdən çıxış” Regional Ekspertlər Şəbəkəsi Baş prokuror Kamran Əliyevə, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müaciət edib. 

Avropa.info müraciəti təqdim edir:

“17 may 2024-cü ildə Abşeron rayon məhkəməsinin hökmü ilə 42 yaşlı X.X. (şərti) 16 yaşına çatmayan iki qızına qarşı əxlaqsız hərəkətlər etdiyi üçün Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. 

Belə bir hökm barədə məlumatı isə 27 may 2024-cü ildə mətbuatdan əldə etmişik. 

Araşdırdıqdan sonra məlum olub ki, X.X. iki qızına qarşı əxlaqsız hərəkətlərini etiraf edib. Hər iki qızı və anası məhkəmə prosesində X.X. ilə barışdığını və ona qarşı şikayətinin olmadığını deyiblər. 

Məhkəmə isə X.X. ilk dəfə az ağır cinayət etdiyini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin şikayəti olmadığını yüngülləşdirici hal kimi nəzərə alıb və 2 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edib. 

Regional Ekspertlər Şəbəkəsi olaraq verilən cəzanın əməlin mahiyyəti, toplumsal təhlükəsi, ictimai rəyə təsiri baxımından adekvat hesab etmədiyimizi diqqətinizə çatdırmaq istəyirik. 

Üstəlik, hesab edirik ki, Abşeron rayon prokurorluğu cinayətin bir deyil, iki şəxsə qarşı edildiyini illər boyu dəfələrlə edildiyini nəzərə almadan Cinayət Məcəlləsindəki daha yüngül maddə ilə cinayət işi başlayıb və Abşeron rayon məhkəməsi də bu fakta əhəmiyyət verməyib. Nəticədə hüquq -mühafizə orqanları və məhkəmə cinayətin mahiyyətini və ictimai təsirini, həmçinin cəmiyyətin mənafeyinin nəzərə almayıb. 

Regional Ekspertlər Şəbəkəsi  hesab edir ki, qadınların , yetkinlik yaşına çatmayan və ya azyaşlı uşaqların hüquqlarını müdafiə və mühafizə etməli olan qurumlar cəmiyyət üçün risk təşkil edən bu tip cinayətlərə biganə qalmamalı, ictimai ədalətin təmin edilməsi, ictimaiyyətin və bu tip cinayətlərdən zərərçəkmiş şəxslərin hüquqa və qanuna inamının bərpası baxımından məsələni təcili diqqətə götürməlidir.

O cümlədən, Uşaq Hüquqları Konvensiyanın 3-cü maddəsinə, Uşaqların cinsi istismarı və seksual xarakterli hərəkətlərdən müdafiəsinə dair Avropa Konvensiyasının 30- cu və digər maddələrə istinad etməyi unutmamalıdır. Baş vermiş cinayət hadisəsində uşaqların üzləşdiyi travmalar daha dəqiq qiymələndirilməli və uşağın eyni mühitə qaytarılmasının yolverilməzliyi nəzərə alınmalıdır. 

Hörmətli Baş prokuror!
Hörmətli Məhkəmə Hüquq Şurasının sədri!

“Labirintdən çıxış” Regional Ekspertlər Şəbəkəsi olaraq Sizi bu məsələ ilə bağlı ictimai narahatlığın dəyərləndirilməsi və cinayət işində nəzərə alınmayan məqamlara yenidən baxılması üçün yerli qanunvericilik və uşaqların cinsi istismarı və seksual xarakterli hərəkətlərdən müdafiəsinə dair Avropa Konvensiyasına əsaslanaraq bütün hüquqi tədbirlərin görülməsinə çağırırıq!”


Oxunma sayı: 3686

Oxşar yazılar