Bakının səması niyə tozludur? - Səbəb AÇIQLANDI

  • 12:15 - 27 May

Bir neçə gündür Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan çox olduğu müşahidə olunur. Rəsmi məlumata əsasən, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur. Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir. 

Avropa.info xəbər verir ki, "Biosfer" İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan çox olmasının səbəbi şərq küləkləri nəticəsində Orta Asiyada səhralardan qalxan toz dumanının gəlməsidir

Onun sözlərinə görə, eyni zamanda bəzən Yaxın Şərqdən, Afrikadan, Ərəbistandan da çox güclü küləklər şəklində toz dumanı ölkəmizə daxil olur.

Ekoloq deyir ki, amma hazırda havada müşahidə olunan qatılıq ölkə daxilində olan toz dumanı deyil: "Bu, Şərqdən daxil olan tozdur. Yəni Orta Asiyadan, Türmənistan ərazisindən daxil olan küləklərdir. Bunun iqlim dəyişikliyi ilə heç bir əlaqəsi yoxdur. Dünyanın hər yerində belə hallar baş verir. Xüsusən səhra bölgələrində güclü külək olduqda müxtəlif istiqamətlərə toz daşınır".

Mütəxəssis həmçinin vurğulayıb ki, havada olan toz dumanı insanların tənəffüs orqanlarına müəyyən təsir göstərir: "Adətən belə toz dumanı 1-2 günə keçib gedir. Amma hazırda iqlim də o qədər dəyişib ki, dəqiq bilmək olmur. Builki may ayı da iqlim dəyişikliyinə o qədər də aidiyyatı olmasa da, bir az yağıntılı, küləkli keçdi. İndi də hava isinməyə başlayır. Belə dəyişkən hava şəraitində toz dumanının bu gün və yaxud da sabaha bitəcəyini dəqiq demək olmur".


Oxunma sayı: 3224

Oxşar yazılar