İrəvanda böyük mitinq təyin edildi: Ermənistanda hakimiyyət dəyişikliyi ANONSU

  • 13:34 - 22 May

“Keşiş Baqrat son mitinqdə çıxış edərək bildirdi ki, mayın 26-na böyük bir mitinq elan edib. O, əlavə etdi ki, bu, faktiki olaraq, hakimiyyət dəyişikliyi ilə bağlı mitinq olacaq və ad çəkməsə də, hazırkı müxalifət qüvvələrinin onun namizədliyini dəstəkləyəcəyini bəyan etdi”.

Avropa.info xəbər verir ki, bu sözləri Yenicag.az-la söhbətində politoloq Rəşad Bayramov deyib.

O, keşiş Baqrat Srbazanın (Qalstyan – red.) mayın 26-na təşkil etdiyi genişmiqyaslı aksiyadan söz açıb.

R. Bayramovun sözlərinə görə, məsələ burasındadır ki, Ermənistanda hakimiyyət dəyişikliyi üçün nə hüquqi, nə də digər əsaslar mövcud deyil.

“Yəni hakimiyyət dəyişikliyi üçün növbədənkənar seçkilərə gedilməlidir. Çünki Baş nazir Nikol Paşinyanın istefası hələlik Baqrat, yaxud hansısa müxalifət partiyasının gəlməsi demək deyil. Ona görə ki parlament çoxluğu Paşinyanda olduğu üçün bu gün onun istefası halında, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan digər bir şəxs onu əvəzləyəcək”, – deyə o əlavə edib.

Siyasi təhlilçinin qənaətinə görə, Baqratın bu cür bəyanatları, faktiki olaraq, indiyə qədər fiaskoya uğrayan fəaliyyəti yenidən canlandırmaq cəhdidir:

“Baqrat fikirləşir ki, hakimiyyət uğrunda mübarizə çağırışları ilə daha çox kütləni öz ətrafına toplaya, eləcə də, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinə nail ola bilər. Amma bunun üçün belə əsaslar mövcud deyil. Baqratın bu cür fəaliyyətinin, o cümlədən, Rusiyanın və Qərbin “beşinci kolon”unun təzyiqlərinin səbəbi, sadəcə, indiki dönəmdə baş naziri sıxışdırmaq niyyətini özündə daşıyır”.

Onun fikrincə, bu cür aksiyalarla ayrı-ayrı qüvvələr N. Paşinyandan istədiyini almağa və ona təzyiq göstərərək mövqeyini dəyişməyə səy göstərirlər:

“Təbii ki, hakimiyyətin hadisələrə seyrçi qalması, yaxud aksiyaların genişlənməsinə imkan yaratması, nəticə etibarilə, iqtidar üçün baş ağrısına çevrilə bilər. Amma düşünmürəm ki, hakimiyyət aksiyaların daha geniş vüsət almasına imkan versin”.

Qeyd edək ki, Ermənistanın “Hraparak” nəşri keşiş Baqrat Srbazanın 26 may tarixinə mitinq planlaşdırdığı ilə bağlı məlumat yaymışdı. Qəzet əlavə edib ki, bu mitinqdə B. Qalstyan hakimiyyət dəyişikliyinin yol xəritəsini təqdim edəcək və bundan sonra daha aktiv fəaliyyətə başlayacaq.


Oxunma sayı: 2762

Oxşar yazılar